“Akkord”un fəhlələri etiraza qalxdı

Işdən qovulanlar pullarını tələb edir

Fəhlələrə müqavilədə göstəriləndən iki dəfə az maaş verilib, ancaq iki dəfə çox işlədilib

“Akkord” şirkətlər qrupunun Qazax rayonun Daşsalahlı kəndində yerləşən sement zavodunun bir qrup işçisi ötən gün Bakıda etiraz aksiyası keçirdi. Etiraz aksiyasına toplaşanlar Qazax və Ağstafa rayonun sakinləri idi.
“Akkord”un sözügedən ünvandakı obyektində hələ mart ayında ilk etiraz qalxmışdı. O zaman 150 nəfər işçi zavodun verdiyi yeməyin keyfiyyətsiz olmasına qarşı çıxaraq işi dayandırmışdı. Daha sonra etirazçılardan 22-si işdən çıxarılmışdı.
Bu dəfə isə işdən çıxarılanların sayı nə az nə çox, düz 51 nəfərdir. Onları bir adla zavoddan uzaqlaşdırıblar – iş yoxdur, olanda sizi çağıracağıq.
Xəqani Hacalıyevlə bu il yanvarın 14-də müqavilə bağlanıb və müqavilənin II bəndində “2.1. Bu Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında 6 (altı) ay müddətində bağlanmışdır” yazılıb. Ancaq müqavilə bağlandıqdan 4 aydan sonra onu işdən çıxarıblar. Ona 732 manat əmək haqqı veriləcəyi vəd edilib, aldığı ən yüksək məbləğ isə 350 manat olub.
“Biz bir ildən artıqdır ki, həmin zavodda işləyirik. Bu vaxta qədər bir çox məsələlərlə bağlı etirazlarımız olub. Ancaq bu dəfə konkret olaraq bizi işdən çıxarmaqla məsələni həll etməyə üstünlük verdilər. Çünki biz artıq öz haqlarımızı qanuni şəkildə tələb etməyə başlamışdıq. Bir müddət öncə rəhbərlikdən əmək müqaviləsinin bir nüsxəsini istədik. Əslində bu müqavilənin bir nüsxəsi bizdə olmalıdır. Biz müqavilələrin üzünü belə görməmişdik, orda nə yazıldığından xəbərsiz idik. Müqavilələri əldə etdikdə isə burda yazılanlarla bizim üçün yaradılmış şərait arasında böyük fərqlər olduğunu gördük” – deyir, fəhlələr.
Əmək müqaviləsinin “iş və istirahət vaxtı üzrə” bölməsində göstərilənlər də reallıqla uyğun deyil. Burda birmənalı şəkildə göstərilib ki, “Işçi həftə ərzində 40 saatdan çox olmayaraq işləyir, istirahət günləri hər həftənin şənbə-bazar günləridir”. Işçilər isə həftənin 7 günü, hər gün isə 9 saat və artıq işlədiklərini bildirirlər.
Işçilər deyirlər ki, əlavə iş saatına görə onlara ikiqat əməkhaqqı ödənilməsi bir yana, əmək müqaviləsinin 4.1. maddəsində göstərilən də tam şəkildə ödənilməyib: “Əldə etdiyimiz müqavilələrdə 700-800 manat arası əməkhaqqı ödənilməsi göstərilib. Bu vaxta qədər ən yaxşı halda 400 manat əməkhaqqı almışıq. O da çox nadir hallarda olub”.
Müqavilədə göstərilib ki, işçilər iş qabiliyyətini müvəqqəti itirərlərsə, onlara məzuniyyət və əməkhaqqı tam ödənilməlidir. Fəhlə Cəmşid Mustafayev iş başında olarkən ayağa sınıb. 25 gün yataqda olsa da, adına 3 günlük məzuniyyət yazılıb. 25-ci günün tamamında onu işə çağırıblar, gəlməyəcəyi təqdirdə işindən qovulacağı ilə hədələyiblər.
Vüsal Yusifov da iş başında xəsarət alıb. 21 gün yataq xəstəsi olub. Ona nəinki məzuniyyət yazılıb, hətta işdən çıxarılıb.
Etirazçılardan bir neçəsini şirkətin məsul işçiləri qəbul etdi. Təxminən yarım saatlıq görüşdən sonra heç bir anlaşmanın əldə olunmadığı üzə çıxdı.
“Akkord”un ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afaq Quliyeva işçilərin məhkəmə iddiasından imtina etdiyini deyir: “Məsələ kompromis yoluyla həll olundu və onlar məhkəmə iddiasını geri götürdülər”. “Onlar işə bərpa olunacaqmı” sualına “Akkord”un sözçüsü “fəhlələrin məhkəməyə verdikləri iddiaları həll olundu. Onların istəyi başqa idi və biz bunu həll etdik” cavabını verdi. Fəhlələrin istəyinin nə olduğuna isə Afaq Quliyeva aydınlıq gətirmədi. Fəhlələrsə məhkəmə iddiasından geri çəkilmədiklərini dedilər.

Ramin DEKO