“İlham Əliyevin mühafizəsi zəifdir, onu aldadırlar”

Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı ölkə başçısını xəbərdar etdi

“Ilham Əliyev televiziya ilə əhaliyə müraciət etdi ki, dövlət idarələrində baş verən neqativ hallar barədə ona məlumat verilsin. Şəxsən mən özüm isə korrupsiya və digər qanunsuzluqların üstünü açıb, dövlət başçısına məlumat verdiyimə görə bu il martın 11-də Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sıralarından kənarlaşdırıldım”, – deyə Asif Lətifov dünən mətbuat konfransı keçirərək, başına gələrdən ictimaiyyəti xəbərdar edib.
Lətifovun sözlərinə görə, işdən çıxarılmasının səbəbini “xidməti uyğunsuzluq” göstəriblər ki, bununla da başqa bir mülki işə qəbul oluna bilmir.
Qeyd edək ki, Asif Lətifov 17 il ərzində XDMX-in “Betta” qrupunda kiçik leytenant kimi çalışıb: “Fikrət Rzayevin ”Betta”ya rəis təyin edilməsindən sonra mənfi hallar artdı, ora öz qohum-əqrəbalarını yığmağa başladı”.
Asif Lətifov deyir ki, baş verənlərlə əlaqədar XDMX rəisi Vaqif Axundovun qəbulunda olarkən general onu təxribatla məşğul olmaqda ittiham edib: “Peşə bayramı münasibətilə milli təhlükəsizlik naziri Eldar Mahmudova təbrik göndərməyimi mənə irad tutdular. Bundan başqa, birini namaz qılmaq, digərini nizam-intizamı pozmaq adıyla işdən çıxarırlar. Hər ay işçilərin maaşından 30 manat tutulur. Buna etiraz etmişəm, bu da onlara xoş gəlməyib”.
Asif Lətifov dünənki mətbuat konfransında mətbuat vasitəsilə dövlət başçısını xəbərdar etməyi də özünə borc bilib: “Prezidentə çatdırmaq istəyirəm ki, onun mühafizəsi olduqca zəifdir, onu aldadırlar. Xidmət qeyri-peşəkarlarla doludur, orada hərc-mərclik hökm sürür”.
Lətifov onu da qeyd edib ki, işdən çıxarılandan sonra da susmadığına görə həm özü, həm də ailə üzvləri təzyiqlərə məruz qalır. Konkret olaraq, qardaşı işdən çıxarılıb, özünə də aylardır ki, işdən çıxarılması barədə əmrin surətini vermək istəmirlər: “Məni izahat yazmağa çağırdılar ki, guya, aparılan təhqiqatdan razıyam. Mən də yazdım ki, razı deyiləm, qeyri-konstruktiv aparılıb. Lazımi şəxslərdən də ifadə alınmayıb. Alınan ifadələr də təzyiq altında olub”.
Tədbirdə iştirak edən XDMX-nin birinci şöbəsinin keçmiş əməkdaşı Seymur Əlicanov da Vaqif Axundovun qəbuluna düşə bilmədiyini diqqətə çatdırıb. Əlicanov deyir ki, onu işdən çıxarsalar da, bunu əsaslandırmayıblar.
Qeyd edək ki, XDMX-in keçmiş əməkdaşlarının hüquqlarını Ələkbər Məmmədov müdafiə edir. Hüquq müdafiəçisinin sözlərinə görə, adıçəkilən idarədə çoxsaylı qanun pozuntuları və korrupsiya halları baş verir. Idarədə yerlibazlıq və qeyri-peşəkarlıq hökm sürür.

Ramin DEKO