Bələdiyyə seçkisində YAP solosu

Seçkilər formal xarakter daşıyır; Ümid, Ədalət və BQP adından da YAP çıxış edir

Hətta yeni seçki keçirilən bələdiyyələr uğrunda belə yarışma gözlənilmir

Noyabrın 30-da Azərbaycanda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçiriləcək. 330 bələdiyyəyə 464 yeni üzvün seçilməsi 86 seçki dairəsi üzrə 1134 seçki məntəqəsində səsvermənin təşkilini şərtləndirir. Yada salaq ki, 2009-cu ildə keçirilən seçkidə Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə 33 seçki məntəqəsi üzrə nəticələr ləğv edilmiş, 9 bələdiyyəyə keçirilən seçkinin nəticələri etibarsız sayılmışdı. Ötən 2 il müddətində yeni seçilmiş bələdiyyə üzvlərindən vəfat edən, yaxud hər hansı səbəbdən bu orqandan kənarlaşanlara görə indiki seçkilərin əhatə dairəsi də bu qədər genişlənib. Əgər MSK, vəd etdiyi kimi, 2009-cu ildə keçirilmiş seçkidə səsvermənin nəticələri etibarsız sayılan bələdiyyələr üzrə növbəti 3 ay ərzində təkrar seçki keçirsəydi, bəlkə də əsl seçki yarışması baş tutardı. Hazırkı vaxtda isə seçkilərin taleyi səsvermədən qabaq həll olunduğundan, hansısa maraqlı mübarizədən danışmağa dəyməz. Heç nə yox, mənasız bir tədbirə görə çölə tökülən büdcə vəsaitinə adamın heyfi gəlir…

50 min manatlıq üzv

Maraqlı vəziyyət yaranıb: Imişli bələdiyyəsinə 1 yeni üzv seçilməlidir. Bundan ötrü 2 ay müddətində 15 seçki məntəqəsi üzrə MnSK-lar tam tərkibdə fəaliyyət göstərməli, həmin məntəqələrdə səsvermə həyata keçirilməlidir. MnSK-ların 6 nəfər üzvü olduğunu nəzərə alsaq, deməli, 90 nəfərə 2 aylıq əmək haqqı ödənilməlidir (bu məbləğ 25 min manatdan az deyil). Üstəlik, ortada rabitə, nəqliyyat, minlərlə seçki bülleteni və MSK-nın təlimatına uyğun hazırlanan seçki sənədlərinin nəşr xərcləri, lampa və boya alınmağı, “və sair xərclər” də var (çox güman ki, həmin xərclər də ümumilikdə 25 min manatdan az deyil). Indi gəlin görək bu yeni üzv bələdiyyəyə, o ərazidə yaşayan yerli əhaliyə nə verəcək? Əgər nəsə vermək mümkün idisə, tam tərkibi 15 üzvdən ibarət olan orqan, elə 14 üzvlə də yaddaqalan bir iş görə bilərdi (məsələn, Imişli bələdiyyəsi öz inzibati binasının yaxınlığında və şəhərin Sabir parkında tikdirdiyi, hazırda hər ikisində antisanitariya şəraiti hökm sürən 2 ictimai tualetdən başqa yaddaqalan bir iş görməyib). Yerli problemlərin həlli, icma üçün nəsə etmək qalsın bir yana, seçilməsi 50 min manatdan baha başa gələn bu 1 nəfər yeni üzv, indiki şəraitdə, bələdiyyənin hazırkı səlahiyyətləri və maddi durumu baxımından heç özünə gün ağlaya, 100 manat əmək haqqı belə ala bilməyəcək. Indi özünüz deyin: belə mənasız qurum yaratmaq, sonra da onun saxlanılması üçün səmərəsiz olaraq xərc çəkməyə dəyərmi?

100 min manatlıq sədr

2009-cu ildə yerli icra hakimiyyəti orqanlarına və seçki komissiyalarına sərbəst “seçim” imkanı yaradıldığı yaxşı yadımızdadır. Səsvermənin nəticələri qaldı bir kənarda, “kovxanı görən”lər “kəndxuda” elan olundu. MnSK üzvləri tərəfindən imza atılan, komissiyanın möhürü ilə təsdiqlənərək namizədlərə, müşahidəçilərə verilən səsvermənin nəticəsinə dair yekun protokolların məlumatları ilə MSK-nın rəsmi internet səhifəsində “Seçkilər” Informasiya Agentliyinin açıqladığı protokol məlumatları arasında fərqlilik göz deşdi. Bu, sanki cəmiyyəti sonrakı saxta seçkiyə öyrəşdirmək məqsədi daşıyırdı.
Lakin hətta bələdiyyə seçkisində belə şikayətlərin yetərincə olduğunu, ayrı-ayrı yerlərdə güclü ictimai etiraz baş qaldırdığını görən hakimiyyət, 2010-cu ildə keçirilən Milli Məclisə seçkilərdə risq etməyərək, “arzuolunmaz” namizədlərin əksəriyyətini, ümumiyyətlə, seçkiyə buraxmamaq yolu tutdu. Seçkidən əvvəl seçim aparmaq, sərfəsiz bildikləri, lakin kifayət qədər şanslı olan namizədləri vaxtında zərərsizləşdirmək üsulundan yerli icra orqanları təkrar və yeni bələdiyyə seçkilərində də istifadə edir. Indi maraqlı vəziyyət yaranıb: təkrar seçki keçirilən bələdiyyələr üzrə namizədlərin sayı seçiləcək üzvlərin sayından çox az fərqlidir. Məsələn, Imişlinin Sarıxanlı bələdiyyəsi üzrə ötən seçkidə 11 yer uğrunda 31 nəfər mübarizə aparırdı, hazırkı seçkidə cəmi 16 mamizəd qeydə alınıb. Təkrar seçki keçirilən Qızılkənd bələdiyyəsində isə namizədlərin sayı minimuma endirilib (11 yerə 14 nəfər). Namizədlərin sayı çox olan bələdiyyələr üzrə “seyrəltmə” əməliyyatına start verilib. Edilən təzyiq və təhdidlərdən sonra qeydə alınan namizədlərin bəziləri DSK-lara ərizə ilə müraciət edərək namizədliyindən imtina edib. Məsələn, Məzrəli bələdiyyəsi üzrə imza vərəqi alanların sayı 28 nəfər olub (biz hələ müvafiq bələdiyyəyə namizədliyinin irəli sürülməsi ilə bağlı bildiriş verənləri demirik), lakin az müddətdə namizədlərin bir neçə nəfəri bu fikrindən daşınıb (onların arasında hazırda bələdiyyə sədri, sədr müavini və ya bələdiyyə üzvü, yaxud işsiz olanlar da var). Çox güman ki, bu proses seçki bülletenləri çap olunanadək davam edəcək və namizədlərin sayı 15-dək azaldılacaq. Yalavac bələdiyyəsinə 1 əlavə üzv yerinə 7 nəfər iddialıdır. Təbii ki, bu, çoxdur, üstəlik, həmin yerin “bileti” də çoxdan satılıb. Adıçəkilən bələdiyyə üzrə qeydə alınan namizəd Qəhrəmanov Qəhrəman Qaraxan oğlu bildirir ki, namizədliyini geri götürmək üçün onu işlə təmin edəcəklərini də vəd edirlər.
Məzrəli bələdiyyəsi ətrafında baş verənlər heç də səbəbsiz deyil. 2009-cu ildə MSK-nın şübhəli ləğvetmə qərarından sonra Imişli rayonunun Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində yaşayan “zəhmətkeşlərin” ayrılıqda fəaliyyət göstərən bu 3 bələdiyyə orqanının birincinin adı altında birləşmək arzusu dərhal reallaşmadı. O zaman yeni yaranacaq bələdiyyəyə öz komandası ilə birgə seçilməklə ardınca sədr təyin olunmağa görə namizədlərdən birinin 70 min manat xərc çəkdiyi deyilirdi. Hazırda isə seçkini bu şərtlərlə saxtalaşdırmağın 100 min manatdan baha başa gəldiyi barədə danışılır. Rayonun ayrı-ayrı bələdiyyələrinə 3-5 min manat, ərazisi və əhalisi digərlərindən daha çox olan Imişli bələdiyyəsinə 50 min, Bəhrəmtəpə bələdiyyəsinə 15 min manat qiymət qoyulduğu halda, Məzrəli bələdiyyəsinin bunca baha qiymətləndirilməyi hər kəsdə maraq doğura bilər. Səbəb çox sadədir: respublikanın bir çox regionlarını, o cümlədən Bakıdakı nəhəng tikintiləri qum və çınqıl xammalı ilə təchiz edən karxanaların əksəriyyəti bu bələdiyyənin ərazisinə düşür. Təkcə bir il ərzində vergidən, o cümlədən bələdiyyə büdcəsinə ödənilməli olan mədən vergisindən yayındırılan məbləğ yüz minlərlə manat təşkil edir. Karxana biznesi ilə heç də sıradan bir sahibkar məşğul ola bilməz, mütləq hakimiyyətin yuxarı eşelonundan dayaq olmalıdır. Onlara təbii sərvəti heç kəsə haqq ödəmədən çıxarıb satmaq üçün daha sərfəli, daha etibarlı, “əl-ayağa dolaşmayan” və məğmun bir komanda lazımdır. Yerli icra başçılarının başqa vaxt belələrinə “dişi batmadığından”, seçkilər onlar üçün göydəndüşmə şansdır. Beləcə sıradan adi görünən bir bələdiyyə də qiymətə minib.

YAP-ın “Böyük Qur(t)uluş”u

Imişlidə vaxtilə Ümid partiyasının rayon təşkilatı vardı, hətta onun üzvü 79 saylı Imişli seçki dairəsində də təmsil olunmuşdu. O zaman partiyanın rayon təmsilçisi Babək Hüseynov mətbuatda qıy qopardı ki, bəs Ümid adından seçki məntəqələrinə üzvləri partiyanın mərkəzi aparatından gələn nümayəndə ilə razılaşma əsasında rayonun icra başçısı təyin edib. Bu səbəbdən də Ümidin rayon təşkilatı buraxıldı. Ardınca Ədalət Partiyasının rayon təşkilatının sədri Əlifağa Mirzəyev bəyanatla çıxış etdi ki, rayonun icra başçısı onu “səmimi şəkildə” aldadaraq, 80 saylı Imişli-Beyləqan seçki dairəsinin məntəqələrinə ədalətlilər əvəzinə, YAP-çıları təyin edib.
Milli Məclisə keçirilən son biabırçı seçkidən sonra parlamentdə azlıq təşkil edən partiyalardan biri – Böyük Quruluş Partiyası (BQP) püşkatmanın nəticəsinə görə 79 saylı dairədə 1 yer qazanıb. Keçmiş ümidçi B.Hüseynov və vaxtilə sözügedən partiyanın DSK-da təmsilçisi Asif Məmmədov dərhal özlərini BQP-çi elan etdilər – birincisi rayon təşkilatının sədri oldu, ikincisi isə bu yolla DSK üzvlüyü postunu qoruya bildi. 79 saylı dairənin məntəqələrinə BQP adından YAP üzvlərinin və bitərəflərin təyin olunması barədə “Azadlıq”ın ötən saylarının birində məlumat verilib. Indi də B.Hüseynov iddia edir ki, 80 saylı dairənin DSK-sı da ondan xəbərsiz BQP adından Imişli rayonu ərazisindəki seçki məntəqələrinə üzv təyin edib. Bu məlumat nəinki oxucuları, hətta partiyanın sədri cənab Fazil Mustafanı da təəccübləndiməz,- nədən ki, onun özünün də Milli Məclisə mandat qazanmağı YAP-ı dəstəkləməyə görə olmayıbmı?..
Deyiləsi söz isə budur: əgər parlamentdə “cırtdan” və “quzu” partiyalardan ibarət süni çoxrənglilik yaradılıbsa, MnSk-lar tamamilə birrənglidir – Ədaləti də YAP-çıdır, Quruluşu da – böyük, ya kiçik olmağından asılı olmayaraq…

Azər Əli, Imişli