ADNA müəllim və tələbə heyəti görkəmli alimi ürəklərində haqlı sayırlar
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən çıxarılan görkəmli alim Rafiq Əliyevə qarşı hakimiyyətin kampaniyası davam edir. Hakimiyyət özünü sığortalamaq üçün hücuma keçdi. Bakı Dövlət Universitetinin bir sıra müəllimlərini prosesə qoşdu. Prosesi sürətləndirmək üçün sıra artıq ADNA-ya da çatdı. Indi hamı Rafiq Əliyevdən danışır. Yaxşılığına, pisliyinə, fərqi yoxdur, ancaq danışılır, dartışılır…
Kafedra axtarışında
ADNA-ya getdik. Akademiyada baş verən son prosesləri gözlərimizlə görmək üçün. ADNA-nın müəllim və tələbə heyəti böyük ziyalımız haqda nə düşünür? Onun kafedra müdirliyindən çıxarılması sıradan bir hadisədir, yoxsa siyasi sifariş? Həqiqətən hökumətin dediyi kimi Rafiq Əliyev öz işinə məsuliyyətsiz yanaşan biri olub, vaxtı-vaxtında kafedrada olmayıb? Bu suallara ən yaxşı və ən dəqiq cavabı ADNA-da verə bilərdilər.
Istəmədik ki, “Azadlıq”dan olduğumuzu bilsinlər. Kimisinə tələbə olduğumuzu dedik, kimisinə ölkənin vətəndaşıyıq söylədik, kimisinə də özümüzü iqtidaryönlü qəzetin müxbiri kimi təqdim etdik.
Akademiyanın əsas korpusuna girmək üçün ilk növbədə mühafizəçilərdən yayınmalısan. Bu bizim üçün o qədər də çətin olmadı. Ani fürsətdən istifadə edib, içəri keçdik. Gözdən yayınmaq üçün birbaşa ikinci mərtəbəyə qalxdıq və başladıq kafedranı axtarmağa. ADNA-nın korpusu böyük və girintili-çıxıntılı olduğu üçün kafedranı tapmaqda çətinlik çəkirdik. Çarəsiz qalıb Rafiq Əliyevin adıyla kafedranı soraqlaşdıq. “Rafiq Əliyevin kafedrası”, “Bir müəllim var e, işdən çıxarıblar. Rafiq müəllim, onun rəhbəri olduğu kafedra lazımdı” deyə-deyə soraqlaşıb sözügedən ünvanı tapdıq.
Rafiq müəllimin əleyhinə danışan lazımdı
Bizi ora bir tələbə apardı. Bir mərtəbəni enib kafedraya çatana qədər söhbət etdik. “Rafiq Əliyev kimdir?”, “Onu niyə işdən çıxarıblar?”, “O, yaxşı müəllim idi?” suallarına bizimlə yolçuluq edən tələbə belə cavab verir: “Rafiq Əliyev yaxşı müəllimdir. Onun haqqında hələ pis bir şey eşitməmişəm. Hələ mənim tanıdığım iki tələbəsi Almaniyada təhsil alır. Bilmirəm niyə işdən çıxıb. Bildiyim budur ki, güclü alimdir”. Sözünü bitirən kimi kafedranı bizə göstərib, sağollaşır.
Hər bir kafderanın qapısının qarşısında müdirinin ad, soyad və alimlik dərəcəsi yazılan qızılı rəngli lövhə var. Təkcə Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasından başqa. Oradan qızılı rəngli lövhə yığışdırılıb və kafedra müdiri vəzifəsini müvəqqəti icra edən dosent Faiq müəllimin adı qeyd edilən heç nə yoxdur. Gördüyümüz mənzərəni fotoaparatın yaddaşına yazmaq istəyirik. Kafedradan qəfil çıxan və özünü təqdim etməyən müəllim “lazım deyil” deyib bizə mane olur. Astadan qolumuza girib yavaş-yavaş korpusdan çıxarmağa çalışır. Vəziyyətin gərgin olduğunu görüb, tez söhbətə başlayırıq.
– Nə məsələdi? Rafiq müəllimi niyə çıxarıblar? Bu qədər hay-küy niyə qopub? Kafedra müdirini işdən çıxarmaq niyə bu qədər ajiotaj yaradıb?
– Siz hansı mediadansınız?
– … qəzetindən (uydurma bir qəzet adı deyirik. Çünki “Azadlıq”ın adı gələn kimi geri çəkiləcək – R.D.).
– Hə. Heç, elə-belə şeydi. Ciddi məsələ deyil.
– Bilirsiz, mən praktikantam. Qəzetə təzə gəlmişəm. Işdə tapşırıblar ki, Rafiq Əliyevin əleyhinə danışan müəllimləri tapım.
– Redaktora de, zəng edib, rektordan icazə alsın. Ondan sonra problem deyil.
– Redaktor qoymur da. Deyir, get yazı hazırla gətir.
– Səni başa düşürəm. Ancaq bu mümkün deyil. Sən yazarsan, sonra aləm bir-birinə dəyər. Indiki vaxtda olmaz.
– Ümumiyyətlə, Rafiq müəllim necə adamdı? Savadlı şəxsdir, yoxsa tapşırıqla kafedra müdiri olub?
– Boş şeylərdi. Yalandan aləmi bir-birinə vurublar.
– O, niyə işdən çıxarılıb? Mən onun əleyhinə nə yaza bilərəm qəzetdə? Siz mənə kömək edin də…
– Redaktorun zəng etsin Siyavuş müəllimə. Icazə alsın, danışmaq problem deyil.
– Rafiq Əliyevin günahı var?
– Sən icazə al, necə cavab istəsən, elə də danışacam.
– Icazə versələr, əleyhinə danışacaqsınız, yoxsa lehinə?
– Icazə al, hər şey sən istədiyin kimi olacaq.
– Həm lehinə, həm də əleyhinə ola bilər?
– Gəldiyiniz məqsəd üzrə danışacağıq…
ADNA-da Rafiq Əliyev xofu
Beləcə, bizi qapıdan ötürüb yuxarı qalxır. Bizi mühafizəçilərə nişan verib, yenidən ikinci mərtəbəyə qalxmamamızı tapşıraraq çıxıb gedir.
Korpusun qarşısında müəllim və tələbə kontingenti ilə söhbət edirik. Söhbətə “Kafedra müdirliyindən çıxarılmış Rafiq Əliyev kimdir” sualı ilə başlayırıq. Bütün müsahiblərimiz ad və soyadlarını söyləmədilər. Şəkil çəkməyi qəti qadağan etdilər. “Birdən arxadan bizi çəkərsən, olmaz. Sadəcə sözümüzü deyirik” – deyib, uzaqlaşırdılar. Danışdırdığımız əksər tələbələr Rafiq Əliyevi tanıdıqlarını və yaxşı, savadlı müəllim olduğunu dedilər. Müəllim heyətinin də Rafiq Əliyevdən heç bir narazılığı olmadığı məlum oldu. Ancaq qorxudan adlarını və üzlərini gizlətdilər.
Bütün müsahiblərimizin ad və soyadını gizlətməsini, Rafiq Əliyevi açıq-aşkar müdafiə edə bilməməsini başa düşmək mümkün idi. Yalnız bir müəllimdən başqa. Özünün dediyinə görə, yaşı 80-ni haqlamış bu müəllim Rafiq Əliyevi açıq-aşkar müdafiə edə bilmədi. Hətta bizi bir kənara çəkib pıçıltı ilə “müsahibə” verdi. Onun heç övladları belə yoxdu, ancaq qorxa-qorxa və pıçıltıyla danışırdı…
Ramin DEKO



