Bir korun əlindən tutub yolu keçirmək var ya…
Bir qocanın əlindəki ağır zənbili alıb evinədək ötürmək…
Bir ağlayan cocuğu kiritmək… Ya da bir ac pişiyi doyurmaq var ya…
Bir üşüyən qadının çiyninə əynindəki pencəyi çıxarıb atmaq…
Ya da bir qanadı qırılmış quşu götürüb yuvasına qoymaq var ya…
Bir az buna oxşayır bizim davamız!
Bir az buna oxşayır bu gün Azərbaycanı sevmək – solmuş bir çiçəyi qoxlamağa, qanadı qırılmış bir quşu oxşamağa, qurumaqda olan bir ağacı yenidən yamyaşıl bir örpəyə bürünməsi üçün suvarmağa, dibini belləməyə oxşayır.
Dörd yanımda ümidsiz, kədərli, yorğun adamlar var – hər şeyi buraxıb bu ölkədən getməyə, onu bu bir ovuc boynu yoğun, qarınqulu, beyinsiz və ürəksiz məxluqun öhdəsinə tərk etməyə hazır adamlardır onlar.
Bu ölkənin gələcəyindən ümidini kəsənlər, topun hər dəfə dirəkdən dönməsindən bezən, ədalətə, özgürlüyə, çağdaşlığa gedən yolun uzandıqca uzanmasından usanan, depressiyaya düşən, inamsızlığa qapılan adamlardır onlar.
Onları qınamıram. Azərbaycanın azad, demokratik bir ölkəyə çevrilməsi üçün əllərindən gələn və gəlməyən hər şeyi etməyə çalışdılar. Dirəşdilər. Döyüşdülər. Çalışdılar. Çabaladılar. Bu qədər çabanın sonunda ümidsizlik, yorğunluq, küsgünlük qədər təbii nə ola bilər?
Əgər hələ də canlarından çox sevdikləri bir ölkə onların arzuladığı bir ölkə deyilsə, qınamaq mümkündürmü onları?
Ancaq hər şeyə rəğmən bu dostlara, bu arxadaşlara deyəcək bir kəlmə sözüm var: heç nə, amma heç nə bizə Azərbaycanı sevməyə, onun uğrunda savaşmağa mane olmamalıdır.
Azərbaycanı azad, abad, güllük-gülüstanlıq halı ilə hər kəs sevər.
Önəmli olan Azərbaycanı bu yaralı, solğun, xaraba halı ilə də sevmək, sevə bilmək və onu aydın sabahlara, günəşli günlərə, işıqlı gələcəyə qovuşdurmaq üçün başlanan savaşı davam etdirməkdir.
Sabah var olacaq demokratik, firavan, modern Azərbaycanı nənəm də sevər.
Oğul ona deyirəm bu gün sevsin Azərbaycanı!
Və bu gün sahib çıxsın ona!
Elmir Mirzoyevin doğum günü
O, Azərbaycanın son zamanlar yetirdiyi nadir şəxsiyyətlərdən biridir. Əvəzsiz bəstəkardır. Intellektualdır. Dəyərli musiqilərin və publisistik yazıların müəllifidir. Ən əsası isə vətəndaş mövqeyi, ölkədə baş verən çirkinliklərə, əclaflıqlara aydın münasibəti olan ləyaqətli bir insandır.
Elmir bəylə bir göyün altında, bir yerin üstündə, bir ölkənin çatısı altında yaşamaq şəxsən mənim üçün qürur və fəxr mənbəyidir.
Onun kimi insanlara sahib olan bir ölkənin gələcəyindən ümid kəsilməz.
Elmir bəyin musiqi istedadını və heç kimlə müqayisəyə gəlməyəcək intellektini bir kənara qoyuram. Bu dəyərli şəxsiyyətin sinəsində Azərbaycanın bu günü ilə bərabər döyünən, ölkəmizin sabahından dəhşətli dərəcədə narahat olan bir ürək döyünür.
Onun qiymətini bizdən çox uzaqlarda layiqincə verirlər. Sorağı ən nüfuzlu musiqi müsabiqələrinin, festivallarının qalibi kimi gəlir.
Və Elmir bəy yaşadığımız ölkədə sıradışı edilməsindən, gözardı edilməsindən zərrəcə əndişəli, qayğılı deyil. Əksinə, tək əndişəsi, qayğısı Azərbaycanın uyğar, modern, çağdaş bir ölkəyə çevrilməsinin yubanması, ləngiməsidir. O, bu gün Azərbaycanda “Əsl ziyalı kimdir?” sualının cavabıdır.
Dünən Elmir Mirzoyevin doğum günü idi. Indi bu sətirləri yazarkən əslində, bu münasibətlə kiçik bir dost ziyafətində olmalı idim. Onu qucmalı, öpüb bağrıma basmalı idim. Alınmadı.
Eybi yox. Bu gözəl insanı, istedadlı dostumuzu, ən əsası, dəyərli aydınımızı elə bu köşədəncə qucur, ona təşnəsi olduğu çağdaş, demokratik, ədalətli Azərbaycanda yaşamağı, yazıb-yaratmağı arzulayıram.
Yaxşı ki, varsan, Bəy!
Yaxşı ki, bizimləsən!
Bu gün Azərbaycanı sevmək
•
•