Arvadbaz, müğənni, baş nazir… – Berluskoni

«Mən siyasətin Isa peyğəmbəriyəm. Başqalarının günahlarını yumaq üçün özümü qurban verirəm»

Silvio Berluskoni: «Italiyada o qədər gözəl qız var ki… zorlanmanın kökünü kəsmək heç vaxt mümkün olmayacaq»

Italiyada 17 illik Berluskoni dövrü başa çatdı. Baxmayaraq ki, baş nazirin istefası onun hələ siyasətdən getməsi demək deyil. Futbola böyük sevgisi olan Berluskoninin partiyasının adı da azarkeşlərin şüarlarından götürülüb – “Irəli, Italiya”. “Cavaliere”, yəni cəngavər adlandırılan Berluskoni üç dəfə hökumətə rəhbərlik edib.  
Hakimiyyətdə olduğu müddətə görə yalnız Mussolinidən geridə qalan baş nazir ilk dəfə 1994-cü ildə hökumətə rəhbərlik etməyə başlayanda Italiyaya iqtisadi islahatlar vəd etmişdi. Maraqlıdır ki, onun səs-küylü karyerasına son qoyan da məhz iqtisadiyyat oldu. Lakin özü ilə Italiya siyasətini təcəssüm edən bu şəxs hələ uzun illər xatırlanacaq. Çünki Berluskoni siyasi arenadakı fəaliyyətindən çox davranışları və qeyri-adi yumor hissi ilə dünyanın diqqətini özünə cəlb edib. Daha çox qadın düşgünü kimi tanınan baş nazirin adı tez-tez KIV başlıqlarında hallanırdı. Buna səbəb isə onun gənc və yüngül həyat tərzi keçirən qadınlarla əyləncə gecələrində iştirakı olub. Hətta 75 yaşlı Berluskoninin azyaşlı qızla münasibətdə olması da mətbuatın gündəminə gəlmişdi. Üstəlik, baş nazir vəzifə səlahiyyətlərindən istifadə edərək oğurluq üstündə həbs edilən bu qızı həbsdən də azad etdirib. Italiya mətbuatının yazdığına görə, baş nazir “başqa ölkələrdə hətta az dozalarda yol verilməyən hərəkətləri, davranış stilini qanuniləşdirib”.
Sevgi macəraları ilə iqtisadi böhranı kölgədə qoyub


Berluskoni ilk növbədə sevgi macəraları ilə hər zaman gündəmdə olub. Hətta 2008-ci ildə növbəti dəfə baş nazir seçiləndən sonra baş qaldıran maliyyə böhranı zamanı onun məhəbbət əhvalatları iqtisadi disskussiyaları kölgədə qoymuşdu. 30 illik ikinci həyat yoldaşından boşanmasına səbəb də belə münasibətlər olub. Baş nazirin xanımı ona 18 yaşlı neopolit qızın ad günündə iştirakını bağışlamayıb.
Maraqlıdır ki, boşanmalara qarşı çıxış edən Berluskoni iki dəfə evli olub və hər iki halda boşanıb. Onun ikinci həyat yoldaşı ilə tanışlığı da maraqlı olub. Belə ki, aktrisa olan Veronika Lario rollarının birində səhnəyə çılpaq çıxmalı olub. Bu səhnə Berluskonini o qədər təsirləndirib ki, tamaşadan dərhal sonra o, qrim otağına gedərək gələcək xanımı ilə tanış olub. Lakin qadınlara isti münasibəti ilə tanınan baş nazir publika qarşısında xanımı ilə əsl diktator kimi davranır. Ona əlini necə yelləməli, harda gülümsəməli olduğunu tapşırır. Bu səbəbdən də Italiyanın birinci xanımı əri ilə birlikdə tədbirlərdə iştirak etməyi xoşlamayıb.
Berluskoninin dünyanın hər yerinə səpələnmiş məşuqələri arasında rus qızları da az olmayıb. Özünü baş nazirin rəfiqəsi kimi təqdim edən rusiyalı model onun olduqca əliaçıq və xeyirxah olduğunu deyir: “Bu həyatda bütün yaxşılıqları toplasan, bunların hamısı Berluskonidə var”.
Onu Italiyanın deputat-qadınları da yaxşı xatırlayır. Parlament ona etimadsızlıq göstərməyə cəhd edəndə Berluskoni cəmi üç səslə üstün oldu. Bu zaman o parlamentdə təmsil olunan 37 məmur qadının hər birinə Italiya bayrağı rəngində almaz qaşlı qızıl üzük bağışladı.
Keçmiş model Patrisiya D’Addario isə keçmiş baş naziri sutenyorluqda ittiham etməkdən belə çəkinməyib. Buna səbəb isə baş nazirin dostlarının ona Berluskoni ilə keçirəcəyi gecəyə görə pul təklif etməsi olub. Baş nazir özü isə qıza Avropa Parlamentinə namizədliyini irəli sürməyə kömək edəcəyini vəd edib.
Berluskoninin macəraları barədə Fransanın keçmiş prezidenti Jak Şirak da fikirlərini bildirib. Belə ki, Şirakla qeyri-rəsmi görüşlərinin birində Berluskoni ona porno modellərlə əlaqələri barədə danışıb. Hətta o, Fransa prezidentinə bu qızların şəkillərini də göstərib.
Bu kimi vərdişlərinə görə 75 yaşlı Berluskoni dəfələrlə məhkəmə qarşısında dayanmalı olub. Lakin hər dəfə sudan quru çıxa bilib. Onun məhkəmə qarşısına çıxmasına səbəb təkcə sevgi macəraları olmayıb. Baş nazir vergidən yayınmada da ittiham edilib. Ümumilikdə isə məhkəmə proseslərinə görə hüquqi xidmətlərə 270 mln dollar pul xərcləməli olub.
Məktəbdən başlayan biznes


“Forbes”in açıqlamasına görə, sığorta maqnatı, banklar, telekanallar və “Milan” futbol klubunun sahibi Berluskoninin 12 mlrd dollar vəsaiti var. Onun heç nədən pul qazanmaq məharəti isə uşaq yaşlarından üzə çıxıb. Gələcək baş nazir ilk pullarını sinif yoldaşlarına pulsuz kukla teatrına biletlər satmaqla qazanıb. Eyni zamanda pulla sinif yoldaşlarının ev tapşırıqlarını, təhsil aldığı Milan universitetində isə tələbələrin kurs işlərini yazıb. Tələbə vaxtı paralel olaraq tozsoran alverilə də məşğul olub.
Müğənni baş nazir
Berluskoni musiqiyə marağı ilə də tanınıb. Gənc yaşlarında kruiz laynerində müğənni kimi çalışan gələcək baş nazir hətta universitet xərclərini bu yolla ödədiyini deyir. 2003-cü ildə “Better with a Song” adlı sevgi balladaları albomunu buraxan Berluskoni həmin ildə Putinin səfərinə “Mən həmişə səni düşünürəm” adlı mahnı yazıb. 2006-cı ildə isə Berluskoni öz 70 illiyinə növbəti albomunu buraxıb.

Ədabaz baş nazir


Özü haqqında yüksək fikirdə olan Berluskoni tarixdə xüsusi yerinin olacağına heç vaxt şübhə etməyib. Hətta özü haqqında bildirib ki, “həyatımın taixçəsini, professional vərdişlərimi və biznesdəki uğurlarımı götürəndə, mənim tayım yoxdu”. Berluskoni xarici görünüşünə də ciddi fikir verib. Hündürdaban ayaqqabı və bahalı kostyumlara üstünlük verən baş nazir ağaran saçlarını da boyayır. Keçirdiyi plastik əməliyyatların sayına görə isə Maykl Ceksondan da geri qalmır.
Berluskoninin ən məşhur sözləri
Parlaq natiq kimi tanınan baş nazir italiyalılara hər zaman onların eşitmək istədiyini deyirdi. Italiya mətbuatının yazdığına görə, “həqiqət – onun həqiqət hesab etdikləridi”.
Lakin Berluskoni eyni zamanda xeyli maraqlı ifadələri və qeyri-adi hərəkətləri ilə də yadda qalıb.
Məsələn, 2001-ci ilin sentyabrın 26, ABŞ-da 11 sentyabr terror aktlarından iki həftə sonra o bəyan edir ki, “hər şeyi bərabərləşdirmək olmaz. Qərb sivilizasiyasının üstün olması ilə bağlı özümüzə hesabat verməliyik”.
2002-ci ilin fevralında AI XIN başçılarının görüşündə şəkil çəkdirən zaman Ispaniyanın naziri Xosep Pikenin başına “buynuz” tutur.
O zaman şəkil bütün dünya mətbuatını dolaşdı. Baş nazirin bu hərəkəti avropalı diplomatları narazı salsa da, Berluskoni bunu gərginliyi aradan qaldırmaq üçün etdiyini deyib.
2003-cü ildə Italiya AI Nazirlər Kabinetinə rəhbərliyə başladığı günün səhəri almaniyalı deputat Martin Şults Silvio Berluskoninin daxili siyasətini tənqid edib. Ona diqqətlə baxan baş nazirin cavabı isə siyasi skandala səbəb olur: “Cənab Şults. Tanış rejissor var, ”konslager”lərdən film çəkir. Ona təklif edəcəm sizə “konslager” mühafizəçisi rolunu tapşırsın. Siz o rola ideal yaraşırsınız”.
2005-ci ilin dekabr ayında Berluskoni iddia edir ki, Rusiya prezidenti Putin “qatı antikommunistdi” və “Stalinqrad döyüşünü görüb”. Ancaq bunu deyərkən Berluskoni Putinin 1952-ci ildə anadan olduğunu, 1975-ci ildən DTK-də işləyib və 1991-ci ilən qədər kommunist partiyasının üzvü olduğunu unudub.
2006-cı ilin mart ayında bəyan edir ki, Çində Mao vaxtında “uşaqları bişirir və onlardan gübrə düzəldirdilər”.
2008-ci ilin noyabr ayında sammitə gələn Almaniya kansleri Angela Merkeli “qorxutmaq” üçün sütunun arxasında gizlənir.
2009-cu ilin yanvarında bəyan edir ki, Italiyada “o qədər gözəl qız var ki”, zorlanmanın kökünü kəsmək heç vaxt mümkün olmayacaq.
2009-cu ilin yazında ehtiyacı olan tələbə qıza milyonçuya ərə getməyi təklif edir. Seçici qadınlardan biri ondan iqtisadi stabilliklə bağlı vədlərini xatırladanda da Berluskoni eyni təklifi irəli sürür. 
2009-cu ilin aprelində Akvildəki zəlzələdən sonra qaçqınlardan xahiş edir ki, “baş verənləri təbiətdə istirahət kimi qəbul etsinlər”.
2009-cu ilin noyabr ayında Italiya mafiyası haqqında film və kitab müəlliflərini “boğmaqla” hədələyir. Çünki onlar “dünyada Italiyanın mənfi obrazını” yaradır.
2010-cu ilin oktyabr ayında onu “evə” göndərmək istəyən müxalifəti ələ salır, çünki 20 evindən hansına gedəcəyini bilmir.
2010-cu ilin noyabr ayında: yetkinlik yaşına çatmamış mərakeşli Rubi ilə bağlı qalmaqalın qızğın vaxtı bəyan edir ki, “mavi olmaqdansa, gözəl qızları sevmək daha yaxşıdı”.
Kidci qəsrində (Italiyada baş nazirin iqamətgahı) Veneranın qolsuz heykəlindən bezən Berluskoni ona qol düzəltməyi təklif edir.
2011-ci ilin fevral ayında isə deyir ki, başı üsyançılarla mübarizəyə qarışan Liviya diktatoru Müəmmər Qəzzafini daha “narahat etmək” istəmir.
Həvəslə cinslərin münasibətlərinə dair fikirləri ilə bölüşən Berluskoni jurnalistlərə açıqlamasında heç vaxt xidmətlərinə görə qadınlara pul ödəmədiyini də deyir. 2003-cü ildə isə baş nazir Nyu-York Fond Birjasında Italiya iqtisadiyyatına investisiya qoymağı təklif edib. Buna səbəb kimi isə ölkəsində kommunistlərin azlığı və fövqəladə gözəl katibələrin çoxluğunu göstərib.
Berluskoni Mussolinin heç kəsi öldürmədiyini, sadəcə narazıları xarici səyahətlərə göndərdiyini deyib.
Baş nazir 2009-cu ilin əvvəlində Amerikanın yeni seçilmiş prezidenti Barak Obama ilə görüşünün təfərrüatlarını da özünəməxsus şəkildə bölüşüb: “Nədi onu adı? Elə qaralıb ki? Siz inanmarsınız, ancaq deyəsən o, arvadı ilə birlikdə qaralıb – hər ikisi qaradı”.
Baş nazirin özünün tarixdəki roluna da şübhəsi yox idi: “Çörçil Italiyanı nasistlərdən azad etdi, mən – kommunistlərdən”. Napoleon Bonaparta qiymət verən Berluskoni ondan az iş gördüyünü etiraf etsə də, boyda imperatordan hündür olduğunu bildirib. Həmçinin o, Putin və Sarkozidən də ucaboy olduğunu qürurla dilə gətirirdi. Fransa imperatoru ilə özünü müqayisə edən baş nazir bununla da kifayətlənməyib: “Mən siyasətin Isa peyğəmbəriyəm. Başqalarının günahlarının yumaq üçün özümü qurban verirəm”.
Qəzzafinin dostu


Berluskoninin baş dostu isə devrilmiş Liviya diiktatoru Müəmmər Qəzzafi olub. Italiya baş nazirinin Qəzzafinin əlini öpməsi böyük səs-küyə səbəb olmuşdu. Lakin Berluskoni bunu Italiya naminə etdiyini deyirdi. Italiyanın baş naziri Müəmmər Qəzzafinin Afrika Ittifaqına başçı seçilməyi üçün isə qeyri-adi vasitəyə əl atıb. O zaman Afrika dövlərinin birinin prezidenti Liviya diktatorunun namizədliyinə qarşı çıxıb. Berluskoni isə dostuna yardım etmək üçün etirazçı prezidentin yanına iki qız göndərir. Qızların xidmətindən razı qalan prezident Qəzzafiyə mane olmur və mövqeyindən geri çəkilir.
Fizzə Heydərli