“Amnesty İnternational” Qərbi hərəkətə keçməyə çağırdı
“Azərbaycanda “Azadlıq” şüarı səsləndirmək ömrünü həbsdə keçirməyə bərabərdir”
“Amnesty İnternational” Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyətindən bəhs edən xüsusi hesabatını yayıb. “Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar” adlanan hesabatda bu ilin martında baş verən etiraz aksiyalarında həbs olunanların durumundan bəhs edilir və beynəlxalq ictimaiyyət neft zəngini olan Azərbaycanda insan haqlarının pozulmasına göz yummamağa çağırılır. Sənədə görə hakimiyyətin sistemli basqılarına baxmayaraq, Azərbaycanda gənclər özlərinin toplaşma və ifadə azadlıqlarından istifadə etməyə yollar tapmağa çalışırlar: “Dissidentlərin təqiblərlə üz-üzə qaldıqları bir vaxtda internet azad sözün tək sığınacaq yerinə çevrilib. Dövlət televiziyası “Facebook”dan istifadə edənləri ruhi xəstələr kimi təsvir edən verilişlər yayır. Küçədə “Azadlıq” şüarı səsləndirənə 10 gün həbs cəzası verilə bilər. Başqalarını bu şüarı səsləndirməyə cəlb etmək isə ömrünün üç ilini həbsdə keçirməyə gətirib çıxara bilər”.
Hesabatda AXCP fəalı Cabbar Savalanın, gənc fəal Bəxtiyar Hacıyevin, Neft Akademiyasından qovulmuş Elmin Bədəlovun, Fransada yaşayan gənc fəal Elnur Məcidlinin ailəsinin, Müsavat partiyasının gənclər qurumunun rəhbəri Tural Abbaslı və Rüfət Hacıbəylinin başına gələnlər haqqında ətraflı məlumat verilir.
“Hökuməti tənqid edənlər bir qayda olaraq cəzalandırılır”
Nəticə kimi qeyd edilir ki, təşkiltın 2009-cu ildə yaydığı Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatından bəri ölkədə bu sahədə vəziyyət daha da pisləşib: “Ölkədə tənqidi söz deyənə dözüm çox aşağı səviyyədədir. Siyasətdə, jurnalistikada, təhsildə, hətta, sosial şəbəkələrdə, harda olursa-olsun, hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır. Beynəlxalq dairələrin bu cür cəza tədbirlərinə susqun reaksiyası hökumətin əl-qolunu daha da açır, ona yardım vermiş olur. Bəzi ölkələr Azərbaycanın neft və qaz sektoruna yüksək məbləğlərdə sərmayələr yatırıblar. Belə görünür ki, Azərbaycan hökuməti də öz addımlarında məhz həmin sərmayəçi dövlətlərə güvənir. Onların çoxu da bu ölkədə insan haqları pozuntularına göz yuman Avropa Birliyinin üzvü olan dövlətlərdir. Nəticədə də Azərbaycan hökuməti insan haqlarının vəziyyətinə görə səslənən tənqidləri ciddiyə almır”.
“Amnesty İnternational” nəticə kimi Avropa Komissiyasının prezidenti Coze Manuel Barrosoya göndəriləcək elektron müraciəti imzalamağa çağırır. Həmin müraciətdə Avropa Komissiyasının rəhbəri Azərbaycanla ticarət əlaqələrində bu ölkədə insan haqları sahəsində irəliləyişlərə önəm verməsi xahiş edilir. Bundan başqa, Bakı ilə təmaslarda ayrı-ayrı şəxslərin pozulmuş haqlarının gündəmə gətirilməsi istənilir.
Müraciətdə həmçinin Avropa Komissiyasının prezidentindən Cabbar Savalan, Bəxtiyar Hacıyev, Tural Abbaslı, Rüfət Hacəbəyli və başqalarının dərhal və qeyd-şərtsiz azadlığaı buraxılmasına çağırması xahiş edilir.
Hesabat ətrafında çıxışlar etmək və jurnalistlərin suallarını cavablandırmaq üçün bu gün “Amnesty İnternational”ın Avrasiya bölməsinin rəhbəri Con Dalhuzen və qurumun Avropa və Mərkəzi Asiya proqramlarının nümayəndəsi Natalia Nozadze jurnalist Eynulla Fətullayevlə birgə mətbuat konfransı keçirdilər. Tədbirdə beynəlxalq qurumların Azərbaycandakı nümayəndələri, səfirliklərin təmsilçiləri və CNN kanalının əməkdaşı da iştirak edirdi.
“Müxalifət mövcud olsa da, fəaliyyət göstərə bilmir”
C.Dalhuzen çıxışına Azərbaycandakı mövcud vəziyyəti qiymətləndirməklə başladı: “Son 20 ildə Azərbaycanda demokratiyanın sümükləri formalaşıb, amma bu sümüklərin üzərində ət yoxdur. Müxalifət partiyaları mövcud olsalar da, fəaliyyət göstərə bilmirlər. Azad media çap olunur, amma onlar nələrisə yazanda və ya deyəndə çox ehtiyatlı olmalıdırlar. Müstəqil QHT-ləri istənilən an bağlaya bilərlər”.
C.Dalhuzen AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə xüsusi məruzəçisi K.Ştrasserin Azərbaycana buraxılmamasını AŞ prinsiplərinin pozuntusu kimi qiymətləndirdi: “O, mandatı üzrə Azərbaycana daxil ola bilməlidir. Əks halda AŞPA müəyyən tədbirlərə əl atmalıdır”.
Cənab Dalhuzen onu da əlavə etdi ki, Azərbaycanda insan haqları sahəsindəki pozuntuları Avropa Şurası, Avropa Birliyi və BMT səviyyəsində qaldıracaqlar ki, bu qurumlar Azərbaycan hökumətinə ciddi reaksiyalar versin.
N.Nozadze isə hesab edir ki, bu ilin mart-aprel aylarında baş verənlər ölkədə insan haqları sahəsində vəziyyətin necə pisləşdiyini göstərir: “Həmin hadisələr bir daha göstərir ki, Azərbaycan hakimiyyəti müxalif fikirlərin boğulması və bu kimi çıxış və etirazların yatırılması istiqamətində yön alıb. Biz hökumətdən 17 nəfər məhbusun dərhal azadlığa buraxılmasını istəyirik. Hadisələrin bu cür dinamikası Azərbaycanın beynəlxalq imicini zədələyir. Vəziyyətin yaxşılaşması, öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan hakimiyyəti ifadə azadlığını təmin etməlidir. Eyni zamanda dinc nümayişlərin keçirilməsinə icazə verməlidir”.
“Şahin Həsənli və Vidadi İsgəndərlinin həbsi tam siyasidir”
Daha sonra N.Nozadze mart-aprel məhbusları ilə bağlı təmsil etdiyi qurumun mövqeyini açıqladı: “Bu şəxslərin asayişi pozmaqda ittiham olunmasını qəbul etmirik. Hesab edirik ki, onlar vicdan məhbuslarıdır və dərhal azad edilməlidirlər. Onlar ifadə və sərbəst toplaşmaq azadlığından istifadə etdikləri üçün həbs olunublar. Daha dörd nəfərin də iğtişaş törətməkdə ittiham olunmasına gəlincə, biz onların məhkəmə prosesinin beynəlxalq standartlara cavab verməsini tələb edirik. Barəsində hökm çıxarılmış 14 nəfərin məhəkəməsi ədalətli keçməmişdi. Onlar qondarma ittihamlarla həbs olundular. Bunlardan biri AXCP təmsilçisi Şahin Həsənli, digəri hüquq müdafiəçisi Vidadi İsgəndərlidir. Hər iki şəxs həmin etiraz dalğası zamanı həbs olunublar və həbsləri tam siyasidir. Biz bu iki şəxsi də vicdan məhbusu hesab edirik və azadlığa buraxılmalarını tələb edirik”.
“Gənclər hökumətin siyasəti ilə barışmadıqları üçün həbs olunublar”
N.Nozadze Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin həbsinə də toxunaraq bu gənclərin “Facebook” səhifələrində etiraz çağırışları etdiklərinə və siyasi baxışlarına görə saxlanıldıqlarını deyib: “Elə bir mötəbər sübutlar yoxdur ki, biz onların təqsirli olduğuna inanaq. Onlar hökumətin siyasəti ilə barışmadıqları üçün həbs olunublar”.
Xanım Nozadze jurnalistlərə qarşı basqılardan da danışaraq “Azadlıq” qəzetinin əməkdaşları Seymur Həziyevlə, Ramin Dekonun adını çəkdi: “Onlar tənqidi mövqelərinə, prezident haqqında kəskin yazılarına görə təqib olunub, döyülüblər. İstintaq bu insidenti effektiv araşdırmayıb, bu da ölkədə cəzasızlıq mühitindən xəbər verir. Hökumət vətəndaş cəmiyyətinin fəallarını da təqib edir. Martda Gəncədə fəaliyyəti seçkilərlə bağlı olan QHT-lərin ofislərini əsassız yerə bağlayıblar. Hakimiyyət bu addımını həmin qurumların qeydiyyat probleminin olması ilə izah edib. Milli Demokratiya İnstitutu fəaliyyətini bərpa edə bilsə də, hazırda onların qeydiyyat məsələsi qeyri-müəyyəndir. Bütün bunlar Azərbaycanın beynəlxalq imicini zədələyir. Azərbaycan hökuməti ifadə və sərbəst toplaşmaq azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozur. Hökumət ifadə azadlığına və dinc nümayişlərin keçirilməsinə şərait yaratmalıdır. Biz hökuməti həbs edilənləri azad etməyə və vətəndaş cəmiyyəti qurumlarına qarşı təqiblərə son qoymağa çağırırıq. Beynəlxalq ictimaiyyətdən də bu istiqamətdəki səylərini artırmasını istəyirik”.
Qurum nümayəndəsi siyasi əqidəsinə görə, universitetdən xaric edilən gənclərin məsələsi ilə də çox ciddi məşğul olduqlarını bildirib.
“Bu təşkilat olmasaydı, dünya və Azərbaycan daha ədalətsiz olardı”
Eynulla Fətullayev isə “Amnesty İnternational”ın “ədalət” sözünə sinonim olmasından, vicdan məhbuslarının azad edilməsi istiqamətindəki böyük rolundan danışdı: “Təşükkür edirəm ki, Azərbaycana və problemli ölkələrə bu qədər diqqətlə yanaşırsız. Azərbaycanda haqqı tapdanan hər kəs sizə ümid edir. Çünki son illərdə fəaliyyətinin Qərbə, Avropa Birliyinə başucalığı gətirir. Həbsxanada özümə sual verirdim – görəsən, “Amnesty İnternational” olmasaydı, nə baş verərdi? Hesab edirəm ki, dünya və Azərbaycan daha ədalətsiz olardı. Bizim sağ qalmağımızda, həbsxanadan gümrah çıxmağımızda bu təşkilatın misilsiz xidmətləri var”.
Gültəkin