“Biz deyirik ki, oğurluqla məşğul olmayın”

«Ölkənin sərvətləri bir qrup yüksək vəzifəli işbazın əlində cəmləşib, xalq isə onların girovuna çevrilib»

Cəmil Həsənli: «Dörd akademiya üzvünün imzaladığı yazı siyasi məzmununa görə vaxtilə Saxarovun əleyhinə yazılmış məqalənin sönük və uğursuz Azərbaycan variantıdır»

Ziyalılar Forumunun son tədbirindən sonra bu quruma, orada təmsil olunanlara, xüsusilə professor Rafiq Əliyevə kampaniyaya start verilib. Professor Cəmil Həsənli ilə müsahibəmiz bu mövzu ilə bağlıdır.

Əvvəli ötən sayımızda

Hakimiyyət kriminallaşdığından ədəbiyyat və sənətin dili ilə deyilən tənqid başa düşülmür

– Söylədiniz ki, forumun tədbirində son 20 ildə ziyalıların baş verənləri sükutla seyr etməsi vurğulandı. Sizcə, ziyalıların bu müddət ərzində susqunluğunun səbəbi nə idi?
– Əlbəttə ziyalıların geniş bir dairəsi susub. Amma bir çox ziyalılar əsərləri ilə öz sözünü deyiblər, bunu danmaq olmaz. Sadəcə olaraq hakimiyyət kriminallaşdığından son illərdə, korrupsiyanın səviyyəsi genişləndiyindən ədəbiyyat və sənətin dili ilə deyilən tənqid başa düşülmür. Elə götürək Rüstəm Ibrahimbəyovun “Dalğaların düzümü” əsərini və ya “Cəlilsayağı” pyesini. Ədəbiyyat, sənət adamı sözünü bundan artıq necə desin. Bəla burasındadır ki, ya anlamırlar, ya da anlamaq istəmirlər. Ramiz Rövşənin şeirlərindən azadlıq damla-damla damır. Rüstəm Behrudinin “Bu necə məmləkətdir, Bəndəsi haqq istəmir. Torpaq da bizdən bezib, Vətən olmaq istəmir” deyimi düşdüyümüz vəziyyətin son dərəcə acınacaqlı təzahürüdür. Biz əgər son iki ildə Rafiq Əliyevin verdiyi müsahibələrə, etdiyi çıxışlara və yazdığı yazılara diqqət yetirsək nə qədər tale yüklü məsələlərdən söhbət açılıb. Əkrəm Əylisinin müsahibələrində acı həqiqət bütün çılpaqlığı ilə göz önündədir. Seyran Səxavətin daşdan keçən məntiqi, kəskin deyimləri real həyat hadisəsidir. Lakin vəziyyət bizim düşündüyümüzdən çox ağırdır. Amerika vətəndaş müharibəsindən bir film çəkilib. Məğlub ordunun zabiti qərargaha dönüb deyir ki, mən  əlimdən gələni etdim. Komandan isə ona cavab verir ki, bizim vəziyyətimiz elədir ki, əlimizdən gələn bəs etmir. Vəziyyətdən çıxmaq üçün nəinki əlimizdən gələni, hətta, əlimizdən gəlməyəni də etməyə borcluyuq.

Hətta sovet dövründə Azərbaycan xalqı belə hüquqsuz vəziyyətdə deyildi

– Cəmil müəllim, söhbət yalnız barmaqla sayılacaq ziyalılardan deyil, elə sizin təbirinizcə desək onların geniş dairəsindən gedir…
– Nə etmək olar, olanımız budur. Məsələn ötən çağrışda Əkrəm Əylislini Milli Məclisə salmışdılar. Əlbəttə normal cəmiyyətdə o, millət vəkili olmağa layiq şəxsdir. Amma onu Milli Məclisə öz adamları kimi daxil etmişdilər. Yəni, bu məqsədlə onun deputat olmasına icazə verlmişdi. Əkrəm Əylislinin ziyalılığı ondadır ki, o, hakimiyyətin adamı olmadı. O elə Əkrəm Əylisli oldu. Bir dəfə Əkrəmlə parlamentin foyesində söhbət zamanı o, ürək ağrısı ilə dedi ki, Cəmil bəy, bizim respublikamız ölü respublikadır və biz hamımız ölüyük. Mən də istədim ki ona bir az ürək – dirək verəm və dedim ki, Əkrəm bəy, mənim bildiyimə görə siz bir az diri adamsız axı. Cavab verdi ki, yox, mən də ölüyəm, amma mən təzə ölüyəm. Əgər bir ziyalı ölkəsini və özünü ölü hesab edirsə, bunun barəsində düşünmək lazımdır. Bunun səbəbləri axtarılmalıdır ki, niyə vəziyyət bu qədər dözülməz həddə gəlib çatdı ki, Rüstəm Ibrahimbəyov kimi bir adam bu sözləri hakimiyyətin üzünə deməyə məcbur oldu. Axı biz nə deyirik? Deyirik ki, oğurluqla məşğul olmayın, bu yaxşı iş deyil. Bu millətin səsini oğurlamayın, xalqın iradəsilə hesablaşın, ona hörmətlə yanaşın. Baxın, xalqın acınacaqlı vəziyyətinə, insanlar çarəsizlik girdabına düşüblər. Neft gəlirləri çoxaldıqca əhali daha da yoxsullaşdı. Inhisarçıların nəzarətinə verilmiş bazar sadəcə olaraq insanları, xüsusilə, aztəminatlı adamları qarət edir. Monopolist və korrupsioner dairələr idxal üzərində elə böyük oğurluq şəbəkəsi qurub ki, bu şəbəkə daxili istehsalın, xüsusilə kənd təsərrüfatının belini qırır. Çıxsınlar xalqın arasına və görsünlər ki, vəziyyət nə qədər acınacaqlıdır. Ölkənin sərvətləri bir qrup yüksək vəzifəli işbazların əlində cəmləşib, hakimiyyətin mənbəyi olan xalq isə sözün tam mənasında bu işbazların girovuna çevrilib, diz çökdürülüb. Hətta sovet dövründə Azərbaycan xalqı belə hüquqsuz vəziyyətdə deyildi. Məzlumlaşdırılmış xalq heç vaxt xarici düşmən qarşısında iradə nümayiş etdirə bilməz.

Soyğunçuluq siyasəti iş adamlarının bütün var-yoxunu əlindən alır

– Bütün bunlar indinin problemi deyil. Ona görə də mən sualı yenidən təkrarlamaq məcburiyyətindəyəm. Ziyalılar nədən bu vaxta qədər ölkədə baş verənləri sükutla seyr edirdi? Bir ziyalının dilindən bu suala cavab eşitmək mənim üçün maraqlıdır…
– Müəyyən ümidlər var idi ki, vəziyyət düzələcək. Əhali neft gəlirlərindən fayadalanacaq, ölkədə infrastruktur yaradıcalaq, kənd təsərrüfatı dirçəldiləcək, orta mülkiyyətçilərin sayı artacaq, bir sözlə, ölkə həqiqətən də inkişaf etdirələcək. Təəssüf ki, bunların heç biri olmadı.
Təsəvvür edin, bu gün Vergilər Hazirliyi bütün müəssisələrin üzərinə düşüb ki, “Eurovision” keçirdəcəyik, buna görə  pul, yəni rüşvət vermək lazımdır. Belə “Eurovision” Azərbaycanın nəyinə gərəkdir?! Bu gün 27 kvadratmetr sahəsi olan bir dükandan 3000 manat, 90-100 kvadratmetr sahəsi olan satış yerindən 10 min manat, daha artığından daha artıq istəyirlər. Adını qoyublar, “Eurovision”a hazırlaşırıq. Monqol ordusunda tarxanlar var idi – vergi yığanlar, bizim vergi işçiləri öz qanunsuz əməlləri ilə onları kölgədə qoyublar. Bu soyğunçuluq siyasəti iş adamlarının bütün var-yoxunu əlindən alır. Vergilər Hazirliyində başlanan bu prosesdən sonra yüzlərlə iş adamı öz fəaliyyətini dayandırıb. Hətta xarici müəssisələrdən gedib pul tələb edirlər. Bu biabrçılığın bir sonu olmalıdır ya yox.

Çoxları özləri üçün yamangünlük kafedralar saxlayıblar

– Cəmil müəllim, hökumət professor Rafiq Əliyevin işdən çıxarılması ilə kifayətlənmədi. Akademiyanın  həqiqi və müxbir üzvləri ona qarşı hərəkətə gətirilib. Hakimiyyət bütün bunlarla nəyə nail olmaq istəyir?
– Əvvəla onu deyim ki, Rafiq müəllimin işdən çıxarılması elə belə sadə hadisə deyil. Bəzən bunu çox primitivləşdirməyə çalışırlar. Bir ölkədə ki, Milli Elmlər Akademiyasının müxbir üzvünü, dünyanın tanıdığı bir alimi çıxarıb onun yerinə dosent təyin edirlərsə, bu irəliyə yox, geriyə doğru addımdır. Təəssüf ki, son islahatların gedişində ali təhsil sistemində seçkili orqanlar demək olar ki, aradan qaldırıldı və təyinat sisteminin bərqarar olması professor- müəllim heyətinin rəhbərlikdən asılılığını artırdı. Mətbuata diqqət edəndə mənə çox qəribə gəlir ki, hətta bir sıra təhsil işçiləri Rafiq müəllimin işdə nöqsanlara yol verdiyini iddia edirlər. Halbuki onlar çox yaxşı bilirlər ki, Respublikanın müxtəlif ali məktəblərində bir çox kafedralara hələ də yüksək vəzifə sahibləri müdirlik edirlər və dərs ili ərzində heç bir dəfə də kafedraya gəlmirlər. Çoxları özləri üçün yamangünlük kafedralar saxlayıblar. Prezident Administrasiyasının yüksək vəzifəli şəxsləri yanlarındakı idarəetmə akademiyasında kafedra rəhbərləridir. Onları nə vaxtsa kafedrada görən olubmu?! Yaxud deputatların bir hissəsi müxtəlif ali məktəblərdə kafedra müdirləridir. Hə vaxt gəliblər ki, kafedraya?! Hətta bəzi adamlar var ki, ölkədə olmaya-olmaya kafedra müdiri vəzifəsində saxlanılıb. Əgər bu tələbkarlıq, bu intizam varsa, onda hamıya tətbiq edilsin. Rafiq Əliyevə gəlincə, o, kifayət qədər intizamlı və bütün varlığı ilə işə bağlı adamdır. Onun barəsində belə fikirlər irəli sürmək ədalətsizlikdir. Əgər belə bir problem var idisə, bu addımı həmin an atardılar. Bu addımın Ziyalılar Forumunun fəaliyyətini genişləndirdiyi bir vaxta təsadüfi etməsi əlbəttə ki, siyasi mülahizələrlə atıldığını deməyə əsas verir. 
Ikincisi, təəssüf edirəm ki, akademiyanın bir sıra alimləri 1news.az saytında Rafiq Əliyevə qarşı kampaniyada belə aktiv iştirak ediblər. Əlbəttə hər kəsin söz haqqı var. Amma onlar faktların və proseslərin saxta təqdimatı ilə məşğuldurlar.

Ramiz Mehdiyev də partiya orqanlarından ev almışdı…

– Hətta məsələ regionuluq müstəvisinə çəkilib…
– Bəli, mən elə buna toxunmaq istəyirdim. Məsələləri yerliçilik müstəvisinə keçirmək ən qorxulu tendensiyadır. Guya Vəzirov-Rafiq Əliyev tandemi ona görə yaradıldmışdı ki, Qarabağı qarabağlıların əlilə versinlər. Bu son dərəcədə yersiz və zərərli bir təbliğatdır. Hörmətli alimlərimizin imzaladığı bu sənəd başdan-ayağa söyüş leksikonundan ibarətdir. Adam heyrət edir ki, akademiyanın həqiqi və müxbir üzvləri mayası böhtan və söyüş üzərində qurulmuş mənasız bir yazıya imza ata biliblər. Digər tərəfdən, Rafiq Əliyevin hazırladığı elmlər doktorları və namizədlərinin sayı həmin dörd imzaçının hamısının bir yerdə hazırladığı kadrların sayından artıqdır. Orda Fikrət Əliyev adlı bir nəfər vur-tut 9 elmlər namizədi hazırlayıb, özü də elmdə heç bir diqqətə layiq nəticələri olmaya-olmaya proteksiya nəticəsində müxbir üzv olmadan birbaşa akademiyanın həqiqi üzvü seçilib. Diqqət yetirin, Rafiq Əliyev 185-ə yaxın elmlər namizədi və elmlər doktoru hazırlayıb, dünyanın onlarla elm mərkəzində monoqrafiya və dərslikləri çıxıb, 1984-cü ildə SSRI Dövlət Mükafatı alıb və akademiyanın müxbir üzvü ola-ala akademik seçilə bilmir, amma Fikrət Əliyev son dərəcə aşağı göstəricilərlə öz ixtisasına aid olmayan sahə üzrə birbaşa akademik seçilir. Əlbəttə, başqasının yerini tutan, riyaziyyatçılar arasında lağ mənasında “Kolmoqorovun səhvini tutan alim” kimi tanınan Fikrət Əliyev Rafiq Əliyev kimi bir elm mogikanının əleyhinə Prezident Administrasiyasında hazırlanmış “söyüş salnaməsinə” böyük məmuniyyətlə imza atacaqdır. Fikrət Əliyevin birbaşa akademik seçilməsi hətta o qədər təəccüblü oldu ki, riyaziyyat institutunun sürücüləri bu xəbəri eşitdikdə belə qərara gəldilər ki, akademiyanın növbəti seçkilərində onlar da akademik olmaq üçün sənədlərini təqdim etsinlər. Rusiya Elmlər Akademiyanın müxbir üzvü, akademik, böyük alim olmaqla yanaşı böyük vətəndaş olan Mithəd Abbasovu institut direktorluğundan çıxarmaq üçün hansı oyundan çıxmadılar. Axırda bütün vasitələr tükənəndə institutu bağladılar. Təəssüf edirəm ki, dörd institut direktoru, dörd akademiya üzvü son dərəcə primitiv formada Rafiq Əliyevlə bağlı məsələləri yerliçilik müstəvisinə yönəltməyə çalışırlar. Azərbaycanda yerliçilik var və bu şəbəkəni koordinasiya edən rəhbər işçilər də var, böyük vətəndaş kimi bunu Rafiq Əliyevə şamil etmək ünvanı səhv salmaqdan başqa bir şey deyildir. Əgər məsələləri yerliçilik müstəvisinə keçirirlərsə, bəlkə əlaqədar təşkilatlar buna cavab versinlər ki, akademiyanın müxbir üzvü mərhələsini keçmədən birbaşa akademik seçilənlər niyə ancaq eyni regionun adamlarıdır? Bəlkə bunun, xüsusi bir elmi sirri var?
Belə yanaşma yanlış yanaşmadır. “Azərbaycan” qəzetində, Prezident Administrasiyasının nəzarətində olan mətbuatda başlayan bu kampaniya kommunizm dövrünün yararsız təbliğatının dirçəldilməsidir. Sovet dövründə bir sıra akademiklər partiyanın sifarişi ilə  Andrey Saxarovun əleyhinə yazmağa məcbur edilirdilər. Bizim dörd akademiya üzvünün imzaladığı bu yazı siyasi məzmununa görə vaxtilə Saxarovun əleyhinə yazılmış məqalənin sönük və uğursuz Azərbaycan variantıdır. Görünür, bununla Rafiq müəllimi, forumda təmsil olunan digər ziyalıları susduracaqlarını düşünürlər. Amma adamlar başa düşmürlər ki, belə şeylərin vaxtı çoxdan keçib. Rafiq Əliyev 1984-cü ildə dövlət mükafatı almış adamdır. Rafiq Əliyevin əsərləri innovasiya texnologiyalarının önündə gedən yerlərdə çap olunur. Amerika kompüter texnologiyalarının vətəni sayılır. Amma həmin ölkənin bir sıra ali məktəblərində “Maykrosoft”un sirlərini  Rafiq Əliyevin dərsliyindən öyrənirlər. Belə şeylər Azərbaycanın iftixar mənbəyidir. Mənasız, regional məcraya yönəlmiş təbliğat kampaniyası son dərəcədə zərərlidir. Bu uğursuz yoldur. Ziyalılar Forumunda birləşmiş adamlar son dərəcədə yetkin adamlardır onlarla 37-ci ilin qaydaları ilə danışmağın heç bir mənası yoxdur. Bizim hörmətli akademiklər 25 il bundan qabaq Rafiq Əliyevin ev almasını belə iyrənccəsinə müzakirəyə çıxarırlar. Elə həmin vaxt rəhbər işçi kimi Ramiz Mehdiyev də partiya orqanlarından ev almışdı, əgər alimlərimiz belə şeylərin hesabını aparırlarsa baxıb görsünlər ötən 25 ildə Ramiz Mehdiyev daha neçə ev alıb, amma Rafiq Əliyev elə 25 il bundan qabaq aldığı evdə yaşayır.

Vidadi Məmmədov