Bu, artıq tarixi reallıqdır. Aparılan əks təbliğat sübut etdi ki, Azərbaycan hakimiyyəti sözün həqiqi mənasında ziyalılarla üz-üzə qalıb. Əsəblərini cilovlaya bilmir, hətta deyərdim ki, onların əlindən zəncir gəmirir. Söyləyə bilərsiniz ki, Ziyalılar Forumu hələ bütün ziyalılar demək deyil, bu gün susan, hakimiyyətin dəyirmanına su daşıyan ziyalılar sayca qat-qat çoxdur. Doğrudan da ziyalı kəsiminin bütövlükdə Azərbaycan hakimiyyətinə qarşı çıxdığını indi demək mümkün deyil. Amma Ziyalılar Forumunda toplaşan ziyalıların hər mənada çəkisi əks tərəflə müqayisədə çox ağırdır. Bax, hakimiyyəti əsəbiləşdirən məqam budur. Ona görə özlərini itiriblər…
Yoxsa niyə 500 minlik partiyası, böyük alim və ziyalı ordusu, nefti, qazı, manatı, milyardı olan bir hakimiyyət belə əl-ayağa düşürdü? Çünki çox tanınmış, çox çəkili bu ziyalılara qarşı onların çıxara biləcəyi nüfuzlu alimi, ziyalısı yoxdur. Bu səviyyədə olan ziyalılar da həmin adamlara qarşı durmur, mövqelərini açıq şəkildə dəstəkləməsələr də, əleyhinə də getmirlər. Zabitə qarşı piyada qoymaq durumu yaranıb.
Ziyalılar Forumunda olmayan nüfuzlu və çəkili alimlər də var, lakin onlar artıq hakimiyyətin tapşırığı ilə Rafiq Əliyevə, Əkrəm Əylisliyə, Ramiz Rövşənə, Rüstəm Ibrahimbəyova, Aslan Ismayılova qarşı çıxmır. Bu, asan da deyil. Başqa vaxtlar hakimiyyətin istənilən işinə yarayan sevimli Anar, da susur.
Qarşı çıxanlar isə ya xalq arasında nüfuzdan düşüblər, ya heç nüfuz sahibi olmayıblar. Azərbaycanın çox tanınmış alimlərindən biri akademik Cəlal Allahverdiyevin dünən “Yeni Müsavat”“a açıqlamasında dediyi sözlərə diqqət ayırın: “Rafiq Əliyev qabiliyyətli və ləyaqətli adamdır. Elm sahəsində də çox iş görüb. Onun üstünə niyə düşürlər? Elmi və ləyaqəti Rafiqdən çox-çox az olan adamlar ondan çox yuxarı vəzifələri tuturlar.”
Cəlal Allahverdiyev, hətta Rafiq Əliyevə qarşı çıxan alimləri də qınamaqdan çəkinmir.
Aydındır ki, bir qrup ziyalının hakimiyyəti tənqid etməsi mövcud siyasi status-kvonu dəyişdirir, hakimiyyətin “ziyalılar da bizi” müdafiə edir”“ təbliğatını dağıdır, yeni etiraz ocağı yaradır. Amma ən başlıcası odur ki, hakimiyyət onların çəkisi və nüfuzuna qarşı tərəf çıxara bilmir. Üstəlik, nüfuzlu, ləyaqətli alimlər də onların müdafiəsinə qalxır.
Və daha bir üstünlük. Sayca az olan bu tərəf həm də həqiqəti deməklə güclüdür. Ziyalının isə gücü həqiqətdir. Hakimiyyət tərəfinin yalanı ilə silahlananların isə nə gücü olacaq? Sirr burdadır.
Elə bu səbəbdən də əsəblər gərilir və gülüş doğuran vecsiz dəlillər ortaya çıxır.
Ziyalılar siyasətə qarışmamalıdır?
Əsas ittihamlardan biri budur ki, ziyalılar siyasətə qarışmamalıdır. Bərəkallah, həm də bunu özünə ziyalı deyənlər yazır. Bunu yazaraq siyasətə qarışanlar…
Görəsən, niyə ziyalılar siyasətə qarışmamalıdır? Belədirsə, nə üçün hakimiyyət illərdir ölkədəki ziyalıların onu müdafiə etdiyini bəyan edir. Niyə başqa vaxt YAP-da olan professorların, alimlərin sayı ilə öyünürlər. Son seçkilərdə YAP icra katibi Əli Əhmədov fəxrlə bildirmişdi ki, partiyanın deputatlığa namizədləri arasında 5 akademik, 3 AMEA-nın müxbir üzvü, 10 ali məktəb rektoru, 20-yə yaxın elmlər doktoru və professor var
(bax: http://anspress.com/index.php?a=2&lng=az&nid=65913).
Bəs indi niyə alimlərə yazdırırlar ki, ziyalı siyasətə qarışmamalıdır. Indi düşək hakim komandadakı alimlərimi sayaq? Bəlkə zor-xoş YAP üzvü olan ziyalıların, elm adamlarının siyahısını tutaq?!
Rafiq Əliyevin və Ziyalılar Forumunun əleyhinə bu arqumenti yazan alimlərin adi məntiqi də yoxdurmu ki, özləri o yazılarla siyasətə qarışıblar artıq. Bəs onda niyə qarışırsınız kiminsə siyasətə qarışmasına. Üstəlik, hansını dindirsən, cibindən YAP bileti çıxacaq.
Əslində, “ziyalıların siyasətə qarışmaması”“” bilirsinizmi nə deməkdir? Siz ölkəni talayanların işinə qarışmayın! Susun! Qoy, onlar pulları rahat saysınlar!
Ziyalı vətəndaş deyil? Vətəndə baş verənlər haqda danışa bilməzmi? Bəlkə bizim ziyalılar ancaq Konqodakı, Braziliyadakı, Türkmənistandakı vəziyyəti müzakirə etməlidirlər? Belə bir düşüncə ilə bu adamlar necə alim olublar? Olublarmı?