Mahal İsmayıloğlu: «Bu müraciət hazırlananda Ramiz Mehdiyevin yanında müzakirə olunur»
Akademik Rafiq Əliyevə qarşı başlanan kampaniyada hakimiyyət ənənəvi üsullarından istifadə edir. Ali məktəb müəllimləri, akademiklərin Rafiq Əliyevi pisləyən bəyanatları hakimiyyət mətbuatını bəzəyir. Məzmun və formaca eyni müraciətlərin bir mərkəzdən idarə edilməsi də şühbə doğurmur. Bir məqamı da qeyd etmək yerinə düşər. BDU müəllimlərinin akademiki pisləyən bəyanatı bir neçə gün əvvəl “Azərbaycan” qəzetində Ixtiyar Hüseynli imzası ilə dərc edilən yazıdakı fikirlər sözbəsöz eyni olub. Bu isə onu deməyə əsas verir ki, bu şəxslərin imzaladığı mətnlər də onlara hazır formada verilir. Bəs ümumilikdə bu proses necə həyata keçirilir və bunu kimlər təşkil edir? “Xalq qəzeti”nin keçmiş baş redaktoru, vaxtilə bu proseslərdən birbaşa xəbərdar olan Mahal Ismayıloğlu hakimiyyətin “zəhmətkeş müraciətləri” tipli kampaniyasının tərəflərini açdı.
“Bu müraciətlərin qara fəhləliyini qəzetdəki jurnalistlər edir”
– Hakimiyyət qəzetlərində gedən və hədəfə alınmış şəxsləri qaralamaq məqsədi daşıyan eyni məzmunlu müraciətləri bir qayda olaraq kimlər hazırlayır?
– Bunun Prezident Administrasiyasında hazırlanması təcrübəsi yoxdu. Adətən, bu cür müraciətlərin qara fəhləliyini qəzetdəki jurnalistlər yerinə yetirir. Öncə müraciətin hazırlanması həvalə olunan adam birbaşa Ramiz Mehdiyevin yanına dəvət olunur. Orda o, öz tövsiyyələrini verir və bu müraciəti hazırlayan adam da maksimum çalışır ki, hakimiyyətin baş ideoloqunun fikirləri orada geniş əhatə olunsun. Sonrakı mərhələdə artıq bu müraciət hazırlananda bir daha Ramiz Mehdiyevin yanında müzakirə olunur. Orda əlavələr, hansısa dəyişikliklər aparılır. Araya-ərsəyə gələndən sonra imzalanmağa göndərilir. Bunun bəzi məqamları var. Hər bir jurnalist çalışır ki, Ramiz Mehdiyevin fikirləri orda maksimum yerbəyer olsun. Hətta mən o müraciətləri oxuyanda maraqlı məqamla rastlaşırdım. Az qalırdım orda o fikirləri tam seçəm, altından da imzanı yazım ki, bu cümlə, bu fikir filankəsə məxsusdu. Yəni formaca o qədər tanış olurdu.
“Bu adamları rüşvət birləşdirir”
– Imzalanmaya gedəndə imtina edənlərə münasibət necə olurdu?
– Bununla bağlı təcrübə var. Yadınızdadırsa, indi Ictimai televiziyanın rəhbəri olan Ismayıl Ömərovun müxalifəti aşağılayan, onu rüsvay etməyə hesablanan məşhur silsilə verilişləri var idi. Təbii ki, o verilişlərdə heç kim iştirak etmək istəmirdi. Xüsusən də müxtəlif strukturlarda çalışmış adamlar adlarının bu rakursda hallanmasına qarşı idi. Dərhal onlara qarşı ənənəvi təzyiq vasitələri işə salınırdı. Əgər kimsə hardasa işləyirdisə, ona cinayət işi qaldırmaq, sıxmaq, boğmaq, yaxın qohumlarını, ətrafını hədələmək yolunu seçirdilər. Insanı məcbur etmək üçün çıxış yolu qoymurlar. Indiki müracitlərin xarakteri, təbiəti bir qədər fərqlidir. Bunun altında hakimiyyətdən müstəsna imtiyazlar almayan alimlər qol çəkirlər. Onların müraciət etməsi üçün də eyni rıçaqlar işə düşür. Iş, nüfuz, karyera məsələsi var. Bir də ki, bunlar üçün bir ortaq məxrəc var. Heç kimə sirr deyil ki, bütün ali məktəblərdə korrupsiya, rüşvət var, tələbələrdən pul yığılır. Bu, epidemiya kimi bütün Azərbaycan təhsilini bürüyüb. Həmin müəllimləri, özünə ziyalı deyənləri eyni günahla birləşdirən məsələlərdən biri də məhz rüşvətdi. Həmin günahları onun üzünə oxuya bilərlər. Onların qazanc yerini kəsə bilərlər. Bu, məcburetmə metodlarından biridir. Kimsə tamam imtina etsə, bunun üçün də kifayət qədər təcrübə var. Imtina edib, imza atmağı rədd edən adamlar uzun müddət görk üçün ortaya qoyulur və ona təzyiqlər sıralanır.
– Artıq müraciətlər cəmiyyətdə istənilən effekti vermir. Hər kəs bunun sifarişlə həyata keçirildiyini bilir. Belə olan halda buna nə ehtiyac var?
– Onsuz da adamlar buna ironiya, nifrətlə yanaşırlar. Çünki bu cür müraciətlər o qədər təkrarlanıb, çeynənib ki, yaxşı qəbul edilmir. Amma başqa bir tərəfi var. O imza atanlar üçün geriyə qayıdan yol bağlanır. Onlar daha pis şəkildə, rəzil bir formada hakimiyyətin ətəyindən yapışırlar, onun qarşısında çökürlər. Onların cəmiyyətlə təmas nöqtələri qırılır. Təbii ki, onlar da insandı. Ölkədəki haqsızlıqdan, naqislikdən gileylənirlər. Amma bu cür müraciətlərdən sonra onların artıq protestant olmaq yolu bağlanır. Onların cəmiyyətdən nə isə ummaq, sözünü keçirmək üçün yolu bağlanır. Bu müraciətlərin ikinci bir effekt buna hesablanıb.
“Məşhur Lissabon şousu cəmi üç-dörd mətn üzərində qurulmuşdu”
– Bu kimin təcrübəsidi?
– Bu müraciətləri ortaya çıxarmaq bu hakimiyyətin təcrübəsi deyil. 70-80-ci illərdə sovet ənənəsi var. Xüsusən Qorbaçovun dövründə kütləvi şəkildə zəhmətkeşlərin yenidənqurmaya qarşı çıxanları qəzəblə qarşılaması ilə bağlı saysı-hesabsız nümunələr var idi. Eynən Saxarovu lənətləyən böyük kampaniya oldu. Guya hansısa ictimaiyyət nümayəndələri kommunist ideologiyasının havası ilə Saxarovu lənətləyirdi. Digər dissident yazıçılara qarşı da kampaniyalar yadımdadır. Onlar ölkənin o dövr üçün çox nüfuzlu qəzetləri olan “Pravda”, “Izvestiya”, “Literaturnaya qazeta” kimi qəzetlərin səhifələrinə çıxırdı. Bunlar tarixi nümunələrdi. Amma Azərbaycan hakimiyyəti bir şeyi unudur ki, sovet dövründən fərqli olaraq indi belə bir ənənədən yararlanmaq çox iyrənc görünür. Ən azı sovet ideologiyası, sovet hökumətinin özünəməxsus təsərrüfat, idarəetmə sistemi var idi. Kürəyini söykəyə biləcək oktyabr inqilabı, ikinci dünya müharibəsindəki qələbə var idi ki, bu nağıllar onu ayaq üstə dayanmağa qoyurdu. Amma Azərbaycan hakimiyyəti nəyə söykənir? Sosialist ideologiyasını qətiyyən rədd edən bir quruluşda yaşayırıq. Amma idarəetmə metoduna bu cür yanaşmalar sırf sosialist xarakterlidi. Bu özü hakimiyyəti çox gülünc vəziyyətdə qoyur. Onun son dayaqlarını sarsıdır. Insanlar buna keçmişin acı xatirəsi kimi baxırlar. Bunu görəsən dövlət başçısı, o aparatda işləyən adamlar görmürmü? Maraqlı burasındadır ki, dövlət aparatının özündə də protestantlığa yol bağlanıb. Kiminsə də etiraz etmək hüququ əlindən alınıb. Əgər kimsə cəsarət edib Ramiz Mehdiyevə desə ki, Ramiz müəllim, bu üsullar effekt vermir, ona qarşı yönələn cəza daha amansız, sərt olur. Bu təcrübənin də şahidi olmuşam ki, kiminsə bu cür müraciət forması ilə cəmiyyəti inandırmaq ənənəsi çox pis qarşılanır. Məşhur Lissabon sammitindən sonra toy-bayram şousu yaratmışdılar. Düz dörd ay zəhmətkeş müraciətləri qəzetləri bəzədi. Artıq iyrənc həddə çatmışdı. Əslində cəmiyyət nə olduğunu anlamırdı. Ən mütləq prinsiplərindən biri o idi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü inkar etmişdi. Bu məsələ elə Ermənistanın etirazına görə qəbul olunmamışdı, Lissabon sammitinin gündəliyindən çıxarılmışdı. Əvəzində isə heç kimin yadına düşməyən, heç bir hüquqi statusu olmayan bir formada Heydər Əliyev buna veto qoymuşdu. Gülünc bir şey idi. Çox adamlar o vaxt bizə müraciət edirdi ki, bəlkə üstünü açmırlar, Lissabonda Qarabağı bizə veriblər, hakimiyyət bunu gizlədir. Doğrudan da ortada heç nə yox idi. Amma düz dörd ay bu Lissabon şousu davam etdi. O vaxt o müraciətlər cəmi üç-dörd mətn idi. Sadəcə olaraq başlıqlar dəyişirdi. Eyni mətn həm Tovuzdan, həm Xaçmazdan gəlirdi, başqa mətn həm Qazaxdan gəlirdi, həm Gəncədən. Eyni mətni utanmadan, çəkinmədən hamı köçürüb göndərirdi. Axırda gördük bunu dayandırmaq mümkün deyil. Müxtəlif dövrlərdə olan mətnləri yanaşı qoydum, dedim axı bunlar hamısı nöqtə-vergülünə kimi bir-birinin təkrarıdı. Bəlkə bunları dayandıraq. Yalnız buna əmin olandan sonra belə vasitə ilə biz o Lissabon şousunu dayandırmağa nail olduq.
Fizzə