Zəminə Dünyamalıyeva: “Rəsul Quliyevin qayıdışı planını Sərdar Cəlaloğlu hakimiyyətə satdı”
Sərdar Cəlaloğlu: “Bunların məqsədi Rəsul Quliyevin qorxaqlığını pərdələmək, günahı başqalarının üzərinə atmaqdır”
ADP sədri Sərdar Cəlaloğlu ilə ACP lideri Rəsul Quliyevə yaxın şəxslər arasında yeni gərginlik yaranıb. S.Cəlaloğlunun eks-spikerin yazdığı son məqaləyə münasibəti Quliyevçiləri qəzəbləndirib. ACP sədri Vaqif Mahmudov bildirib ki, S.Cəlaloğlu Azərbaycan siyasətində xüsusi olaraq sağa-sola vurnuxan adam kimi danışır. Rəsul Quliyevi güclü edən ADP olmayıb, tutduğu mövqe və baxışlar olub: “ADP öz keçmişinə baxıb bu gün nə üçün zəif olduğunu anlamalıdır. Onların gücü Rəsul Quliyevdə idi. Rəsul müəllimin reytinqinin bərpa olunmasına heç bir ehtiyacı yoxdur. Çünki liderimizin reytinqi bu gün də lazımi formadadır. Sərdar Cəlaloğlunun əsas məqsədi ictimai fikri yayındırmağa yönəlib”.
S.Cəlaloğlu isə teleqraf.az-a bildirib ki, ACP sədrinin nədən belə açıqlama verdiyini anlamır: “Mən başa düşə bilmirəm ki, bunlar niyə belə açıqlamalar verirlər. Vaqif Mahmudov mənim rəhbərliyim altında rayon təşkilatının sədri olub, işi də bizi qane etməyib. Onun üzündən rayon təşkilatı dağılıb. Bəli, mən demişəm ki, Rəsul Quliyevin əvvəlki gücü yoxdur. Əgər ADP Rəsul Quliyevin vaxtında güclü idisə, Rəsul Quliyev də ADP-yə görə güclü idi. Bunlar bir-birini tamamlayan məsələlərdir. Biz ADP-ni Rəsul Quliyevin vəziyyətinə düşməkdən qorumuşuq”.
R.Quliyevin müşaviri, keçmiş deputat Zəminə Dünyamalıyeva da S.Cəlaloğluna qəzəblənib. “Yeni Müsavat”a açıqlamasında Z.Dünyamalıyeva bildirib ki, S.Cəlaloğlu siyasətin əlifbasını öyrənməlidir: “O hələ də dərk etmir ki, əsl siyasi lider elə dövrlər olur ki, qabarıq şəkildə önə çıxır, manevr etmək, bir müddət üçün geri çəkilmək görüntüsü yaradır. Bu hallar əsl siyasətçilər üçün xarakterikdir. Sərdar bəy hələ bundan bixəbərdirsə, getsin, siyasətin əlifbasını öyrənsin”.
Z.Dünyamalıyeva bəyan edib ki, S.Cəlaloğlunun siyasətçi kimi cəmiyyətdə tanınması, o cümlədən ADP adında partiyanın olmasından insanların xəbər tutması Rəsul Quliyevlə bağlıdır: “Rəsul Quliyevin ADP-dən güc aldığını, ADP-nin hesabına reytinq topladığını iddia etmək üçün gərək bütün reallıq hissini itirmiş olasan. Rəsul müəllim ADP-yə şəxsən Sərdar Cəlaloğlunun xahişlərindən sonra gəlmişdi. Rəsul müəllim ADP-yə gələnədək bu ölkədə ADP adında partiyanın varlığı bilinmirdi. Rəsul Quliyev ADP-yə gəldikdən sonra YAP-dan 6 deputat, o cümlədən mən istefa verib bu partiyaya gəldim. Minlərlə insan məhz Rəsul müəllimin gəlişindən sonra ADP sıralarına qoşuldu. Halbuki həmin insanların əvvəlcə belə bir partiyanın olmasından xəbərləri yox idi. Mən və digər keçmiş YAP-çı deputatlar ADP-yə Sərdar bəyə görə gəlməmişdik. Rəsul müəllimin gəlişinə qədər ADP adı olub özü olmayan çoxsaylı partiyalardan biri idi. Rəsul Quliyevin hesabına bu partiya 2000-2005-ci illərdə Azərbaycanın 2-3 ən güclü partiyasından birinə çevrilmişdi. ADP Müsavat və AXCP kimi təşkilatlarla rəqabət aparacaq qədər güclənmişdi. Rəsul müəllimin hesabına Sərdar Cəlaloğlu neçə illər başını başlara qoşub liderlərlə eyni cərgədə dayanırdı”.
Sabiq deputat vurğulayıb ki, R. Quliyev və tərəfdarları getdikdən sonra ADP də, Sərdar bəy də yenə əvvəlki vəziyyətinə düşüblər: “Rəsul Quliyevin sədrlik etdiyi ADP-dən əsər-əlamət qalmayıb. Sərdar Cəlaloğlu siyasətçi kimi varlığını indi də Rəsul Quliyevin adı ilə saxlayır. Vaxtaşırı mediada Rəsul Quliyevin barəsində danışmaqla guya fəaliyyətdə olduğu görüntüsünü yaradır. Diqqət edirsinizsə, bu adamın işi-gücü artıq xeyli vaxtdır mediada ya Rəsul Quliyevin, ya da Müsavatla AXCP-nin, İctimai Palatanın əleyhinə danışmaqdan ibarətdir. Başqa heç bir fəaliyyəti mövcud deyil”.
Z.Dünyamalıyeva S.Cəlaloğlu ilə bağlı sensasion açıqlama da verib: “Rəsul Quliyevin 2005-ci ilin parlament seçkiləri zamanı ölkəyə qayıdışı planı elə belə plan deyildi. Bu planın əsasında Rəsul Quliyevin hakimiyyətə gəlişi yer almışdı. Sərdar Cəlaloğlu hakimiyyətlə oyuna gedərək həmin planı hakimiyyətə satdı. Mən öncədən Rəsul müəllimə demişdim ki, Sərdar ikibaşlı oyun oynayır və sizi çətin durumda qoyacaq. Təəssüf ki, Rəsul müəllim Sərdarın səmimi olduğuna inanmışdı. Planın satıldığını bildikdən sonra Rəsul Quliyev ADP-dən ayrılmaq qərarı verdi”.
“Zəminə Dünyamalıyevanın dedikləri tamamilə cəfəngiyyatdır. Bu kimi fikirlər səsləndirmək qadına yaramaz. Hesab edirəm ki, Zəminə xanımın açıqlaması onun keçmiş YAP-çı təfəkküründən irəli gəlir”. Bunu isə ADP sədri Sərdar Cəlaloğlu Teleqraf.az saytına verdiyi açıqlamada Zəminə Dünyamalıyevanın fikirlərinə münasibət bildirərkən deyib.
S.Cəlaloglu bildirib ki, Rəsul Quliyevin Bakıya gələ bilməməsinin səbəbi onun qorxaqlığıdır: “Mən Rəsul Quliyevə demişdim ki, Ukraynaya get? Özü uçdu ora, sonra da qayıdıb getdi Amerikaya. Hamı yaxşı bilir ki, onun qayıtması üçün burada hansı hazırlıq işləri görülmüşdü. Sərdar Cəlaloğlu satmışdısa Zəminə Dünyamalıyeva qabağa düşüb onu gətirəydi. Boş və mənasız sözlər danışırlar. Bunların məqsədi Rəsul Quliyevin qorxaqlığını pərdələmək, günahı başqalarının üzərinə atmaqdır. Bu adam ADP-dən ayrılandan sonra öz bacısı uşaqlarını belə tutdurdu”.
S.Cəlaloğlu hesab edir ki, R.Quliyev məsələsi çoxdan öz aktuallığını itirib və o, təzədən əzəli mövqelərini bərpa edə bilməyəcək. “O, öz ağlının ücundan bu vəziyyətə düşüb. İndi istəyirlər ki, başqalarının timsalında günah keçisi axtarsınlar. Onların əsas diqqəti isə yönəlib mənə. Bilirlər ki, Sərdar Cəlaloğlu ele-belə adam deyil. Ona görə də mənə qarşı piar aprmağa çalışırlar”.