
Yeni sistemin üstünlüklərindən necə istifadə etməli?
“Azercell” noyabrın 18-dən Azərbaycanda 3G-nin tətbiqinə başlayıb. Bununla bağlı “Azercell”in rəhbəri Ali Ağan və Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov birgə mətbuat konfransı keçiriblər.
A.Ağan bildirib ki, uzun müddətdən bəri planlaşdırdıqları bu texnologiyanın tətbiqi ilə “Azercell”də internet tariflərinin 60 faiz endirilib, internetin sürətinin artırılıb. Bundan başqa videozənglərlə səsli zənglərin qiyməti eyni olacaq. Bütün ölkə ərazisində 3G-dən istifadə etmək mümkündür.
“Azercell”in rəhbəri 3G üçün hansı tezlikdən istifadə etdiklərini açıqlamayıb: “Biz bu problemi artıq həll etmişik. Belə bir şad gündən bu məsələlərdən danışmaq istəmirik. Əsas məsələ odur ki, problem həll olunub”.
Beləliklə, “Azercell” abunəçiləri bundan sonra 3G vasitəsilə 7,2 mbit/s qədər sürətə malik mobil internetdən istifadə edə bilərlər. Bu isə hazırda istifadə edilən 2G texnologiyasından 20 dəfə artıq sürət deməkdir. Bakı və Azərbaycanın bəzi ərazilərində 3G sürəti, hətta, 21 mbit/s qədər çatacaq. Bu sistemin köməyilə videozənglər etmək, cib telefonundan televiziyaya baxmaq, hadisə yerindən canlı yayım aparmaq, hətta, böyük həcmli video faylları da telefon vasitəsilə göndərmək mümkün olacaq. Bundan əlavə, 3G sayəsində uzaqdan səhiyyə xidmətləri göstərmək, nağd pul daşımadan hər cür alış-veriş aparmaq, kommunal xərclərin ödənilməsi və bir çox bank əməliyyatlarını da telefondan həyata keçirmək imkanı yaranacaq.
Bu sistemə qoşulmaq üçün abonentlər 3G sözünü yazıb 2525 qısa nömrəsinə göndərməklidirlər.
1 MB üçün fakturalı və fakturasız xətt abonentləri 40 qəpik, “GəncSim” tarifinə qoşulan abonentlər isə 20 qəpik ödəyəcəklər. 3G vasitəsilə “videozəng”in qiyməti “səsli zəng”in qiymətinə bərabər olacaq.
“Mobile TV” vasitəsilə isə 8 telekanala – İTV, “Akıllı TV”, TV1000, “Nickelodion”, MTV, “İdman-Azərbaycan”, “Euronews”, “Discovery World”ə baxmaq mümkün olacaq. Bunun 1 saatı 1 manat, 3 saatı 2 manat, 1 günü 4 manat, 7 günü 10 manatdır.
“Azercell” 3GMAX modeminin hədiyyə kampaniyasını da keçirəcək.


