Suriya müxalifəti Əsəd ordusuna ağır zərbə vurdu (VİDEO)

Hərbi-hava qüvvələrinin kəşfiyyat xidmətinin bazasına hücum olub

 

Suriyanın paytaxtı Dəməşqin Harasta rayonunda ordudan qaçan hərbçilər ölkənin hərbi-hava qüvvələrinin kəşfiyyat xidmətinin bazasına hücum ediblər. Özlərini “Azad Suriya ordusu” adlandıran və hökumət qüvvələri ilə silahlı toqquşmalara girən fərarilər kəşfiyyat xidmətinin binalar kompleksinə qumbaraatan və pulemyotlardan zərbələr endiriblər.

Sakinlər bir neçə partlayış səsi eşitdiklərini bildiriblər. Döyüşlərə helikopterlər də cəlb olunub. Bu, Suriya prezidenti Bəşər Əsəd əleyhinə nümayişlər başlayandan indiyədək keçən 8 ay ərzində ilk belə hücumdur. “Azad Suriya ordusu”nun isə ən genişmiqyaslı əməliyyatıdır.

Atışma nəticəsində ölən və yaralananlar barədə hələlik dəqiq məlumat yoxdur. Suriya hərbi-hava qüvvələrinin kəşfiyyat xidməti hərbi kəşfiyyatla birlikdə orduda qarşıdurmaların aradan qaldırılması funksiyasını daşıyır. Bu iki diviziya Bəşər Əsəd əleyhinə nümayişlərin dağıdılmasında iştirak edən aparıcı qüvvələr olub. BMT-nin hesablamalarına görə, Suriyada Əsəd əleyhinə nümayişlərdə 3500-dən çox adam öldürülüb.

Suriya hökuməti Ərəb Ölkələri Liqasının növbəti toplantısını boykot etmək qərarına gəlib. Toplantı bu gün Mərakeşin paytaxtı Rabatda keçiriləcək. İclas Suriyanın Ərəb Ölkələri Liqasından çıxarılması qərarının tamamlanması məqsədilə çağırılıb. Suriya dövlət xəbər agentliyi xarici işlər nazirinə istinadən xəbər verir ki, Mərakeş rəsmilərinin bəyanatlarına baxmayaraq, Suriya Rabatda Ərəb Liqasının iclasında iştirak etməmək qərarı verib. Bundan əvvəl isə Mərakeşin xarici işlər naziri Tayiv Fassi Suriyanın da iclasda iştirakı arzuolunandır (ANSPRESS).