«Azərbaycan xalqı artıq bu cür saxta şouları qəbul etmir»
Eldar Namazov: «2003-cü ildə Heydər Əliyev mənə müracəit edərək əvvəlkindən daha yüksək vəzifə tuta biləcəyim mesajını vermişdi»
Hakimiyyət Ziyalılar Forumuna qarşı başladığı 37-ci illər ab-havasına uyğun “təbliğatını” davam etdirir. Iki gün öncə Ziyalılar Forumuna etiraz edən mülləm kəsiminin sıralarına Neft Akademiyasını da qoşdular. Bu təhsil ocağından 7 kafedra müdiri Ziyalılar Forumuna və konkret olaraq Rafiq Əliyevə qarşı bir sıra ittiham irəli sürüblər. Kampaniyada əsas hədəflərdən biri də Ziyalılar Forumunun üzvü Eldar Namazovdur. Müsahibəmizin bu dəfəki hissəsində E.Namazov konkret özünə ünvanlanan ittihamlara cavab verib.
– YAP-ın rəsmi qəzeti olan “Yeni Azərbaycan” qəzetində konkret fərd olaraq sizi də hədəfə alıblar. Qəzet iddia edir ki, Ziyalılar Forumunun işini təşkil etməklə siz xaricdən gələn sifarişləri icra edirsiniz.
– Bu, dünyada çoxdan ifşa olunmuş üsullardır. Xarici təşkilatların Azərbaycan QHT-ləri ilə əməkdaşlığı nəticəsində alınan qrantlar cəmiyyətə açıqdır. Digər tərəfdən, Azərbaycana gələn qrantların 95 faizi dövlət strukturlarına gəlir. Yalnız bu qrantların 5 faizi vətəndaş cəmiyyətinin payına düşər. Amma bir məqamı da nəzərə almaq lazımdır ki, elə Ziyalılar Forumuna qarşı sərt bəyanatlarla çıxış edən şəxslər elə həmin qrantların hesabına xaricdə müəyyən təcrübə proqramları keçirlər, tədqiqatlar aparır, elmi məqalələr yazırlar. Qrantların 95 faizinin dövlətə, 5 faizinin isə vətəndaş cəmiyyətinə getdiyi halda bunu əldə bayraq edib ziyalılara, hüquq müdafiəçilərinə, QHT nümayəndələrinə qarşı təbliğat aparmaq mənasız siyasətdir. Ona görə də ortada Azərbaycan cəmiyyətinin bu cür “kampaniyalara” qarşı sərt təpkisi yaranıb.
Bu insanları Azərbaycan xalqını, cəmiyyətini hansı təhlükəli proseslərə sürüklədiklərini anlamırlar.
Xalq saxta şouları qəbul etmir
– Başqa bir ittihamda deyilir ki, siz, xaricdəki güc mərkəzlərinin mövqelərinə uyğun olaraq fəaliyyət göstərirsiniz. Anti-milli qüvvələrin Qarabağla bağlı planlarının reallaşmasına yardımçı olmuş olursunuz.
– Ziyalılar Forumuna qarşı aparılan kampaniyada konkret məntiqə söykənən fikir yoxdur. Iqtidaryönlü mətbuatda demək olar ki, cəmiyyətin bütün spektiri hədəfə alınır. Hüquq müdafiəçiləri, siyasilər, ziyalılar kampaniyanın predmetinə çevrilirlər. Bu məntiqsiz ittihamlara cavab verməyə ehtiyac duymuram. Azərbaycan qloballaşan dünyada yerləşir. Hər gün Azərbaycana dünyanın müxtəlif yerlərindən rəsmi və qeyri-rəsmi qonaqlar gəlir. Hakimiyyətin xarici diplomatlarla görüşdüyü, müxtəlif sənədləri imzaladığı bəyan olunur. Bütün bunların fonunda Azərbaycan ziyalılarının necə beynəlxalq aləmlə əməkdaşlıq etməyə bilərlər?. Burada niyyət əsasdır. Əgər Azərbaycan ziyalıları deyirlər ki, ölkədə milli birlik, barışıq istəyirik, bu yanaşmanın hansı Azərbaycan xalqının maraqlarına ziddir. Ona görə bu cəfəngiyat kampaniyasına vaxt itirməyə dəyməz. Son illər Azərbaycan xalqı bu cür saxta şouları ümumiyyətlə qəbul etmir.
Artıq toplumda bu cür təbliğata qarşı immunitet yaranıb və bu cür kampaniyalar həmişə əks nəticə verir.
Heydər Əliyev istefa ərizəmə 25 gün imza atmadı
– Məqalədə eyni zamanda sizə qarşı müəyyən təhqirlərə də yol verilib. Guya siz siyasi komandaya xəyanət etdiyinizə görə vəzifənizdən uzaqlaşdırılmısınız. Bundan başqa, guya siz 2005-ci il seçkilərində qeyri-əxlaqi təbliğat aparmısınız?
– Əslində mən bu mənasız açıqlamalara geniş şərh verməyi ehtiyac duymuram. Amma həmin yazıda daha çox iki məqam qabardılıb. Birincisi mənim vaxtı ilə Heydər Əliyevlə işlədiyim dövrlə bağlıdır. Ikinci məqam iştirak etdiyim 2005-ci il parlament seçkisi ilə bağlıdır. Həmin məqaləni yazan şəxslərin diqqətinə bir sıra məqamları çatdırmaq istəyirəm. Mən istefa ərizəmi yazanda təxminən 25 gün dövlət başçısı Heydər Əliyev ona imza atmadı. Ikincisi, mən 99-cu ildə könüllü istefaya gedəndən sonra 2003-cü ildə Heydər Əliyevin tapşırığı ilə vəzifəli şəxslər mənə müraciət edib onun təklifini nəzərimə çatdırdılar ki, əvvəlkindən daha yüksək vəzifə tuta bilərəm. Eyni zamanda mənə bildirdilər ki, “yox” cavabı çox mənfi qarşılanacaq. Həmin insanlara çatdırdım ki, mənim öz yolum var. Həmin yolda nə indi aparılan siyasət, nə də indiki komanda ilə üst-üstə düşür. Mənimlə həmin danışıqları aparan adamlar indi də vəzifə sahibləridir. Bu təklifdən imtina edəndən sonra mənə qarşı hakimiyyət mətbuatında geniş kampaniya da başladı. Əgər Heydər Əliyev bilməsəydi, şəxsi və işgüzar keyfiyyətlərim nə səviyyədədir o, mənə dörd il sonra daha yüksək post təklif etməzdi.
Parlament seçkilərinə gəlincə, mənim seçkidə xalq tərəfindən hansı dəstəyi almağımı Avropa Məhkəməsi də təsdiqlədi. Seçkidə qalib gəldiyimi sübut edən prtokolları Avropa Məhkəməsinə təqdim edəndən sonra hökumət məhkəməyə 3 dəfə məktubla müraciət etdi. Birinci məktubda barışıq və kompensasiya verilməsi təklif olundu. Mən bundan imtina etdim. Ikinci məktubda qeyd olundu ki, mənim işimdə AXCP funksioneri Nemət Əliyevin işi ilə bağlı müəyyən oxşarlıq var. Nemət Əliyevlə bağlı məhkəmə hökmü məlum olandan sonra ikinci məktubda artıq Azərbaycan hökuməti etiraf edirdi ki, prosesi uduzcaq. Nəhayyət, üçüncü məktubda Azərbaycan hökuməti Avropa Məhkəməsinə bildirdi ki, biz etiraf edirik ki, Eldar Namazovun hüquqları pozulub, pozuntuları aradan qaldırmaq, pozuntuya yol verən insanları cəzalandırmaqla bağlı öhdəlik götürürük. Təkcə mənim yox bir neçə başqa şəxslərin də işi ilə bağlı məktublar getdi. Ilk dəfə idi ki, Azərbaycan hökuməti Avropa Məhkəməsi qarşısında hələ məhkəmənin qərarı olmadan öz uduzduğunu və müraciət edən adamın haqlı olduğunu etiraf edirdi. Ona görə bu cür cəfəngiyat təbliğat aparmaqla cəmiyyəti çaşdırmaq mümkün deyil. Bizim üçün əsas məsələ odur ki, Ziyalılar Forumu cəmiyyətin mövqeyini ifadə edir və bu mövqe toplum tərəfindən dəstəklənir. Bu Azərbaycanın həm dövlətçilik, həm də milli maraqlarına uyğundur. Bizə qarşı kampaniya aparan insanların məqsədi gündəmi dəyişməkdir.
Bu gündəliyi fəardlərin üzərinə keçirməkdir. Bu əslinə qalsa, ziyalılara qarşı təzyiq mexanizmidir. Azərbaycana ədalət, hamının hüquqlarını təmin edən bir sistem, milli birlik lazımdır. Ziyalıların bu mövqeyi gündəmdə olmalıdır. Saxta ittihamlara vaxt itirməyə dəyməz.
Işıq gələn yerə daş da ata bilərlər
– Hakimiyyətin indiyə qədər yürütdüyü siyasətin mahaiyyətindən irəli gələrək demək olar ki, Ziyalılar Forumuna qarşı təzyiqlər artan xətlə hələ bir müddət davam gedəcək. Bu təzyiqlərin nəticəsi olaraq şərlənmənin, hətta bəzi şəxslərin həbs olunması da istisna deyil. Bu məqamları gözünüzün qarşısına almısınızmı?
– Bu haqda bizim bir sıra görkəmli ziyalılarımız da mövqe bildiriblər. Bu mövqe də ondan ibarətdir ki, ziyalılar həmişə bilməlidir ki, işıq gələn yerə daş da ata bilərlər. Əsas odur ki, bizim mövqeyimiz xalqın maraqlarına uyğun olsun. Buna qarşı məlum qüvvələrin nə deyəcəyi mənim və başqa ziyalılar üçün ikinci dərəcəlidir.
Xəyal Şahinoğlu



