«Özlərinə hörmət etməyən alimlərə vaxt ayırıb, açıqlama vermək fikrim yoxdur»
Akademik Rafiq Əliyevə qarşı kampaniya aparan şəxslər keçmiş deputat Gültəkin Hacıbəylini hədəf alıblar. Onu da qeyd edək ki, R.Əliyevə qarşı başlanılan kampaniya dünən BDU-nun bir qrup müəllimi tərəfindən də davam etdirilib.
Eyni zamanda “1news.com” saytında G.Hacıbəyliyə qarşı kəskin etiraz edən və məqalənin bəzi yerlərində qeyri-etik ifadələrdən istifadə edən şəxslər AMEA-nın həqiqi üzvləri Telman Əliyev, Fikrət Əliyev müxbir üzvləri Rasim Əliquliyev, Ağası Məlikovdur. G.Hacıbəylinin Ziyalılar Forumunun tədbirində iştirak edərək yanlış addım atdığını düşünən akademiklər onu reallıqları təhrif etməkdə ittiham edirlər.
Ünvanına səslənən ittihamlara cavab olaraq G.Hacıbəyli “Azadlıq” qəzetinə açıqlamasında bildirdi ki, R.Əliyev və ona qarşı ittihamların yer aldığı yazı onu imzalayanların mövqeyini əks etdirmir: “Mən çox gözəl bilirəm ki, bu yazını onun altında adları olan şəxslər yazmayıblar. Onlar yazmadıqları yazının altına imza atıblar. Belə şəxslərə isə mən hörmət edə bilmərəm. Hörmət etmədiyim şəxslərə görə isə vaxt ayırıb, açıqlama vermək fikrim yoxdur”.
Hikmət