Ziyalı dilemması

Bir məşhur zarafat var. Deyir ki, mən Pasternakı oxumamışam, amma onun əleyhinəyəm. Indi də məsələnin məğzini bilən və bilməyən, hadisədən xəbər tutan və tutmayan, bir sözlə, hamı ziyalılara qarşı kampaniyaya qoşulub. Bu elə məsələdir ki, adam bu haqda heç yazmaq və danışmaq da istəmir. Sadə səbəbi var. Yorulmuşuq. Hə, qınamaqdan, keçmişdən, yaxından və uzaqdan misal gətirməkdən yorulmuşuq. Mən bir söz də deyəcəm. Müəyyən mənada ziyalı təbəqəsi özü də günahkardır. Ona görə günahkardır ki, hələ sistemdə özü üçün hörmətli bir yer arayır, bu hakimiyyətdən diqqət və anlaşma umur.
Bizim sevimli ziyalılar bu sistemə və rejimə dürüst qiymət verməklə həm öz əsəblərini, həm də bizim əsəblərimizi sakitləşdirə bilərdilər, özlərini və bizi izafi yükdən və əzabdan qurtarardılar. Əvvəldə adını çəkdiyim Pasternak da bir gün belə qərara gəldi ki, o, sovet rejiminin sevimlisi ola bilməz. M.Baxtin ömrünün axırına qədər sadə elmlər namizədi kimi qaldı. Brodski çıxıb getdi.
Umacaqlar insanı özünün əsirinə çevirir, onu buxovlayır və əl-qolunu belə açmağa imkan vermir. Bu hakimiyyətdən ummayın. Onda özünüz də rahat olarsınız, bizlər də. Bir kənara çəkilin, yazın, yaradın. Onsuz da gələcəyə və tarixdə ancaq yaradılanlar və yazılanlar qalacaq, çox şey isə unudulacaq. Bir belarus yazıçısı vardı, səhv etmirəmsə, V.Bıkov idi. A.Lukaşenko ilə barışa bilmədi, deyəsən, Almaniyaya köçdü və elə oradaca da vəfat etdi. Həyat hər an çıxış yolu saxlayır. Əgər dözə bilmirsinizsə və özünüzdə mübarizə üçün güc hiss edirsinizsə, bu ölkədə qalın və mübarizə aparan insanlarla bir olun.
Yox, mübarizə üçün özünüzdə güc hiss etmirsinizsə, amma bu hakimiyyəti olduğu tək qəbul etməyə çətinlik çəkirsinizsə, bu mühit sizi boğur və təngə gətirirsə, başqa bir ölkəyə köçün və öz rahat həyatınızı yaşayın. Yer kürəsi ancaq Kosmosdan balaca görünür, həqiqətdəsə o, olduqca böyükdür, hamı üçün yer tapılar. Ziyalı psixologiyası bir qədər qəlizdir, o, həmişə dilemma içində qovrulur: nə etməli, necə etməli… Amma dilemmaların da həllinin bir Isgəndər metodu var – böyük Isgəndər düyünü qıran kimi sadə qərar qəbul etmək lazımdır. Bir çox məsələlərin sadə həlli olur. Bəlkə də hamı ziyalılarla bağlı qəliz fikirdə olduğundan, onlardan həmişə qeyri-adi addım və fikirlər eşitməyə adət etdiyindən, ziyalılar bir çox hallarda sadə qərarları qəbul edə bilmirlər. Amma həyatın məntiqi bir çox hallarda sadədir, sadəcə insan özü həyatdan da mürəkkəbdir və öz mürəkkəbliyilə o həyatı da qəlizləşdirir. Bir də sadə bir üsul var. Adım atmamışdan düşünməlisən ki, sən bunu etməyə hazırsanmı? Əgər hazırsansa, problem yoxdur. Yox, hazır deyilsənsə, onda nə özünü yor, nə də başqalarını…
Daha bir bayram və daha bir dərd
Əsl bayramlardan biri də təşrif buyurdu. Mən inanmıram ki, hansısa başqa bir ölkədə, təbii ki, söhbət gənc ölkələrdən gedir, son 20 il bu qədər qəliz və narahat olsun. Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda çox şey sadə və başadüşüləndir – onlar necə var, elə də görünürlər. Bəlkə də bir gün və ya bir an B.Yeltsin SSRI-ni buraxmaq haqda qərar qəbul etməsədyi onlar öz adi həyatlarını yaşayacaqdılar. Amma bizim tariximiz olub. Mənə elə gəlir ki, bu hakimiyyət milləti onun özündən gizlətməyə çalışır. Bəli, keçmiş kadr və təsvirlərdə bu millət böyük, möhtəşəm görünür. Yaşlı nəsil bunu bilir və hələ onun yaddaşı tam silinməyib. Amma gənclər başqa məsələdir. Onların 20 Yanvar, Dirçəliş günü haqda təsəvvürləri olduqca kasaddır, onlar həmin möhtəşəm günlərin şahidi olmayıblar, onu öz gözlərilə görməyiblər. Bunlar, bu hakimiyyət də ona çalışır ki, gənclər bunu görməsin, özünün kimliyini və böyüklüyünü bilməsin. Insan seli bürümüş Azadlıq Meydanı, bir gecə vaxtı küçələri insanlarla dolu Bakı… Doğrudan da möhtəşəm mənzərələrdir. Bəli, onların məhz möhtəşəmliyi və böyüklüyü bu hakimiyyəti qorxudur, onları o günləri və o mənzərələri unutdurmağa sövq edir! Keçmiş bunların deyil, elə gələcək də bunların deyil, bunlar yalnız bu günün hakimidirlər, yalnız günün hakimləri…