Əvvəlcə ALIM anlayışına bir aydınlıq gətirək.
Alim – hər hansı bir elm sahəsində mütəxəssis olan və yüksək əxlaqi keyfiyyətləri ilə seçilən fəzilət sahibidir.
Azərbaycan dilinin izahlı lüğətində belə yazılıb.
Lütfən, alimə verilmiş bu tərifin prizmasından Azərbaycanın elm adamlarına nəzər salın və qələm-kağız götürüb ALIM adına layiq bildiklərinizin adını yazın.
5-10 nəfərin adını yazdıqdan sonra dayanacağınıza şübhəm yoxdur.
Nədən ki, ALIM parametrlərinə cavab verən elm adamlarımızın sayı elə 5-10 nəfərdən çox deyil.
Bunu etiraf etmək gərəkdir. Nə qədər ağır olsa da reallıqdır. Ki, dünya çapında tanınan elm adamlarımızın sayı barmaqla sayılır.
Səbəbi nədir?
Yazı masamın üstündə bir siyahı var. Son on ildə namizədlik dissertasiyası müdafiə edənlərin, onların elmi rəhbərlərinin adları yazılıb bu siyahıda. Və təbii ki, o adların qarşısında “elmlər namizədi” diplomuna çevriləcək mövzuların adı yazılıb.
Tələsməyin, o siyahıdakı bəzi zatların kimliyi və onların unikal elmi işlərinin adları ilə sizləri tanış edəcəm. Öncə bir-iki faktı nəzərinizə çatdırım.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həqiqi Üzvlərinin sayı 55-dir. Yəni 55 akademikimiz var. 110 nəfər AMEA-nın Müxbir üzvüdür. Səhv etmirəmsə, Azərbaycanda “elmlər namizədi” və “elmlər doktoru” diplomu olanların sayı isə 10 minə yaxındır. Akademiyanın tabeçiliyində də 36 institut və təşkilat fəaliyyət göstərir.
Ilk baxışdan Azərbaycanda elmin yerində olduğu qənaətinə gəlmək olar. Fəqət əlahəzrət reallıq bu qənaəti darmadağın edir. Ona görə ki, AMEA-ın 55 akademikinin və 110 akademikliyə namizədinin az bir qisminin adına dünyanın ünlü alimlərinin sırasında rast gəlmək mümkündür.
Alim adı daşıyan şəxsin, xüsusən akademiklərin elmi ixtirası, kəşfi olmalıdır, bunu hər kəs təsdiqləyər. Bir alimin ki, elmi fəaliyyətindən cəmiyyət bəhrələnmirsə, bir alimin ki, ömrü boyu çalışmasının dövlət üçün beş qara qəpik xeyri yoxdursa, onun yüksək əxlaqi dəyərləri olan fəzilət sahibi olduğunu iddia etmək sadəcə, gülüncdür.
Zəhmət olmasa, AMEA-nın www.sciece.gov.az internet səhifəsinə daxil olub o 55 akademikin adı yazılmış siyahıya diqqət yetirin. Sonra o adları bir-bir internet axtarış sisteminə daxil edin. Və nəticələrə baxın. Baxın görün neçə akademikimiz Qərbdə ALIM kimi tanınır, neçə alimimiz Azərbaycanı dünyaya tanıdır.
Bir zamanlar Azərbaycan Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, Xudu Məmmədov, Ziya Bünyadov kimi alimlərlə qürur duyurdu. Bu gün hansı alimimizlə qürur duyaq?
XXI əsrin 11-ci ilində dünyanı aldatmağa cəhd etmək tər-təmiz abdallıqdır. Durub desək ki, filan-filan akademiklərimiz çox dahi alimlərdir, bizə gülərlər.
Etiraf gərəkdir, Azərbaycanda alim yetişdirmək çox zor bir işdir. Buna həm mental xüsuslarımız mane olur, həm də mövcud rejim elmin inkişafına imkan vermir. Müsəlman dövlətlərində dünya ranqlı elm adamlarının sayının az olması və ümumiyyətlə, elmdə geriliyin əsas səbəblərindən biri də bu ölkələrdə avtoritar-diktatura rejimlərinin təşəkkül tapmasıdır.
Harada PADŞAH taxta oturubsa, orada ELM inkişaf edə bilməz. Bu bir aksiomdur.
Alim baş əyməz, ona ehtiramla baş əyərlər.
Alim tituldan yana məddahlıq etməz, qarnından ötəri padşah sarayının qapısını kəsdirməz.
Alim sözünü deməyə qorxmaz. Fəzilətə sahibdir axı.
Alim cəmiyyətdə baş verən eybəcərliklərə adekvat reaksiya verər. Savadlıdır axı.
Alim haqqın tərəfində dayanmalıdır. Alimin müstəqil fikri olmalıdır, yoxdursa, vay millətin halına…
Masamın üstündəki o siyahıya baxıram. Və dəhşətə gəlirəm.
Onlara alim demək olarmı? I yazı
•