«Özlərindən psevdoqəhrəman düzəltməsinlər, əlimdə çoxlu faktlar var»
Baş redaktor ittihamlara bu gün vəkili vasitəsilə cavab verəcək
Dünən vəkil Elçin Sadıqov Kürdəxanı istintaq təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Vəkilin sözlərinə görə, Ə.Zeynallının əhval-ruhiyyəsi yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur: “Müdafiə ilə bağlı müzakirələr apardıq. Hələ ki, istintaq hərəkətləri aparılmır, nə vaxt aparılacağı barədə də məlumat vermirlər”. E.Sadıqov bu gün yenidən Ə.Zeynallı ilə görüşəcəyini bildirib.
Bu arada Ə.Zeynallıya qarşı iddia qaldıran deputat Gülər Əhmədova məlum hadisədən sonra ilk dəfə mətbuata açıqlama verib. G.Əhmədova “Media forum”a deyib ki, Ə.Zeynallı məsələni qloballaşdırmaqla beynəlxalq təşkilatların diqqətini özünə cəlb etmək istəyir: “Əlbəttə, o başa düşür ki, mənimlə təkbətək qalanda ortadakı faktlara cavab verməli olacaq. Məsələni qloballaşdırmaqla, prezident səviyyəsinə qaldırmaqla beynəlxalq təşkilatlardan dəstək almaq fikrindədir. Yəni göstərmək istəyir ki, guya ona ölkə miqyasında təzyiqlər var. Demək istəyir ki, ”görün mənə kimlər təzyiq edır”. Guya o, ölkə daxilində situasiyanı dəyişə biləcək adamdır və bu səbəbdən də ona prezident, Prezident Administrasiyasının rəhbərliyi təzyiq edir. O, məsələni düşünülmüş şəkildə buna yönəldir. Ətrafındakı bəzi dırnaqrarası hüquq müdafiəçiləri ona məsləhət verirlər ki, məsələni şişirtsin və bunun sayəsində ona kömək edə bilsinlər”.
G.Əhmədova bildirib ki, istintaq getdiyindən o, məsələnin detalları haqqında danışmaq istəmir. Həmçinin deputat artıq istintaqa ifadə verdiyini qeyd edib. O, əlində xeyli fakt olduğunu iddia edib, şahidlərin olduğunu vurğulayıb.
Deputat baş redaktorun onu nədə şantaj etdiyi məsələsi barədə danışmaq istəməyib: “Orada çox cılız şeylər vardı. Şantaj etməyə heç nə yox idi. Ümumiyyətlə nə olursa olsun, mən şantaja boyun əyən deyiləm, heç vaxt da əyilməmişəm.
Kimin mənimlə nə danışdığı, nə dediyi yaxşı yadımdadır və mən də bir çox açıqlama verə bilərəm. Sinə cırıb özlərindən psevdoqəhrəman düzəltməsinlər. Onlardan fərqli olaraq mən mərd-mərdanə danışıram. Hər kəsə maraqlarına uyğun münasibət bəsləmirəm. Məsləhətim odur ki, qazlarını bir az alsınlar və sakit olsunlar. Hər kəs bilir ki, Əvəz Zeynallı reket qəzetçidir”.
Şikayətin “Xural” gündəliyə keçəndən sonra verilməsinə gəlincə, G.Əhmədova bunların bir-birilə əlaqəsinin olmadığını deyib: “Şantajlar davam edirdi, ona görə də indi müraciət etdim”.
Hələlik G.Əhmədovanın bu açıqlamasına münasibət bildirmək istəmədiyini deyən E.Sadıqov əvvəlcə Ə.Zeynallının fikrini öyrənəcəyini bildirib: “Əvəz bəyi bu açıqlama ilə tanış edəcəm. O fikrini açıqlayandan sonra mən də vəkili olaraq münasibət bildirəcəm”. Vəkil bircə onu bildirib ki, deputatın fikirlərində ziddiyyətlər var: “Şikayətində Gülər Əhmədova Ə.Zeynallının onu iyul-avqust aylarında şantaj etdiyini göstərib. Indi isə deyir ki, şantajlar davam edirdi, ona görə də indi müraciət edib”.
Gültəkin