İranla bağlı ABŞ-Rusiya əməkdaşlığı nə vəd edir?

Vəfa Quluzadə: «Obamanın Iran məsələsində Rusiya ilə konsepsiya hazırladıqları açıqlaması ortaq məxrəc axtarışıdır»

Iran ətrafında halqa daralmaqdadır. ABŞ prezidenti Barak Obama baş verənlərin fonunda bildirib ki, Irana qarşı iqtisadi sanksiyaların böyük təsir gücü var. Iranın nüvə silahı hazırlamasına qarşı görülə biləcək başqa mümkün tədbirlərə də toxunan ABŞ lideri etiraf edib ki, nüvə silahı olan Iran təkcə region üçün deyil, Amerika üçün də təhlükə törədir.
ABŞ prezidenti həmçinin bildirib ki, xüsusilə Rusiya və Çinin nüvə silahına sahib Iranın törətdiyi təhlükəni dərk etdiyinə inanır. O qeyd edib ki, bu iki ölkənin liderləri ilə Iranın nüvə silahı əldə etməsinin və nüvə silahının regionda yayılmasına başlamasının yolverilməz olduğuna dair eyni mövqeyi paylaşırlar. Lakin prezidentlər arasında APEK sammitində baş tutan görüşlərdə nə Rusiya, nə də Çin prezidenti Iranın nüvə proqramına qarşı əlavə hansısa bir tədbir təklif etməyə hazır olmadığını göstərib.
Bundan başqa, yayılan məlumata görə, Obama ilə Rusiya prezidenti Dmitri Medvedev arasında ikitərəfli görüş zamanı Iran məsələsi üzrə ümumi mövqenin işlənib hazırlanması razılığına gəlinib. Bu vahid konsepsiyanın nədən ibarət olacağı barədə isə hələ ki, bir məlumat yoxdur.
Bəs görəsən, Iran məsələsində ABŞ-la Rusiyanın əməkdaşlığı hansı nəticələri verə bilər?
Politoloq Vəfa Quluzadə bildirdi ki, Rusiya Iran ətrafında baş verənlərlə bağlı olduqca çətin durumdadır. Rusiyanın ABŞ-dan asılı olduğu nəzərə alınarsa, Kremlin Iran məsələsində Amerikaya qarşı kəskin çıxış etməsi az inandırıcıdır: “Rusiya Irana görə ABŞ-la münasibətləri korlamaq istəmir. Xüsusilə nəzərə alsaq ki, Iranın hazırda beynəlxalq imici bir o qədər də yaxşı deyil. Amma onu da unutmaq lazım deyil ki, Iran Rusiyanın hələ də müttəfiqi olaraq qalmaqdadır. Ona görə Obamanın da Iran məsələsində ABŞ-la Rusiyanın əməkdaşlıq edəcəyi ilə bağlı açıqlama ortaq məxrəc axtarışıdır. Çünki nə ABŞ, nə də Rusiya Irana qarşı hərbi əməliyyatların reallaşmasında maraqlıdır”.
Bu baxımdan Azərbaycanın da hazırda Iran ətrafında cərəyan edən prosesləri diqqətdə saxlamasının vacib olduğunu deyən V.Quluzadə hesab edir ki, çünki Irana qarşı mümkün zərbə Azərbaycanı da pis vəziyyətdə qoya bilər. Çünki Iranın vurulması Azərbaycanı qaçqın axını və maliyyə böhranı ilə üz-üzə qoya bilər.
V.Quluzadənin sözlərinə görə, hər bir son baş verən prosesə əsasən onu demək olar ki, ABŞ, Rusiya və Çin Irana qarşı hərbi əməliyyatların reallaşmasında maraqlı deyil.

Xəyal