Məhkəmə meriya üzərinə vəzifə qoydu

Dövlət Mənzil Fonduna aid bilgilər açıqlanmalıdır

Bakı şəhər Icra Hakimiyyəti (BŞIH) Dövlət Mənzil Fonduna ayrılan mənzillərin istismarı ilə bağlı bilgiləri ictimaiyyətə açıqlamalıdır. Bakı şəhər 1 saylı Inzibati-Iqtisadi Məhkəməsi belə qərar verib.
Məhkəmənin qərarına əsasən, şəhər icra hakimiyyəti fonddakı növbəli mənzil siyahısını, iyun 2000-iyun 2010-cu il tarixləri aralığında mənzil alanların siyahısını, hazırda istismara verilməmiş olan mənzillər haqqında bilgiləri, dövlət mənzil fondundan mənzillərin verilməsi prosedurunu tənzimləyən sənədlərin surətlərini, habelə xalq artistləri Aygün Kazımova və Brilyant Dadaşovaya Dövlət Mənzil Fondundan ayrılan mənzillər barədə bilgiləri jurnalist Rövşən Hacıbəyliyə təqdim etməlidir.
Dövlət Mənzil Fonduna ayrılan mənzillərin istismarına dair bilgilərin əldə edilməsi ilə bağlı araşdırma Media Hüququ Institutunun (MHI) “Məhkəmə çəkişmələriylə hökumətin hesabatlılığını inkişaf etdirmək” təşəbbüsü çərçivəsində aparılır. Bu iş jurnalist, “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacəbəyli ilə birlikdə aparılıb.
“Informasiya əldə etmək haqqında” Qanuna görə, mənzil fondu ilə bağlı yuxarıda sadalanan bilgilər açıq bilgilər sayılır. Ictimai maraq daşıyan belə bilgilər hər kəsin asan əldə edə bilməsi üçün informasiya sahiblərinin internet saytlarına yerləşdirilməlidir. Ancaq jurnalist Rövşən Hacıbəyli bu bilgiləri nə BŞIH-in internet saytından, nə də quruma göndərdiyi sorğu vasitəsilə əldə edə bilib. BŞIH bilgi sorğusunu cavablandırmayıb. BŞIH sorğunu cavablandırmadığından Media Hüququ Institutunun jurnalisti müdafiə edən vəkili 1 saylı Inzibati-Iqtisadi Məhkəməsində iddia qaldırıb. Iddiada xahiş olunub ki, BŞIH-nin üzərinə sorğuya cavab vermək vəzifəsi qoyan qərar qəbul etsin. Məhkəmə iddiaya noyabrın 16-da baxaraq iddianı təmin edib. Qərara əsasən, BŞIH Dövlət Mənzil Fondundakı növbəli mənzil siyahısını, iyun 2000-iyun 2010-cu il tarixləri aralığında mənzil alanların siyahısını, hazırda istismara verilməmiş olan mənzillər haqqında bilgiləri, dövlət mənzil fondundan mənzillərin verilməsini prosedurunu tənzimləyən sənədlərin surətlərini, habelə xalq artistləri Aygün Kazımova və Brilyant Dadaşovaya Dövlət Mənzil Fondundan ayrılan mənzillər barədə bilgiləri jurnalist Rövşən Hacıbəyliyə təqdim etməlidir.

Informasiya şöbəsi