Kəmaləddin Heydərovun komandası parçalanır

Aydın Bəşirov Fazil Məmmədovu məhkəməyə verdi

Xəzər Dəniz Gəmiçiliyi Idarəsi(XDGI) Vergilər Nazirliyini  məhkəməyə verib. Bu barədə “Reytinq”i məlumatlandıran XDGI-nin adının çəkilməsini istəməyən əməkdaşı deyib ki, buna səbəb qurumun apardığı bir maliyyə əməliyyatının qanuni hesab edilməməsi ilə bağlıdır. Qaynaq həmin maliyyə əməliyyatı barədə ətraflı danışmayıb. Yalnız qeyd edib ki, söhbət ayrı-ayrı maliyyə vəsaitlərinin əvəzlənməsindən gedir.
Onun sözlərinə görə, Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamenti  XDGI-nin bu əvəzləmələrlə vergi borcunu bağlamasını qəbul etmir. Bu baxımdan məsələ məhkəmə müstəvisinə çıxarılıb.
XDGI 1 saylı Bakı Iqtisadi Inzibati Məhkəməsində Vergilər Nazirliyinə qarşı iddia qaldırsa da, ərizə qəbul edilməyib. XDGI bundan apelyasiya şikayəti verib. Sabah Bakı Apelyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə XDGI-nin şikayətinə baxılacaq.
Həm vergilər naziri Fazil Məmmədov, həm XDGI-nin rəhbəri Aydın Bəşirov eyni komandada təmsil olunan məmurlardır. Onların hər ikisi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxildir. Bu baxımdan Aydın Bəşirovla Fazil Məmmədovun üz-üzə gəlməsini “fövqəlnazir”in komandasında parçalanma kimi də dəyərləndirmək mümkündür.

Azad