«İlham Əliyev Qəzzafi və Əsədin taleyini yaşayacaq»
Qurban Məmmədov: «Hakimiyyət nə qədər çabalasa da, batmaqda olan gəmini xilas edə bilməyəcək»
Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyası rəsmi Bakıdan siyasi məhbusları azadlığa buraxmağı gözləsə də, hələ ki bu istiqamətdə müsbətə doğru dəyişiklik yoxdur. Hakimiyyət hətta “Amnesty International” kimi nüfuzlu təşkilatın Azərbaycanda 17 vicdan məhbusunun olduğunu elan etməsindən də nəticə çıxarmaq istəmir. Hakimiyyət yetkililəri yenə də ölkəmizdə siyasi məhbus probleminin olmadığını bəyan edir, üstəlik AŞ PA ilə bu mövzuda danışıq tonunu kəskinləşdirir. Konkret olaraq, Səməd Seyidov mətbuata açıqlamasında bəyan edib ki, AŞ PA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı hesabat hazırlamağa ixtiyarı yoxdur. Hakimiyyətin yürütdüyü siyasətlə bağlı söhbətləşdiyimiz tanınmış hüquqşünas Qurban Məmmədov da əvvəlcə məhz bu məqama münasibət bildirdi:
“Qəzzafi də vaxtı ilə meydan oxuyurdu”
– AŞ PA-ya qarşı bu cür münasibət hakimiyyətin səviyyəsindən irəli gəlir. AŞ PA-nın hesabatında göstərilən məqamlar, məlumatlar bütün dünyaya məlum olduğu kimi, xalqa da bəllidir. Azərbaycandakı rejimi xalqa insan kimi yanaşır ki AŞ PA-nın da tələblərinə hörmətlə yanaşsın?! Hesab etməyin ki, müqavimət üçün hakimiyyətin əlində hər hansı təsir riçaqı var, ondan istifadə edərək addımlar atır. Qəzzafi də vaxtı ilə belə danışırdı. Hazırda Bəşər Əsəd də eyni qaydada hərəkət edir. Görünür, diktatorların, qanundan kənar hakimiyyətlərin hamısının mübarizə üsulu eyni olur. Onlara doğru yol göstərmək istəyənlərə belə cavab verirlər. Azərbaycanda normal hakimiyyət yoxdur. Cinayətkar bir qrup hakimiyyəti ələ keçirib. Ondan qanuna, məntiqə uyğun cavab gözləməyə dəyməz.
“Hakimiyyət batmaqda olan gəmini xilas edə bilməyəcək”
– Son günlər gündəmdə olan məsələlərdən biri də Ziyalılar Forumuna qarşı aparılan kampaniyadır. Səslənən ittihamlardan biri ondan ibarətdir ki, guya bu Forumda təmsil olunanlar anti-milli qüvvələrə xidmət edirlər. Bu barədə nə deyərdiz?
– Bir müddət sonra Rüstəm Ibrahimbəyovun Amerikanın agenti olduğu, Rafiq Əliyevin Xəzər dənizinin altından Əfqanıstana tünel çəkib Azərbaycanın neftini oğurladığı haqda bəyanatlar eşitsəniz təəccüblənməyin. Bu rejimdən hər şeyi gözləmək olar.
Amma fikrimcə, bu, çox gecikmiş addımdır. Hazırda bu millət yarımcandır. Bu baxımdan vaxtında hər şeyi etsəydilər problem bu qədər dərinləşməzdi. Amma hər halda gec də olsa, Azərbaycanın bir qrup ziyalısının bu cür təşəbbüsü təqdirəlayiqdir. Bu insanların mövqeyi cəmiyyətə, beynəlxalq aləmə təsir edir. Bu təsiri də azaltmaq üçün indiki cinayətkar rejim belə mövqe tutub. Lakin bütün bunlar səmərəsiz tədbirlərdir. Hakimiyyət nə qədər çabalasa da, batmaqda olan gəmini xilas edə bilməyəcək.
“Azad vicdan sahibləri avtoritar rejimlərə böyük təhlükədir”
– Ziyalılar Forumunda iştirak etdiyinə görə Rafiq Əliyevi işdən uzaqlaşdırdılar. Guya o, kafedra müdri olarkən vəzifə səlahiyyətlərini icra etməyib. Amma xeyli sayda millət vəkili və rəsmi şəxslər var ki, kafedra müdiri olsalar da, illərlə heç təhsil ocaqlarına baş çəkmirlər…
– Adolf Hitlerin Ronel Roland adlı bir düşməni olub. Bu adam Hitlerə qarşı mübarizənin önündə gedib, sözün deyib. Həmin şəxs bir müddət Avstriyada gizlənib. O zaman yazıçı Stefan Sveyq Hitlerin düşməni haqqında belə bir cümlə yazmışdı: «Bütün dünyanı qarşısında diz çökdürən güc azad vicdan qarşısında aciz qalmışdı».
Bütün diktorlar və avtoritar rejimlər üçün müstəqil şəxslər, azad vicdan sahibləri ən böyük təhlükə təşkil edirlər. SSRI kimi böyük dövlət Saxarovun adından qorxur, Soljenitsının adı gələndə diksinirdi. Çünki bu adamlar azad vicdan sahibləri idi, düz sözü deməkdən çəkinmirdilər. Rejimdən heç bir umacaqları yoxdur, madiyyatdan asılı deyillər. Azərbaycanda da bu cür ziyalılar var. Raifq Əliyev də sözün əsl mənasında əsl ziyalıdır və onun sözü, mövqeyi Rolandın Hitler üçün yaratdığı təhlükəni hazırkı rejimə yaradır. Rafiq Əliyev özünün varlığı, duruşu, davranışı ilə bu təhlükəni yaradır. Hakimiyyət bütün bunlardan qorxmasın, neyləsin? Hakimiyyət baş verənlərə potensial təhlükə kimi baxır.
“Bunların niyyəti qazanmaq və daha çox qazanmaqdır”
– Ölkədə çoxlu sayda sosial problem yaşanır. Vətəndaşlar evlərinin uçurulmasından tutmuş, işıq, qaz və suyun yoxluğuna kimi ən müxtəlif problemlərlə əlaqədar narazılıqlarını ifadə edirlər. Havaların azacıq soyuması, bir dəfə qar yağması bəs elədi ki, paytaxtın belə qışa hazır olmadığı üzə çıxsın. Bütün bunlar deməyə əsas verirmi ki, ölkə idarə olunmur?
– Mənim Novxanıda bağım var. On ildir ki, orada qaz yoxdur. Çox təəccüblü bir şeydir: Novxanının üzərindən qazı aparıb xaricə satırlar, amma buranın özündə qaz yoxdur. Bu bir cinayətkar psixologiyasıdır. Azərbaycan hakimiyyəti cinayətkar rejimin əlindədir. Bu rejim öz cinayətkar əməllərini referendum, seçkilər vasitəsilə gizlətməyə çalışır. Azərbaycan məhkəmələrində özbaşnalıq, rüşvətxorluq baş alıb gedir. Qanun qarşısında bərabərlik prinsipi pozulur. Dövlətdə inzibati intizam mənfinin alıtndadır. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan idarə olunmur. Amma bu bizə belə gəlir. Azərbaycan cinayətkar psixologiyasına uyğun olaraq idarə olunur. Azərbaycan bölünərək hər region bir məmura verilib. Ticarət sahələri də müxtəlif məmurlar arasında bölünüb. Hər yerdə inhisarçılıq, özbaşnalıq var.
Hakimiyyətə yaxın bir məhşur tikinti şirkəti ilə bağlı materiallar toplayıram. Tikinti şirkətlərinin arxasında hakimiyyət nümayəndələri dayanır. Əgər belə olmasaydı, onların hamısı həbs olunmalı idi. Vətəndaşların evləri normal kompensasiya verilmədən sökülür. Insanlar bu zaman alçaldılır, təhqir edilir. Mənim özümüm də yaşadığım 5 saylı xəstəxana ilə üzbəüz binada da belə bir problem yaşanır. Bunun da yeganə səbəbi odur ki, hakimiyyət cinayətkar qrupların əlindədir. Onları xalqın mənafeyi maraqlandırmır. Adi bir şeyi deyim. Tikinti bumunun əvvəlində vətəndaşlara kvadrat metrə görə 3000-4000 dollardan pul verilirdi. Bu məbləğın azaldılmasında Ilham Əliyevin birbaşa xidməti var. Ilham Əliyev televiziyadan «Qış bağının» salınması ilə bağlı veriləcək kompensasiyalara münasibət bildirəndə bəyan etdi ki, 1500 manat pis vəsait deyil. Ona görə bu məbləğ hər bir söküntüyə şamil edilməyə başladı. Ilham Əliyev öz dili ilə sosial narazılığın artmasına yol açdı. Bu, bir daha göstərir ki, bu insanlar xalq tərəfindən seçilməyiblər. Onların niyyəti qazanmaq və daha çox qazanmaqdır.
“Dua edirəm ki, Ilham Əliyev üçüncü dəfə namizədliyini versin”
– Ilham Əliyev belə bir açıqlama verib ki, növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi barədə düşünməyib. Sizcə bu bəyanatda o, nə dərəcədə səmimidir. Və əgər Ilham Əliyev namizədliyini verməsə, bu, hakimiyyət daxilində qruplaşmalar arası savaşın qızışmasına səbəb ola bilərmi?
– Bu, mənim üçün müzakirə predmeti deyil. Amma burada səmimiyyətdən söhbət gedə bilməz. Digər tərəfdən mən Allaha çox dua edirəm ki, o, üçüncü dəfə namizədliyini versin və sonda Qəzzafinin taleyini yaşasın. O ki, qaldı əgər Ilham Əliyev namizədliyini irəli sürməsə, qruplaşmalar arası savaş başlayacaq, bu real deyil. Bu rejimdən sonra hakimiyyətə mütləq demokratik qüvvələr gələcək. Ilham Əliyevin ətrafında qruplaşmadan söhbət gedə bilməz. Qruplaşmalar şəxsiyyətlərin ətrafında olur. Bütün bu adamlar üzüm salxımından sallanan gilələrdir. Salxım qopandan sonra onlar yerə düşərək pərəm-pərəm olacaqlar. Hesab etmirəm ki, bu rejimdən sonra bu iqtidarla bağlı olan hər hansı adam hakimiyyətə gələ bilsin.
“Ilham Əliyevin hər hansı islahata gedəcəyinə inanmıram”
– Bəs hakimiyyətin daxilində Ilham Əliyevi devirməyə fürsət gözləyən qüvvələr ola bilərmi?
– Mən MTN-in əməkdaşı deyiləm. Bu barədə məlumatım yoxdur. Amma siyasi prosesləri izləyən və rejimin mahiyyətinə bələd olan bir adam kimi deyə bilərəm ki, bu hakimiyyətin devrilməsi üçün çalışan heç bir qrup ola bilməz. Hakimiyyətə real təhlükə xalqdan və müxalifətdən gələ bilər.
– Qəzzafinin, Əsədin başına gələndən hakimiyyət nəticə çıxarıb islahatlara gedə bilərmi, yoxsa iqtidar daha da aqressivləşəcək?
– Mən Ilham Əliyevin hər hansı islahata gedəcəyinə inanmıram. Çünki hakimiyyətin korrupsiyaya qarşı mübarizəsi yalnız üç ay çəkdi. Çünki Ilham Əliyev elə siyasətçi deyil. Maraqlı məqam odur ki, nəyə görə diktatura rejimləri baş verənlərdən nəticə çıxarmırlar. Gəldiyim nəticə odur ki, diktatorlarda elə xasiyyət formalaşır ki, onlar tutduqları yoldan dönə bilmirlər. Belə bir misal var. «Bütün siyasətçilərin bir eybi var. Onlar siyasətdən getmənin dəqiq vaxtını müəyyən edə bilmirlər». Ona görə də demokratiya kəşf olunub və seçilməklə bağlı məhdudiyyətlər qoyulub. Alimlər kəşf ediblər ki, insanlar özləri hakimiyyətdən, diktaturadan əl çəkə bilməzlər. Bu baxımdan Ilham Əliyevin geri çəkilmək fikri yoxdur. O, da Qəzzafi və Əsədin taleyini yaşayacaq.
Hikmət