5

Hakimiyyətin anti-ziyalı kampaniyası ifşa edildi

BDU-nun müəllimləri adından yayılan müraciətdə saxtakarlıq

 

Müraciətin mətni ilə «Azərbaycan»dakı məqalənin bəzi məqamları nöqtə-vergülünə qədər eynidir

Azərbaycan hakimiyyətinin Ziyalılar Forumuna qarşı sovet ənnəsinə uyğun kampaniyası davam edir. Milli Elmlər Akademiyasının 4 üzvündən sonra Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllimi adından Ziyalılar Forumuna qarşı birgə müraciət yayılıb. Həmin müraciətin tam mətni rəsmi dövlət qəzeti “Azərbaycan”ın dünənki sayında 50 nəfərin imzası ilə dərc edilib. Ümumilikdə müraciəti 245 nəfərin imzaladığı göstərilib.

Milli Azadlıq Hərəkatına ləkə

Müraciət Azərbaycan Milli Azadlıq Hərəkatına ləkə vurmaqla başlayır: “Yaxşı xatırlayırıq ki, cəmiyyət həyatının bütün sahələrində ön mövqedə olan Azərbaycanın inkişaf prosesinə öz töhfələrini verən ziyalılar ötən əsrin 80-ci illərinin sonlarında ölkəmizə qarşı yürüdülən ədalətsiz siyasətə etiraz olaraq, xalqı öz ətrafında birləşdirməyə nail oldular. Lakin sonralar hərəkatın rəhbərliyindən ziyalıların sıxışdırılması, idarəçiliyin, tədricən, qaragüruhun əlinə keçməsi milli mücadiləmizin uğursuzluğuna gətirib çıxardı. Nəticədə müstəqillik uğrunda mübarizənin mahiyyəti dəyişdi, hakimiyyət uğrunda savaşlar, vətəndaş qarşıdurmaları, 20 Yanvar faciəsi kimi olaylar baş verdi, üstəlik Qarabağ hadisələrində ardıcıl məğlubiyyətlərlə üzləşdik”.
Daha sonra Ziyalılar Forumu hədəf alınır: “Təəssüf ki, bu gün adını ziyalı qoyan 20-30 nəfərin toplumundan əmələ gələn və ”Ziyalılar forumu” adlanan qurumun nümayəndələri bütün Azərbaycan ziyalıları adından bəyanatlar verərək minlərlə ziyalının gördüyü həqiqətləri başqa rəngdə çatdırmaq, şəxsi mənafeləri naminə təkcə Azərbaycan xalqını deyil, bütün dünya ictimaiyyətini çaşdırmaq istəyirlər…
Həqiqi ziyalılar antiazərbaycan şəbəkənin ölkəmizdə axtardığı istinad nöqtələri ola bilməz. Xaricdən düşmən qüvvələrin ayırdığı qrantları şəxsi maraqları naminə dövlətimizin əleyhinə çevirməyə çalışanlar siyasi münasibətlərin fövqündə dayanan ziyalılardan istifadəyə cəhd göstərməməlidirlər…
Biz “Ziyalılar forumu”nun mövqeyini düzgün və ədalətli hesab etmirik. Onun xalqımızın, dövlətimizin əleyhinə olan qüvvələrin əlində vasitəyə çevrilməsini istəmirik. Uğurlarımız artdıqca, bizə qarşı yönələn təxribatların reallaşması üçün ziyalılardan istifadə olunmasını qəbul etmirik. Ümumiyyətlə, forma xatirinə forum formalaşmamalıdır. Azərbaycanın hər hansı forum olmadan da aydın mövqeyi, açıq fikri, təəssübkeş qəlbi olan ziyalıları kifayət qədərdir. Tarix göstərib ki, milli maraqlara əsaslanmayan yol heç bir dövlətə şərəf, heç bir xalqa xoşbəxtlik gətirməyib.
Dünyanın bərkini-boşunu görmüş, tarixin sınaqlarının şahidi olmuş biz ziyalı ağsaqqallar da bütün bunları nəzərə alaraq, yanlış mövqe tutanlara bu yoldan çəkinməyi tövsiyə edirik”.

Akademik və professor müraciətdən imtina etdi

Lakin elə dünən bəlli olub ki, BDU-nun müəllimləri adından yayılan müraciət saxtadır. Yəni, müraciəti imzalayanların bir çoxunun bundan xəbəri yoxdur. Artıq iki nəfər rəsmən həmin müraciəti imzalamadığını bəyan edib. Bunlar BDU-nun professoru Qulu Məhərrəmli ilə akademik Cəlal Allahverdiyevdir.

Qulu Məhərrəmli “Azadlıq” radiosuna bildirib ki, BDU-nun 245 müəlliminin adından Ziyalılar Forumuna olunan müraciətin ilkin variantı tamam fərqli imiş. Buna görə də, həmin müraciətə imza atıb: “Mənə fərqli müraciət göstəriblər, yumşaq ruhu olan, barışdırıcı tonu olan bir müraciət. Mən də onu imzalamışam. Həmin müraciətdə qarşıdurma yox idi, təhqir yox idi, kimisə ittiham etmirdilər. Sadəcə, narahatlıq ifadə olunurdu. Ona görə imza atmışam. Orda da məlumatlandırmışam ki, mən Ziyalılar Forumunun iclaslarında bir neçə dəfə iştirak eləmişəm, çıxış etmişəm. Amma təəssüf ki, qəzetdə başqa müraciət gördüm. Əlavələr və ittihamlar gördüm. Ona görə bu müraciəti qəbul etmirəm və orda da iştirak etmirəm. Bu gün baxıram(dünən-red), uzundərə bir şey veriblər. Onlara xəbərdarlıq etmişdim ki, yaramazlıq etsəniz, təkzib verəcəm”, – deyə Qulu Məhərrəmli vurğulayıb.
Professor bildirib ki, o Ziyalılar Forumunun cəmiyyətdə qarşıdurma yaratması barədə deyilənlərlə barışmır: “Mən qətiyyən o fikirdə deyiləm. Hesab edirəm ki, Ziyalılar Forumu olmalıdır. Bu, bir milli barışıq forumudur. Problemlərin dilə gətirilməsi baxımından mühüm işlər görür, aktual məsələlər müzakirə olunur. Burda cəmiyyətin, millətin çox layiqli nümayəndələri təmsil olunur.
Günün sonunda Qulu Məhərrəmlinin müraciəti yayılıb. Həmin müraciətdə deyilir: “KIV nümayəndələrinin, ziyalı dostların və tələbələrin çoxsaylı müraciətlərinə cavab olaraq bildirirəm ki, BDU kollektivi adından ”Azərbaycan” qəzetində dərc olunan müraciətdəki mətnə deyil, ölkənin müstəqilliyini qorumaq zərurətini, cəmiyyətdə sabitliyin, dialoqun və barışın vacibliyini ifadə edən müraciətə imza atmışam. Ölkənin taleyi ilə bağlı ümumi narahatlığı və vətəndaş məsuliyyətini qabardan həmin müraciətdə konkret fərd və qurumlara aid ittihamlar olmayıb. Bu səbəbdən də qəzetdəki fərqli məzmunlu müraciətin ittiham ahəngini qəbul etmir, bu ruhlu çıxışları milli birlik və barışıq üçün arzuolunmaz hal sayır və yol verilmiş davranışdan təəssüfləndiyimi bildirirəm”.

“Rafiq Əliyevin əleyhinə yazanlar heç utanırlarmı?”

Akademik Cəlal Allahverdiyev isə “Yeni Müsavat”a verdiyi açıqlamasında bu bəyanatla bağlı iradları olduğunu deyib.
Akademik söyləyib ki, dünən universitet rəhbərliyi ona da bu müraciətə imza atmağı təklif edib: “Mənə öncə dedilər ki, dövlətçiliklə bağlı bəyanatdır. Mən ora imza atmağa etiraz etmədim. Mənə deyilən bəyanata ən son imza atan da mən olmuşam. Söhbət dövlətçilikdən, Qarabağdan gedirsə, biz hamımız eyni mövqedə olmalıyıq. Amma sonra biləndə ki, bu bəyanatda digər məqamlar da var, mən onlara iradımı bildirdim. Mən Ziyalılar Forumuna qarşı hissə ilə razı deyiləm. Yalnız onunla razıyam ki, bəli, bizim 20 faiz torpağımız işğal edilib, bizim Qarabağ problemimiz var. Ziyalılar Forumunda olan insanları tanıyıram, oradakı insanlara hörmətim var. Mən siyasətçi deyiləm, amma mən də bilirəm ki, xalqın durumu yaxşı deyil. Bunu demək olmaz? Ziyalılar Forumu layiqli bir qurumdur”.
Cəlal Allahverdiyev dedi ki, bəyanata ondan başqa kimlərin imza atması ona bir məlumat verilməyib: “Heç mənə indi də bəlli deyil ki, o siyahıda kimlərin adı var. Sizdən eşitdim ki, Fikrət Əliyev də o siyahıda yer alır. Fikrət Əliyevi gətirib akademik ediblər, onun nə bir elmi, ixtirası var ki, akademik olsun? Mənim bu bəyanata iradım var, bunu özlərinə də dedim. Mən yalnız orada dövlətçiliyimizə aid olan məsələlərlə razıyam, Ziyalılar Forumuna qarşı ittihamları qəbul etmirəm”.
Akademik “Mediaforum”a açıqlamasında isə deyib ki, BDU-nin rektoru Abel Məhərrəmov müraciət mətnini ona təqdim edərkən yalnız bir şərtlə imza atacağını bildirib: “Mətnin əvvəlində cəmiyyətimiz üçün xeyirli, lazım olan ifadələr səslənib. Ziyalıların ölkədə sabitliyin qorunmasında rolundan danışılıb. Yeni dövlətin uğurları qeyd olunub. Lakin sonda Ziyalılar Forumunun mövqeyinin düzgün və ədalətli olmadığı qeyd edilir. Mən bu sonda deyilənləri təsdiq edə bilmərəm və imza atdığım yerə öz qeydimi də yazmışam. Istənilən adam həmin qeydimi araşdırıb baxa bilər.
Ziyalılar Forumu nə deyir? Təhsilimizin bərbad gündə olmasından danışır, ölkədəki korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılmalı olduğunu deyir. Bu, dövlətçilik əleyhinə çıxmaq demək deyil. Bir var hakimiyyət əleyhinə çıxmaq, bir də var dövlətçilik əleyhinə çıxmaq. Bunlar tam fərqli məsələlərdir. Mən hakimiyyətin əleyhinə deyiləm, amma hazırkı durumun əleyhinəyəm”.
Cəlal Allahverdiyev vaxtilə Azərbaycan Dövlət Neft Akademiyasının çox böyük nüfuza malik olduğunu, indi isə bundan heç bir əsər-əlamət qalmadığını vurğulayıb: “Mən böyük alim Rafiq Əliyevin işdən haqsız çıxarıldığını düşünürəm. Rafiq Əliyevin işdən çıxarılmasının əleyhinəyəm. Onu çıxaranlar çox böyük səhv ediblər. Rafiq Əliyev böyük alim, şəxsiyyət, çox gözəl insandır. Eşitdim ki, bəzi özünü akademik adlandıranlar onun əleyhinə çıxışlar edir. Onun əleyhinə yazı yazanlar deyə bilərlərmi ki, beynəlxalq aləmdə tanınırlar? Onların hansı məqaləsi nüfuzlu beynəlxalq elm jurnallarında dərc olunub? Rafiq Əliyevin əleyhinə yazanlar heç utanırlarmı?”

Müraciətlə “Azərbaycan”dakı məqalənin mətni niyə eynidir?

BDU-nun müəllimləri adından yayılan müraciətlə başqa bir maraqlı məqam isə onun məzmununa görə “Azərbaycan” qəzetinin 12 noyabr tarixli sayında “Ziyalılıq meyarı” sərlövhəli məqalə ilə demək olar ki, eyniyyət təşkil etməsidir. Hətta  həmin məqalədən bəzi fikirlər nöqtə-vergülünə toxunmadan müəllimlərin müraciətinə daxil edilib. Nümunə olaraq müraciətin birinci abzasında yer alan aşağıdakı fikirləri göstərmək olar: “Ötən əsrin 80-ci illərinin sonlarında ölkəmizə qarşı yürüdülən ədalətsiz siyasətə etiraz olaraq, xalqı öz ətrafında birləşdirməyə nail oldular. Lakin sonralar hərəkatın rəhbərliyindən ziyalıların sıxışdırılması, idarəçiliyin, tədricən, qaragüruhun əlinə keçməsi milli mücadiləmizin uğursuzluğuna gətirib çıxardı. Nəticədə müstəqillik uğrunda mübarizənin mahiyyəti dəyişdi, hakimiyyət uğrunda savaşlar, vətəndaş qarşıdurmaları, 20 Yanvar faciəsi kimi olaylar baş verdi, üstəlik Qarabağ hadisələrində ardıcıl məğlubiyyətlərlə üzləşdik”.
Bu fakt ziyalılara qarşı kampaniyanın bir mərkəzdən idarə olunduğunu, bu istiqamətdə qəzet materiallarının belə eyni yerdə hazırlandığını göstərir. Zahirən iki fərqli qələmdən çıxan mətnlər bu qədər dəqiqliklə üst-üstə düşürsə, deməli, ya BDU-nun müəllim heyəti adından yayılan müraciəti də “Azərbaycan”dakı məlum məqalənin müəllifi hazırlayıb, ya da həm müraciət, həm də məqalə hardansa, çox böyük ehtimalla Prezident Administrasiyasından (PA) hazır gəlib. Nəzərə alsaq ki, “Azərbaycan” qəzeti birmənalı olaraq PA rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir, onda ziyalılara qarşı kampaniyanın başında məhz bu şəxsin dayandığı barədə deyilənlər kifayət qədər inandırıcı görünür.

Informasiya şöbəsi