Yaptokratların “Ümummilli lider haqqında” qanun qəbul etmək istəmələrindən xəbəriniz var. Bu, əslində, yaxşı bir şeydir.
Biz həmişə ölkədə heç bir qanunun işləməməsindən şikayət edirik. Amma axır ki, Azərbaycanda da işlək, kağız üzərində qalmayan bir qanun mövcud olacaq.
Bəli, siz görəcəksiniz bunların “Ümummilli lider haqqında” qanunları necə şıtır-şıtır işləyəcək.
Açığı, mənə o qanunda nə yazılacağı heç maraqlı da deyil. Onsuz da qanun olmadan da bunlar ümummilli liderlərini ən ağılalmaz yollarla millətə həzm, tarixə həkk etdirmək üçün əldən-ayaqdan gedirlər. Məsələn, camaatın evini başına yıxıb yerində Heydər Əliyev Muzeyi tikirlər.
Biz bunu qanunsuz adlandırırdıq, indi olsun ki, qanun qəbul ediləndən sonra belə özbaşınalıqlar legitimləşdiriləcək. O qanun Heydər Əliyev Muzeyi tikiləcəyi yerdə vətəndaşın evini başına uçurmağa icazə verəcək.
Yaxud ola bilsin, bunların “Ümummilli lider haqqında” qanunları ilə dünyaya yeni gələn körpənin dil açdığında “ana” əvəzinə ilk dəfə “Heydər” deməsi şərt olacaq. Əks halda, o körpənin böyüməsi yasaqlanacaq, beləcə, Azərbaycan liliputlar ölkəsinə çevriləcək. Zatən mənəvi liliputların yönəltdiyi bir ölkə üçün bu, qaçılmaz sonluqdur.
Ya da götürüb qanuna yazacaqlar ki, sevənlər bir-birlərinə ürəklərini ancaq hansısa Heydər Əliyev heykəlinin önündə aça bilərlər, əks halda onların vüsala yetişməsi qanunla yasaqlanacaq. Onsuz da hakimiyyət üçün bu elə də yeni bir şey deyil, yaptokratiya 18 ildir xalqla demokratiya, hüquq, ədalət, azadlıqlar arasında qaratikan kimi bitib, onların bir-birinə qovuşmasına mane olur.
Daha nə yaza bilərlər o qanuna? Bilmirəm. Bildiyim tək şey var: dünyada fərqli rüzgarların əsməsinin, Afrika xalqlarının belə, iti və mətin addımlarla uyğarlığa, çağdaşlığa yürüməsinin hələ də bunlara heç bir isti-soyuğu yoxdur. Bunlar Azərbaycanın illah ki, bir şahlıq, bir feodal ölkəsi olmasında israrlıdırlar. Cəmiyyəti irəli götürəcək heç bir addım atmağa həvəsli və maraqlı deyillər. Bunların tək amacı ölkəni çağdaşlığın daha da gerisinə atmaq, Azərbaycanı keçmişin ən qaranlıq, ən üfunətli dönəmlərinə qaytarmaqdır.
Ona görə də “şəxsiyyətə pərəstişi” dirildirlər.
Ona görə də tabulaşmaya qaz verirlər.
Fetişləşdirməni, ilahiləşdirməni dövlətin rəsmi siyasətinə çevirirlər.
“Ümummilli lider haqqında” qəbul etmək istədikləri qanundan məhz belə iyrənc qoxu gəlir.
Əvvəl yenə düşünmək olardı ki, “şəxsiyyətə pərəstiş” bir az da aşağıların, qara kütlənin təşəbbüskarlığı, özfəaliyyətidir. Bununla özlərinə bəraət qazandıra bilərdilər. Amma indi bunu rəsmiləşdirməklə, dövlət siyasətinin ən vacib elementinə dönüşdürməklə faktiki olaraq stalinçiliyə ikinci nəfəs verirlər.
21-ci əsrdə bir şəxs üzərindən qanun düzəltməyin, “şəxsiyyətə pərəstiş”i legitimləşdirməyin nə qədər ayıb, nə qədər çirkin bir iş olduğunu bilməyəcək qədər beyinsizdirlər, deməli. Bəlkə də qəbul edəcəkləri qanun bugünkü Azərbaycanda kağız üzərində qalmayan, işləkliyi təmin edilən ilk və yeganə qanun olacaq, amma fərqində deyillər ki, sabah Azərbaycan uyğar, çağdaş, demokratik bir ölkəyə dönüşdüyündə kağız parçasına çevriləcək ilk qanun da elə həmin qanunun özü olacaq.
Günün notu
YAP-çı deputat Jalə Əliyevanın “Azadlıq” radiosundakı çıxışından: “Heydər Əliyev haqqında keçmiş zamanda danışmayın. O indi də yaşayır!”
Bir neçə dəqiqə sonra: “Heydər Əliyev indi həyatda deyil ki, torpaqları işğaldan azad etsin!”
Axır ki, Azərbaycanda da işləyən qanun olacaq
•
•