Can Yücel siyasi baxışlarına görə həbsxana həyatı yaşayan bir Türk şairdir. O, bir şeirində V.I.Leninin “Kommunizm elektriklənmiş sosializmdir” fikrini xatırladaraq, ironik formada yazır ki, yəqin, bu tərifə arif olduqlarından Türkiyədə solçu siyasi məhbusların orqanlarına elektrik qoşub işgəncə verirlər.
Vicdan məhbusu Tural Abbaslıgilin evlərinin 5 dəfə yandırıldığını eşidəndə Cansayağı düşündüm: Tural bu ölkəyə hərarət, işıq, insanlarımızın öləziyən ruhuna od-alov qatmaq üçün çalışan gənclərdəndir. Indi onun uca amalını hakimiyyət hərfi formada gerçəkləşdirmək istəyir; evini yandırıb ətrafa od-alov yaymaqla…
Tural Abbaslıgilin evlərinin yandırılması siyasi bir qəsddir. Kimsə bunu təbiət hadisəsi, ay nə bilim, texniki qəza kimi dəyərləndirirsə, vicdan məfhumu beləsinə yaddır. Turalgilin evinin 5 dəfə yandırılması təsadüfi deyil. Gənc Abbaslı hakimiyyətin atasına elə od vurub ki, onun əvəzini 55 dəfə evi yandırmaqla da çıxa bilmirlər.
Evin yanması, yandırılması bir ailə üçün müsibətdir, ancaq daha ağır müsibət Azərbaycanda öz opponentləri ilə 12-13-cü əsr təfəkkürü ilə davranan iqtidarın olmasıdır. Biz keçmişdən bəhs edən kinolarda görmüşdük; qalib ordu məğlub tərəfin ev-eşiyinə od vurub yandırardı. Əlbəttə, bizim müqayisədə “qalib”, “məğlub” anlayışları heç yerinə düşmür. Çünki Əliyevçi hakimiyyət qələbədən, qalib psixologiyasından çox-çox uzaqdır. Biz adi həyat hadisələrində qalibləri tez- tez görürük. Əsl qələbə qazanan insana ağayanalıq, əfəndilik xasdır, cılızlıq onlara yaddır. Daha bizimkilər kimi quldurcasına qisasçılıq etmirlər.
Nəhayət, onu bilirəm ki, bundan sonra 55 dəfə yandırsalar da, T.Abbaslı evsiz qalmayacaq. Ancaq bu alçaq işi edənlər günlərin birində nəinki evsiz, hətta son mənzildən də məhrum olacaqlar. Bunu biz Bin Laden və Qəzzafinin timsalında lap təzəlikcə görmüşük…
Akademiklər: Əliyev və Əli Insanov
Akademik Rafiq Əliyevin işdən çıxarılmasına etiraz etmək az qala, moda dönüb. Nə qədər ictimai fəal zəng edir, məktub yazır, onların müdafiə xarakterli çıxışlarını qəzetdə işıqlandırmağı xahiş edir. Dəfələrlə yazıldığı kimi, hökumət “qaş düzəltdiyi yerdə göz çıxarıb”. Mənsə bu haqda yox, başqa bir yaddan çıxan məqamdan söz açmaq istəyirəm.
Rafiq Əliyevi işdən çıxarıblar, onun elmi titulunu əlindən almayıblar. Beş il öncə isə Azərbaycanda bir akademiki – Əli Insanovu həm titulundan, həm də 11 il azadlıqdan məhrum etdilər. Doktor Insanovun müəlliflik etdiyi kitablar faşistcəsinə dərsliklərdən çıxarıldı. Insanovun elmi titulunun geri alınmasına onun “can deyib, can eşitdikləri”, məsələn, təhsil naziri Misir Mərdanov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov belə, “Amin” söylədilər. Doktor Insanov məhkəmədə Əliyevçi rejimi parlaq tərzdə ifşa etsə də, 2-3 müxalifət qəzetindən başqa kimsə onu müdafiə etmədi. Rafiq müəllimlə bağlı isə 180 dərəcə fərqlilik görürük. Bu, heç də Rafiq Əliyevlə Əli Insanovun şəxsi keyfiyyətlərinin fərqliliyindən irəli gəlmir. Əlbəttə, Azərbaycan cəmiyyəti Rafiq Əliyevin korrupsioner və klançı təfəkkürdən uzaq olan ziyalılığının fərqindədir. Buna baxmayaraq, müdafiələrin fərqini mən başqa məsələdə görürəm.
Birincisi: Hər sözün öz məqamı var, söz isə məqamında deyiləndə təsirlidir. Onunçündür ki, məhkəmə zalında doktor Insanovun şir kimi nərə çəkməsi və son dərəcə cəsur anti-rejim fikirləri Rafiq Əliyevun həlim, hətta deyərdim ki, mücərrəd müxalifyönlü fikirlərindən daha az təsirli oldu.
Ikincisi: Şərlə çiyindaşlıq etmək bütün insani keyfiyyətlərin dərəcəsini azaldır, eləcə də sözün çəkisini. Şərin əsgərisənsə, ən bəlağətli çıxışın belə, ikrah yaradacaq. Şərin yükünü bir gündə çiyinlərindən atmaq müşkül məsələdir. Beləsi sözlərinin doğruluğuna əminlik yaratmazdan əvvəl insanlara dəyişdiyini, “daha o adam” olmadığını sübut etməlidir. Rafiq Əliyevin belə bir qayğısı yox idi, o, zatən həqiqətpərəstdir.
Həqiqətə xidmət etmək isə insana müstəsna üstünlük verir. “Həqiqət yaxşı şeydir. Həqiqət ona xidmət edənlərin qüsurunu düzəldir” – bunu Çernişevski “Nə etməli?” romanının müqəddiməsində yazırdı.