“Vətənpərvərlik” əclafların son sığınacağıdır”

«Belə «vətənpərvərlik»lə insanları qul olmağa, hüquqlarından çəkinməyə sövq edirlər»

Eldar Namazov: «Azərbaycanda idarəçilik sistemi son dövrlər ümumiyyətlə iflic vəziyyətə düşüb»

Hakimiyyət Ziyalılar Forumuna qarşı başladığı 37-ci illər ab-havasına uyğun “təbliğatını” davam etdirir. Dünən Ziyalılar Forumuna etiraz edən müəllim kəsiminin sıralarına Neft Akademiyası da qoşdular. Bu təhsil ocağından 7 kafedra müdiri Ziyalılar Forumuna və konkret olaraq Rafiq Əliyevə qarşı bir sıra ittiham irəli sürüblər. Bəs görəsən Ziyalılar Forumunun təşkilatçıları məlum tədbiri təşkil edərkən bu dərəcədə təpki ilə üzləşəcəklərini gözləyirdilərmi?
Ziyalılar Forumunun üzvü Eldar Namazovla müsahibəmizə də elə bu sualla başladıq:

– Adətən biz tədbirlərimizi keçirəndə, mövqeyimizi müəyyənləşdirəndə hansı siyasi qüvvənin buna hansı reaksiya verəcəyini heç zaman əsas götürməmişik. Çünki biz öz mövqeyimizə çox arxayınıq. Bilirik ki, bizim ortalığa qoyduğumuz yanaşma əsl ziyalı, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutan mövqedir. Ona görə də bizi daha çox narahat edən məqam o, olur ki, irəli sürdüyümüz təkliflərdə milli və dövlətçilik maraqları hər şeydən üstun olsun. Bu gün Ziyalılar Forumuna qarşı aparılan təbliğat kampaniyasında təşkilatın mövqeyi yanlış təsəvvür edilir. Ziyalılar Forumunda dəfələrlə vurğulanıb ki, bu təşkilat Azərbaycanda islahatların aparılmasında, milli birliyə nail olunmasında maraqlıdır. Bizim son toplantımızda da bu vurğulanmışdı. Sevimli şairimiz Ramiz Rövşən də çıxışına məhz ondan başlamışdı ki, o, Azərbaycanda inqilabın olmasını istəmir. Daha sonra mətbuatda aparılan müzakirələrdə tamamilə düzgün vurğulandı ki, ölkədə baş verənlərlə bağlı ciddi narahatçılıq var. Əgər zəruri islahatlar aparılmasa, belə bir təhlükə meydana gələ bilər. Bütün bunların fonunda hakimiyyət tərəfindən Ziyalılar Forumuna qarşı çox çirkin kampaniyaya başladılıb ki, az qala bu təşkilatı ərəb dünyasında baş verən inqilabların başlıca səbəbkarına çevirmək istəyirlər. Amma biz dəfələrlə bildirmişik ki, Azərbaycanı siyasi qarşıdurmaya, sosial partlayışlara aparanlar ölkədə korrupsiya ilə məşğul olanlar, günahsız insanları həbsə atanlar, hakimiyyətlə müxalifət arasında siyasi dialoqun yaranmasına qarşı çıxanlardır. Həmin adamlar Azərbaycanı təhlükəli proseslərə aparırlar.

Bu kampaniyanı aparan konkret bir qrup dəstədir

– Bəs bu cür kampaniyanın məqsədi nədir?
– Bu kampaniyanı aparan konkret bir qrup dəstədir. Biz gözəl bilirik ki, baş verənlər hardan idarə olunur. Materiallar çap olunan “1news.az” saytının, “Azərbaycan” qəzetinin arxasında kimlər dayanır. Bu kampaniyanın məqsədi Azərbaycanda ictimai şüurun, vətəndaş aktivliyinin formalaşmasının qarşısını almaqdır. Bu da çox çirkin üsullarla həyata keçirilir. Cəmiyyətin də baş verənlərə reaksiyası onu deməyə əsas verir ki, bu milləti sındırmaq mümkün deyil. Vaxtı ilə sovet tankları Azərbaycan xalqını əzə bilmədi, indi iki-üç nəfərin təşkil etdiyi yazılarla Azərbaycanın əsl ziyalılarını sındırmaq mümkündürmü? Bu, boş xülyadır. Artıq hiss olunur ki, onların bu hərəkətləri cəmiyyətdə əks effekt yaradır. Bu cəmiyyət firəvan və azad yaşamağa layiqdir. Azərbaycan cəmiyyəti dünyanın aparıcı milləti kimi çiçəklənən bir dövlət qurmağa layiqdir.
Brejnev dövrünün üsulları ilə nə cəmiyyəti idarə etmək, nə də onu çaşdırmaq mümkündür.

“Vətənpərvərlik” əclafların son sığınacağıdır

– Eldar müəllim, siz özünüz uzun müddət hakimiyyətdə təmsil olunmusunuz. Yəqin ki, aparılan bu təbliğat kampaniyasındakı dəst-xətt sizə tanışdı. Sizcə, konkret olaraq hakimiyyətdəki hansı qruplaşma aparılan siyasətin arxasında dayanır?
– “Azərbaycan” qəzetinin, “1news.az” saytının Prezident Aparatının nəzarətində olduğu hamıya bəllidir. Ziyalılar Forumuna qarşı təşkil olunan təbliğatın da arxasında məhz Prezident Administrasiyası dayanır. Bu günlərdə belə xəbər yayıldı ki, Şahlar Əsgərovun oğlu Prezident Administrasiyasıkı işindən qovulub. Bunun onun Ziyalılar Forumundakı iki dəqiqəlik çıxışına görə edildiyi bildirilir. Bu məlumatın nə dərəcədə dəqiq olduğunu deyə bilmərəm. Əgər bu doğrudursa, bu hərəkəti qətiyyətlə pisləyirəm. Bu mühiti Azərbaycan cəmiyyətində formalaşdıran insanlar xalqın əsl düşmənləridir. Ziyalılar Forumuna qarşı kampaniya aparanda “vətənpərvərlik” metodlarından istifadə etməyə çalışırlar. Qarabağ məsələsini bu işə qatırlar. Hələ 200 il bundan əvvəl məhşur ingilis yazarı Samuel Conson belə fikir söyləyib ki, “vətənpərvərlik” əclafların son sığınacağıdır. Bu kəlmənin mənası ondan ibarətdir ki, bu cür “vətənpərvərlik” şüarları ilə insanları qul olmağa sövq edirlər, insanları öz hüquqlarından çəkindirməyə sövq edirlər. Ziyalılar deyəndə ki, ölkədə rüşvətxorluq var, insanların hüquqları pozulur bu, Qarabağın azad olunmasına mane olur? Bu işlə məşğul olan adamlar guya Qarabağ uğrunda mübarizə aparırlar. Bu qədər seçkiləri saxtalaşdırırlar, gəncləri həbs edirlər, insan hüquqlarını pozurlar bununla məgər Qarabağın azadlığına xidmət edirlər?. Bu “vətənpərvəlik” iddiaları 200 ildən əvvəl ifşa olunub. Ona görə də indi bu cür ittihamlarla heç kimi gözdən salmaq mümkün olmayacaq.

Azərbaycan məmurların arasında xanlıq kimi bölünüb

– Bəzən Azərbaycan cəmiyyətini ittiham edirlər ki, toplum ictimai proseslərdə fəal deyil. Amma Rafiq Əliyevə qarşı kampaniyaya qarşı cəmiyyətin müxtəlif təbəqələrindən təpki gəldi. Bir sıra ekspertlərin fikrincə, hakimiyyətin də Ziyalılar Forumuna qarşı aqressiv münasibəti məhz toplumdan gələn sərt təpkiyə cavabdır.
– Rafiq Əliyevi çox ağlasığmayan arqumentlərlə işdən azad ediblər. Bu barədə sizin qəzetə müsahibəsində Cəmil Həsənli çox gözəl münasibət bildirib. Cəmil müəllim doğru olaraq vurğulayıb ki, kafedra müdiri olan vəzifəli şəxslər illərdir iş yerlərinə gəlmirlər, elmi uğurları da sıfır səviyyəsindədir. Amma bunlar görkəmli Azərbaycan ziyalısını, dünya şöhrətli alimi belə bəhanələrlə işdən azad etdilər.
Təbii ki, Azərbaycan cəmiyyəti buna reaksiya verməli idi. Çox sevindirici haldır ki, cəmiyyətdə bu haqsızlığa qarşı bu qədər ciddi təpki, etiraz var. Bu, bir daha onu göstərir ki, bu milləti sındırmaq mümkün olmayıb. Bu millətin qürur, öz ziyalılarına hörmət hissi var. Cəmiyyətdə bu reaksiyanı görəndə məndə Azərbacanın gələcəyi ilə bağlı nikbin fikir yaranır. Onsuz da mən müsahibələrimdə millətimizin potensialını qiymətləndirərək vurğulamışam ki, bu millət dünyada layiqli yerini tutacaq.

– Bu yaxınlarda “Obyektiv TV”yə müsahibənizdə belə bir fikri ifadə etmisiniz ki, ölkədə idarəçilik qruplaşmalardan asılı vəziyyətə düşüb. Hakimiyyətdəki qruplaşmaların təsir gücü nədən ibarətdir, onların sayı nə qədərdir?
– Xarici diplomatlar da açıqlamalarında qeyd edirlər ki, Azərbaycan bir sıra oliqarx məmurların arasında xanlıq kimi bölünüb. Azərbaycanın müstəqil mətbuatını da izləyəndə bu reallıqlarla tanış olursan. Biz balaca ölkəyik. Azərbaycanda kimin nəylə məşğul olduğu hamıya bəllidir. Bu mənada həmin qruplaşmalar barəsində də Azərbaycan cəmiyyətində aydın təsəvvür yaranıb. Azərbaycanda idarəçilik sistemi son dövrlərdə ümumiyyətlə iflic vəziyyətə düşüb. Bu öz təsirini həm siyasi proseslərə, həm də sosial-iqtisadi duruma göstərir. Bir misal gətirim. Nəyə görə Azərbaycanda qiymətlər Avropadan da bir neçə dəfə yüksəkdir? Bunun səbəbi həmin qruplaşmaların mövcudluğudur. Onların üzündən Azərbaycanda bazar iqtisadiyyatının qanunları işləmir. Hər bir qruplaşma nəzarət etdiyi sahədə öz qiymətlərini yeridir. Çalışır ki, qısa müddətdə onsuz da az əmək haqqı alan vətəndaşlarımızdan daha çox gəlir əldə etsin. Ona görə də hətta dövlət başçısı səviyyəsində müxtəlif qiymətlərlə bağlı səslənən fikirlər heç bir effekt vermir. Çünki rəqabət olmayan, hər bir sferanı öz “xanı” idarə etdiyi bir məkanda sosial-iqtisadi durum ağır olacaq.
Digər tərəfdən hər hansı sahə bir məmurun inhisarına veriləndə orada nə inkişaf, nə ədalət olur.

O müraciətlərdə “reket” qəzetlərinin üslubu var

– Ziyalılar Forumu və Rafiq Əliyevə qarşı BDU-nun müəllimləri tərəfindən səslənən ittihamlara bu gün Neft Akademiyasının 7 kafedrasının müdri də qoşulub. Bunu necə qiymətləndirirsiniz?
– Bu müracəitlərə imzaların hansı üsullarla toplandığı bəllidir. Əminəm ki, nə təhsil ocaqları tərəfindən səslənən bəyanatlar, nə də 4 akademikin “1news.az” saytındakı açıqlaması onların özləri tərəfindən yazılmayıb. Bu eyni mətinli müraciətlərdir. Xüsusilə “1news.az” saytındakı yazı “reket” qəzetlərindəki məqalələri xatırladır, nəinki ziyalı tərəfindən qələmə alınmış müraciəti. Bu insanların hansı üsullarla müraciətə imza atdıqları Qulu Məhərəmlinin, Cəlal Allahverdiyevin bəyanatlarından gördük. Əminəm ki, orada adları çəkilən adamların böyük əksəriyyəti Qulu Məhərəmli, Cəlal Allahverdiyev kimi vəziyyətə düşüblər. Bu cür üsullardan məqsəd yalnız milləti mənəvi-psixoloji cəhətdən sındırmaqdır. Amma bütün bu cəhdlər boşa çıxır.

– YAP-ın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetində konkret fərd olaraq sizi də hədəfə alıblar. Qəzet iddia edir ki, Ziyalılar Forumunun işini təşkil etməklə siz xaricdən gələn sifarişləri icra edirsiniz?

ardı gələn sayımızda

Xəyal Şahinoğlu