Məhkəmə yenə ədalətsizliklə başladı; müdafiə tərəfin heç bir vəsatəti təmin edilmədi
İlk iclasdan məhkəmə prokurorun mövqeyinə uyğun qərarlar verdi
Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan gənc fəallar – Ülvü Quliyev, Elnur Məcidli, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin apelyasiya şikayəti üzrə dünən məhkəmə prosesi başlayıb.
XXI əsrdə bu cür davranış yolverilməzdir
Hakim Abid Abdinbəyovun sədrlik etdiyi məhkəmə prosesində Elnur Məcidlinin vəkili Əsabəli Mustafayev gənc fəalların dəmir barmaqlıqlar arxasından çıxarılaraq, müdafəçilərə yaxın əyləşdirilməsi barədə vəsatət qaldırdı: “XXI əsrdə yaşayırıq, insanları dəmir barmaqlıqlar arxasında əyləşdirmək olmaz. Bu hərəkət insan ləyaqətinin alçaldılması kimi qiymətləndirilir”.
Vəsatətə münasibət bildirən hakim dedi ki, Azərbaycan məhkəmələrində dəmir barmaqlıqların ləğvi istiqamətində iş gedir. Amma hələ ki, Bakı Apelyasiya Məhkəməsində belə bir şərait yoxdur.
Gənc fəal Əhəd Məmmədli bildirdi ki, müdafiəçilərinin yanında əyləşə bilərlər. Lakin hakim vəkillərin yanında yer olmadığını dedi.
“Vəkillərin müvəkkillərinə yaxın olmaları vacibdir. Əks halda, müdafiə hüququ pozulur, biz burada müdafiəni him-cimlə qurmaq məcburiyyətində qalırıq” – bunu isə Əhədin vəkili Yalçın Imanov məhkəmənin nəzərinə çatdırdı.
Dövlət ittihamçısı Ehtiram Baxşəliyev vəsatətin təmin olunmamasını istədi. Hakim bildirdi ki, dustaqların məhkəmə zalında saxlanılması barədə təlimat var. Təlimata uyğun olaraq da dustaqların təhlükəsizliyinə “konvoy” nəzarət edir.
Hakim bu məsələni “kanvoyun” rəisilə müzakirə edəndə vəkil Yalçın Imanov etirazını bildirdi. Dedi ki, hakimin bu məsələni “konvoyla” müzakirə etməsi qanunsuzdur. Buna baxmayaraq, hakim müzakirələrdən sonra vəsatətin təmin edilməməsi barədə qərar çıxardı.
Protokollarla tanışlığa imkan verilməyib
Vəkil Osman Kazımov çıxışında bildirdi ki, müdafiəçisi olduğu Ülvi Quliyev polisə müqavimət göstərməyib. Bu faktın videogörüntülərdən də aydın göründüyünü deyən vəkil dedi ki, bu səbəbdən apelyasiya şikayətinə məhkəmə istintaqı aparmaqla baxılması, sübutların araşdırılması vacibdir.
Qeyd edək ki, Osman Kazımov həm də Rüfət Hacıbəylinin hüquqlarını müdafiə edir. Vəkilin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsində Rüfətə protokollarla tanış olması üçün şərait yaradılmayıb. Odur ki, müdafiəçi məhkəmənin gedişində Rüfət Hacıbəylinin protokollarla tanış olması üçün şərait yaradılmasını istədi. Hakim buna razılıq verdi.
Məhkəmə zalındakı çəkilişlər niyə iş materiallarına əlavə olunmur?
Vəkil Yalçın Imanovun bir neçə vəsatəti oldu. Əvvəlcə o, Əhəd Məmmədlinin barəsindəki cinayət işinə xitam verilməsini istədi. O bildirdi ki, Əhədə Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə iştirak) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham verilsə də, o, bu əməllərin heç birini törətməyib.
Vəkilin digər vəsatəti Əhəd Məmmədlinin barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəz edilməsi barədə oldu: “Əhəd Məmmədlinin ibtidai istintaq və birinci instansiya məhkəməsi dövründə həbsdə saxlanması onun şahidlərə təsir göstərmək ehtimalıyla əsaslandırılıb. Şahidlər birinci instansiya məhkəməsində dindirilib. Əhəd Məmmədlinin həbsdən azad edilməsi üçün heç bir maneə qalmır”.
Bundan başqa, vəkil apelyasiya şikayətinə məhkəmə istintaqı aparmaqla baxılmasını istədi. Bildirdi ki, işin hərtərəfli araşdırılması üçün birinci instansiyada müdafiə tərəfin qaldırdığı vəsatətlərin böyük əksəriyyətini hakim Şahin Abdullayev təmin etməyib. Vəkilin sözlərinə görə, ibtidai istintaq da qərəzli aparılıb.
Vəkil həmçinin məhkəmə prosesinin videolentə alınması haqda vəsatət qaldırdı. Bundan başqa, məhkəmənin nəzərinə çatdırdı ki, Əhəd 2 aprel mitinqində iştirakına görə əvvəlcə 7 sutka inzibati həbs cəzası alıb, sonradan barəsində cinayət işi başlanıb. Halbuki, eyni əmələ görə 1 nəfərin iki dəfə cəzalandırılması qanunsuzdur.
Elnur Məcidlinin vəkili Əsabəli Musatafayev də müvəkkilinin barəsindəki həbs-qətimkan tədbirinin başqa yerə getməmək qətimkan tədbirilə əvəz olunmasını istədi. Məhkəmə iclas zalında quraşdırılmış videokameralarla bağlı məqama toxunan vəkil təklif etdi ki, bu iş üzrə çəkilişlər iş materiallarına əlavə olunsun, müdafiə tərəfi də həmin çəkilişlərdən istifadə etsin.
Məhkəmə və prokuror sübutların araşdırılmasına ehtiyac görmür
Vəsatətlər dinlənildikdən sonra prokuror Ehtiram Baxşəliyev münasibət bildirdi və onların təmin olunmamasını istədi. Dövlət ittihamçısı apelyasiya instansiyasında məhkəmə istintaqının aparılmasına, sübutların araşdırılmasına da ehtiyac duymadı.
Abid Abdinbəyovun sədrlik etdiyi hakimlər kollegiyasının vəsatətlərlə bağlı qəbul etdiyi qərar prokurorun mövqeyinə uyğun oldu.
Iş üzrə məhkəmə baxışı dekabrın 1-nə təyin edildi.
Aytən Məmmədova