Xərclənməsi nəzərdə tutulan 1 milyard dolları qazanmaq mümkün olmayacaq
“Eurovision 2012″ müsabiqəsinin Azərbaycanda keçiriləcəyi bəlli olanda hökumətin bu tədbirdən də korrupsiya əməliyyatları üçün istifadə edəcəyini ehtimal etmək olardı. Daha sonra yarışmaya hazırlıq adı ilə həyata keçirilən tədbirlər ehtimalları doğrultmağa başladı. Bu günlərdə isə bu məqsədlə hökumətin nə qədər pul ”siləcəyi” bəlli oldu. Belə ki, “Mir” teleradioşirkəti Azərbaycanın “Eurovision 2012″ mahnı müsabiqəsinə necə hazırlaşması ilə bağlı reportajında xərclərə xüsusi diqqət ayırıb.
Reportajda qeyd olunub ki, Azərbaycanın Maliyyə Nazirliyinin hesablamalarına görə, “Eurovision”a hazırlığa dövlət büdcəsindən 1 milyard dollar xərclənəcək. Şübhəsiz ki, bu kimi tədbirlərin və müsabiqələrin keçirilməsi ölkəyə turist axını və əlavə gəlirlərin gəlməsi baxımından sərfəlidir. Lakin xərclərin məbləği onu deməyə əsas verir ki, Azərbaycan bu müsabiqədən “ziyanla” çıxacaq. Çünki heç bir halda 3-4 gün davam edən müsabiqənin ölkəmizə bir milyard gəlir gətirəcəyi mümkün deyil. Bunun üçün başqa ölkələrin nümunəsinə də diqqət yetirmək kifayətdir.
Məsələn, hesablamalara görə, Oslo “Eurovision”a təxminən 17 milyon avro, 2008-ci ildə Serbiya müsabiqənin təşkilinə 10 milyon avrodan az, 2007-ci ildə Finlandiya 14 milyon avro, 2006-cı ildə Yunanıstan 12 milyon avro, 2005-ci ildə Ukrayna 22 milyon avro xərcləyib. Almaniya isə indiki ana rekord məbləğ – 47 milyon avro xərcləyib. Düsseldorfdakı yarışma ölkə büdcəsinə 140 mln avro gəlir gətirib. Moskvaya isə bu müsabiqə 35 milyon avroya başa gəlib. Ancaq gəlirlər xərclərdən xeyli az olub. Çünki Avropa Yayım Şurası Rusiyaya bu məbləğin cəmi 10 faizini ödəyib.
Müsabqə zamanı Azərbaycana xeyli sayda turistin gələcəyi gözlənilir. Hətta rekord sayda turistin gəlib ölkədəki bahalı xidmətlərdən istifadə etməsi belə xərclənən, daha doğrusu “silinən” bir milyard manatı ödəməyəcək. Bu da bir daha onu deməyə əsas verir ki, hökumət bu yarışmadan da ölkənin mənafeyi, vətəndaşlarının rifahı deyil, şəxsi maraqları üçün istifadə etməyə hazırlaşır.
Kiçik misal gətirmək bunu bir daha sübut edir. Miqyasına görə “Eurovision” yarışmasından xeyli böyük olar, daha çox gəlir gətirən olimpiya oyunlarında belə bir milyardlıq gəlir fantastik rəqəm sayıla bilər. Məsələn, Pekində keçirilən olimpiya oyunlarına Çin hökuməti 2,8 mlrd dollar xərcləyib, 3,01 mlrd dollar gəlir əldə edib. Xalis mənfəət isə 150 mln dollar olub. Bir milyard xərc çəkən Azərbaycanın isə “Eurovision” yarışmasından sonra gəlirlərini yox, itkilərini hesablamaq lazım gələcək.
Fizzə