Ziyalılar Forumuna qarşı hücuma böyük hiddət

«Rafiq Əliyevə qarşı bu cür kampaniyanın aparılması ləyaqətsizlikdir»

Informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəbin yaradıcısı olan akademik Rafiq Əliyev dünyanın bir çox məşhur universitetinin (Corciya Dövlət Universiteti – ABŞ, Təbriz Universiteti – Iran, Siegen Universiteti – Almaniya, Yaxın Doğu Universiteti – Şimali Kipr və s.) professorudur. 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidentidir. 1988- 90-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və təhsil şöbəsinin müdiri olub. Belə bir bioqrafiyaya sahib şəxs neçə gündür iqtidar mətbuatında aparılan təbliğata görə, alim adlandırıla bilməz.
Əvvəlcə 4 akademikin R.Əliyevi alim saymadıqları ilə bağlı sərt ittiham səsləndirməsinin ardından dünən akademikin ünvanına BDU-nun müəllim kollektivindən də “etiraz” məktubu gəlib.
BDU-nun bir qrup ziyalısının Azərbaycan ziyalılarına müraciəti kimi təqdim olunan məktubda da Ziyalılar Forumunun iştirakçıları Azərbaycanın milli maraqlarına zidd mövqe tutmaqda ittiham olunur.
“Azadlıq”a daxil olan məlumata görə, yaxın günlərdə başqa ali məktəblər və təhsil ocaqları da oxşar bəyanat verərək Ziyalalır Forumuna və R.Əliyeva qarşı aparılan kampaniyaya qoşulacaqlar.
Ziyalılar Forumuna və R.Əliyevə qarşı aparılan kampaniyaya eyni zamanda hakim partiyanın üzvləri də qoşulub.
YAP icra katibinin müavini Mübariz Qurbanlının adından dünən “Azərbaycan” qəzetində dərc olunan yazı məhz bu qəbildəndir. M.Qurbanlıya görə, Ziyalılar Forumunda təmsil olunanları bir araya gətirən özlərinin şəxsi problemləridir. M.Qurbanlı hesab edir ki, R.Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən çıxarılmasına siyasi don geydirmək cəhdi də əbəsdir.
Hakimiyyət tərəfindən aparılan və daha çox 37-ci illərin ab-havasına uyğun kampaniayaya ölkənin tanınmış şəxslərinin münasibətini öyrəndik.

Əbülhəsən Abbasov: “Kimsə düşünməsin ki, bu cür metodlarla Azərbaycanın ziyalı potensialını söndürmək mümkündür”

Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun fikrincə, Ziyalılar Forumuna qarşı aparılan kampaniya qərəzlidir və reallığı əks etdirmir:
– Bu kampaniyanın nə sifarişçiləri, nə də icraçıları düzgün qərar veriblər. Bu, milli mənafe, dövlətçilik baxımından fayda verən iş deyil. Təsadüfi deyil ki, iqtidaryönlü şəxslərin bir çoxu bu hadisəni pisləyir. Rafiq Əliyev üçün kafedra müdirliyi şöhrət gətirən vəzifə deyildi. O, bir alim kimi kafedra müdirliyinə görə tanınmırdı. Mən Rafiq müəllimi 20 ildən artıqdır ki, tanıyıram. Rafiq Əliyev dünya miqyasında Azərbaycanı təmsil edən ziyalıdır. O, bütövlükdə Azərbaycanın elm-təhsil sisteminə nüfuz gətirirdi. Rafiq Əliyevə qarşı bu cür münasibət ölkəmizdə intellektual resurslardan ciddi istifadə olunmadığını göstərir. Artıq bu sahədə elə xoşagəlməz vəziyyət yaranıb ki, hətta Rafiq Əliyev kimi nüfuzlu şəxsiyyət təzyiq və təqib altına düşə bilər. Ziyalılar Forumuna və Rafiq Əliyevə qarşı kampaniyaya etiraz etmək təkcə onun şəxsiyyətinin müdafiəsi demək deyil, bu, eyni zamanda baş alıb gedən haqsızlığa etirazdır. Heç kim maraqlanmır ki, bu gün ziyalı nə demək istəyir. Istənilən odur ki, ziyalı sındırılsın, o, məmurlara quyruq bulasın. Kimsə düşünməsin ki, bu cür metodlarla Azərbaycanın ziyalı potensialını söndürmək mümkündür. O, çox böyük səhvə yol verir. Mən deyrədim ki, bu bir cinayətdir. Bu cür təbliğatla Azərbaycanın mütərəqqi inkişaf yolunun belə qarşısı alına bilər. Bu, cəmiyyətdə toqquşmalara yol aça bilər. Biz hazırda qollarını çərimələyən BDU-nun müəllimlərinin, “akademiklərin” mövqeyini görürük. Cəmiyyət məgər bilmir həmin “akademiklər” hansı yolla seçiliblər?

Rüstəm Behrudi: “Rafiq Əliyevi hədəfə alan və onun ziyalı olmadığına iddia edənlər özləri ziyalı deyillər”

Tanınmış şair Rüstəm Behrudinin sözlərinə görə, Ziyalılar Forumunda cəmləşən şəxslərə qarşı kampaniyanın aparılması ədalətsiz yanaşmadır:
– Rafiq Əliyevə qarşı aparılan kampaniya yalandır. Hər bir yalanın arxasında bir həqiqət dayanır. Amma bütün həqiqətlərin arxasında yalan gizlənmir. Rafiq Əliyev çox mədəni və ləyaqətli adamdır. Mə onu böyük ziyalı və hörmətli adam kimi tanyıram. Bu gün Rafiq Əliyevi hədəfə alan və onun ziyalı olmadığına iddia edənlər özləri ziyalı deyillər. Nə qədər səviyyəsiz olmaq lazımdır ki, belə bir iddia ilə çıxış edəsən? Rafiq Əliyev əbədi, onu hədəf alan adamlar isə keçici şəxslərdir. Rafiq Əliyev yüz il sonra belə öz yerində qalacaq. Amma ona qarşı çirkin kampaniya aparanlar unudulacaqlar.

Adil Qeybulla:  “Ona qarşı siyasi konyunkturadan gələn ittihamlar hazırkı siyasi reallıqları əks etdirir”

Professor Adil Qeybulla da aparılan kampaniyanın cəmiyyəti üz-üzə qoyduğunu dedi:
– Rafiq Əliyev görkəmli və tanınmış adamdır. Əslində ona qarşı siyasi konyunkturadan gələn ittihamlar hazırkı siyasi reallıqları əks etdirir. Hazırda yaşananları yalnız ziyalılara qarşı hücum kimi qiymətləndirmək lazım deyil. Baş verənlər eyni zamanda cəmiyyətdəki problemləri ortaya qoyur. Biz ölkədə dialoq mühiti üçün çalışmalıyıq, amma bu cür xoşagəlməz olaylarla üzləşirik. On il əvvəl AMEA-dan uzaqlaşdırılmam nəticəsində mənim də ünvanıma dörd akademikin müraciətini qoymuşdular. Demək istəyirəm ki, bu cür kampaniyalar dayandırılmalıdır.

Eldəniz Quliyev: “Rafiq Əliyev Azərbaycanın ləyaqət simvolu olduğuna görə ona qarşı bu cür kampaniya ləyaqətsizlikdir”

Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev isə bildirdi ki, R.Əliyev Azərbaycanın ləyaqət və vicdan simvolu olduğuna görə ona qarşı hücum ləyaqətə qarşı hücum deməkdir:
– Rafiq Əliyev özü Azərbaycanın ləyaqət simvolu olduğuna görə onun işdən uzaqlaşdırılması, ona qarşı bu cür kampaniyanın aparılması ləyaqətsizlikdir. Hazırkı kampaniya 37-ci illəri xatırlatsa da, bir məqam unudulur. O zaman insanlar çox şeyi tam dərk edə bilmirdi. Amma indi proseslər daha acınacaqlı formadadır. Azərbaycan Rafiq Əliyevlə fəxr etməlidir. Ona qarşı bu cür kampaniya isə ilk növbədə Azərbaycana zərbədir. Düşünürəm ki, Rafiq Əliyevə qarşı bu gün səslənən ittihamları qazanc əldə etmək məqsədi daşıyan şəxslər səsləndirib. Bu adamların ciddi şəxsiyyət çatışmazlığı var.

Zeynal Məmmədli: “Bir ziyalı ölkədə baş verənlərə fərqi fikir söyləyirsə, bunda aşağlayıcı, təhqiredici nə var ki?”

Tanınmış jurnalist Zeynal Məmmədlinin də fikrincə, Ziyalılar Forumunun və R.Əliyevin ünvanına səslənən ittihamlar sovet təbliğatını xatırladır:
– Bu cür təbliğatla sanki cəmiyyətdə parçalanma yaratmağa çalışırlar. Rafiq Əliyevin, ümumiyyətlə, ziyalıların hədəf alınmasının səbəbini anlamaq olmur. Əgər ziyalı ölkədə baş verənlərlə bağlı fikirlərini bildirirsə, fərqi fikir söyləyirsə, bunda aşağlayıcı, təhqiredici nə var ki? Ziyalının əsl mövqeyi elə bu cür olmalıdır. Bu baxımdan büdcə təşkilatlarında çalışanlardan fərqli fikir söyləyənlərə qarşı çıxmasına çox pis baxıram. Digər tərəfdən, məşhur bir deyim var. Əgər bir faciə ikinci dəfə təkrarlanırsa, o, komediya formasında həyata keçir. Bu baxımdan da 37-ci il ab-havasının təkrarlanması komediyaya oxşayır.

Almaz Əliqızı: “Ziyalılar Forumuna qarşı aparılan kampaniya Azərbaycanı rüsvay edir”

Professor Almaz Əliqızı da hesab edir ki, R.Əliyev hazırkı reallıqda əsl ziyalıya xas mövqe ortaya qoyaraq, haqsızlığa susmayıb. Elə bu üzdən də çirkin kampaniya məhz onu hədəf götürüb:
– Ziyalı cəmiyyətin görən gözü, düşünən beynidir. Ziyalısız cəmiyyət bir heçdir və toplum ziyalısız bütün müqavimət gücünü itirir. Rafiq Əliyevə qarşı aparılan kampaniya Azərbaycanı rüsvay edir. Elə təsadüfi deyil ki, BDU-nun müraciətinə imza atan bəzi ziyalılarımız bundan imtina edirlər. Onlar açıq şəkildə bəyan edirlər ki, onları aldadaraq bu bəyanata imza atdırıblar.

Xəyal