Açığı, bu siyasi vurhavurda, Sovet irticasının yenidən dirildiyi, 37-ci il küləklərinin daha güclü əsməyə başladığı bu günlərdə adamın əli başqa mövzuda yazmağa qalxmır. Ölkənin bir problemi var – o da Əliyevçi rejimdir, yerdə qalanlar – Qarabağdan tutmuş demokratiyaya, korrupsiyadan tutmuş məmur özbaşınalığınadək hamısı bu problemin filialları, şöbələridir.
Amma dünən iqtidar saytlarını bəzəyən “Dəmir yol qatarlarına bilet almaq problemi həll edildi” başlıqlı xəbərin üzərindən səssizcə keçmək də mümkün deyildi. Əvvəla, xəbərin adından onun nəhəng bir gop olduğunu təxmin etmək çətin deyil. Bunlar 18 ildir hakimiyyəti qamarlayıb oturublar və biz bunların 18 ildə problem həll etdiklərini görməmişik. Bunların əlindən ancaq problem yaratmaq gəlir. Bunlar xalqın başına yeni-yeni bəlalar açmağın qoçağı, ustasıdırlar.
Bəs necə olub ki, indi birdən-birə problem həll edə biliblər? Gəlin xəbərə göz ataq. Orada deyilir ki, indən sonra qatarlara bileti internet yolu ilə də sifariş etmək mümkün olacaq. Guya bu da bilet “bespredel”ini yoluna qoyacaq. Inanan daşa dönsün.
Azərbaycanda internetin sürəti hamıya bəllidir, həmin sürətlə lazımi sitəyə daxil olub lazimi linki tıklayaraq bilet sifariş edənəcən adam özü gedəcəyi ünvana payi-piyada bir neçə dəfə dəyib qayıda bilər – bu bir.
Ikincisi, kimin təminatı var ki, istədiyimiz vaxt həmin sayta giriş imkanımız olacaq? Mən ölü, siz qalı, görəcəksiniz, qatarlara bilet almağın Əzrayıldan can almaq qədər müşkül işə çevrildiyi bayram günlərində dəmir yolu idarəsinin saytını “çox yükləndiyi, texniki problem yarandığı üçün” bağlayacaqlar. Ya da özləri saytı vurub-dağıdacaqlar, adını da qoyacaqlar haker hücumu. Nə də olmasa virusdan boldurlar, hətta virus deyəndə adamın gözü önünə elə bunların özü gəlir.
Bəli, biz bunların dabbaqda gönünə bələdik. Bunlar öz maraqları, öz cibişdanları olduğu yerdə vətəndaşa acımazlar, onun gözünün yaşına baxmazlar. Bir halda ki, kassalarda bilet satışı yaxşı gəlir mənbəyidir, üstəlik, bu xalqa çoxlu əsəb və stress yaşadır, əzab verir, niyə onlayn bilet satışında maraqlı olsunlar ki?
Biz belə nağılları çox eşitdik, çox oxuduq, çox gördük indiyəcən. Bir ara korrupsiyayla mübarizəyə başlamışdılar, allah qoymasa, hətta “Qaynar xətt” yaratmışdılar. Mən bir neçə dəfə maraq xətrinə həmin “Qaynar xətt”ə zəng vurdum, düşə bilmədim. Sonra məlum oldu ki, günün 24 saatı məşğul göstərən bu xəttin sadəcə, adı qaynardır, özünü isə çoxdan elə korrupsiyanın öz şaxtası vurub.
Hamınızın başınıza gəlib yəqin, evdə işıqlar sönür, ya da qaz kəsilir. Siz də götürüb qəza xidmətinə zəng edirsiniz. Dəstəyi qaldıran olurmu? Hələ bu işin optimist tərəfidir. Əksərən isə qəza xidmətinin telefonları ya məşğul göstərir, ya da məlum olur ki, belə nömrə ümumiyyətlə, mövcud deyil.
Yəni dediyim odur ki, onlayn bilet satmağa başlamağı problemin həlli kimi camaata sırımaq lazım deyil. Dünyanın bütün yaxşı ideyaları kimi, bunun da içinə necə tüpürəcəklərini yaşayıb görəcəyik.
Bəli, bu gün internet bəşəriyyətin taleyində böyük rol oynayır. Onun köməyi ilə tarixin üzqarası olan rejimlər bir-bir gedər-gəlməzə yola salınır. Internetin xidmətidir ki, artıq Azərbaycanda hegemon olan rejimə bənzər rejimlərin qatarı getməkdədir. Biz bunu ərəb baharının yaşandığı ölkələrin timsalında gördük, görməkdə də davam edirik.
Indi internet, onun yaratdığı imkanlar üzərindən “bilet sifarişi” növbəsi Ilham Əliyev və hakimiyyəti üçündür. Azərbaycandakı bu mənfur tayfa-klan qatarını yola salmağın zamanı yetişir. Həm də sürətlə yetişir.
Yalnız bu “bilet” sifariş olunduqdan və istibdad qatarı yola salındıqdan sonra rahatlıqla deyə biləcəyik: “Problem həll edildi”.
İlham Əliyev üçün bilet sifarişi
•
•