İqtidar siyasi məhbus probleminin həllinə söz verib

Arzuman Məcidli: «Bu cür şayiələr narazılığı yatırmağa hesablanıb»

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bir neçə gün əvvəl qəzetimizə açıqlamasında bu ilin sonuna qədər Azərbaycanda siyasi məhbus probleminin həllini tapacağını və bununla bağlı əllərində tutarlı məlumat olduğunu bildirmişdi.
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, aparılan danışıqlar nəticəsində AŞPA ilə rəsmi Bakı arasında siyasi dustaqlar və məruzəçi K.Ştrasserin Azərbaycana buraxılması ilə bağlı anlaşma əldə edilib. Hüquq müdafiəçisi onda olan məlumatlar əsasında belə bir qənaətə gəlib ki, siyasi dustaqlar məsələsində razılıq  əldə edilib. Anlaşmaya əsasən bu ilin sonunda 2 aprel məhbuslarını da əhatə edən əfv fərmanı veriləcək. Ştrasserə də, öz mandatına uyğun olaraq araşdırma aparmaq üçün viza veriləcək. Azərbaycan hakimiyyəti təklif edib ki, heç bir beynəlxalq qurumların müdaxiləsi olmadan siyasi dustaqlarla bağlı məsələnin həlli onun öhdəsinə buraxılsın. Və bu təkliflə razılaşılıb. S.Qocamanlı hesab edir ki, prezident 24 dekabra təsadüf edəcək 50 illik yubileyi ərəfəsində və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə geniş əfv fərmanı imzalayacaq.
Siyasi Məhbus Ailələri Komitəsinin sədri Arzuman Məcidli isə hakimiyyətin belə bir addım atacağına inanmır: “Mən bu və bu kimi məlumatlara inanmıram, şayiə hesab edirəm. Çünki Azərbaycan hakimiyyəti dəfələrlə vəd verib, amma bunun bir nəticəsini görməmişik. Bu yolla beynəlxalq qurumları və yerli ictimaiyyəti manipulyasiya edirlər. Narazılığı bir müddətə də olsa, yatırmağa çalışırlar. Bundan əvvəl də müstəqillik günü ilə bağlı amnistiya olacağı ilə barədə söhbətlər dolaşırdı. Gördüyünüz kimi, nəticəsi olmadı. Reallığı nəzərə alaraq mən bu cür vədlərə inanmaq istəmirəm”.