Ötən yazımda iddia etmişdim ki, 500 minlik partiyası, böyük alim və ziyalı ordusu, nefti, qazı, manatı, milyardı olan bir hakimiyyət az sayda ziyalının tənqidi qarşısında özünü itirib, təlaşa düşüb. Həqiqətin gücü özünü göstərir. Səhər hər şey sübut olundu. Təkcə BDU-dan 245 nəfər alimin imzası ilə bu ziyalılara qarşı bəyanat verildi. Doğrudan da, az bir adamın üstünə ordu ilə gəldilər, hələ böhtanı, yalanı, ittihamı demirəm.
Səbəb aydındır. Ziyalılar Forumunda toplaşanların bir neçəsinin nüfuzu qarşısına Azərbaycan hakimiyyətinin çıxara biləcəyi eyni nüfuzda alim yoxdur. Orada ən nüfuzlu alim Cəlal Allahverdiyev idi, o da imzasını təkzib etdi. Hakimiyyətin bu məsələdə aciz duruma düşdüyü açıqca göründü. Imza atanların təkcə ikisinin bəyanatdan imtinası bəs etdi ki, sənədin yuxarıdan hazırlanıb yayıldığı, saxta olduğu ortaya çıxsın. Sayın çoxluğuna baxmayın, artıq adamlar həqiqətə qarşı getmək istəmir, əbədi prezidentlik referendumuna açıq şəkildə haqq qazandıran Qulu Məhərrəmli də hakimiyyətin bəyanatına imza atmaqdan imtina etdi. Illərlə ölkədə baş verənləri sakitcə izləyən akademik Cəlal Allahverdiyev ölkədəki problemlərdən ağlaya-ağlaya danışdı. 245 imzanın 2-si azaldı, xeyli adam əvvəldən imza atmayıb, getdikcə də say azalacaq. Şübhə yoxdur ki, imza atanların da çoxu istənilən məqamda etirazçı alimlərə qoşulmağa hazırdır.
Bir vaxtlar hakimiyyətin xeyrinə işləyən üsullar artıq onun əleyhinə işləyir. Artıq Abellər dövrü bitir, onların çürük dəlilləri də boşa çıxır…
Rüşvətin içində olan adamlar təmiz adamları qrant almaqda ittiham edirlər. Çox gecdir, aləm bilir ki, sizlər dərsi, kitabı, elmi də satışa çıxarmısınız. Sizi tanıyırlar artıq. Arxanızda duran polis dəyənəyi olmasa, rüşvət sisteminiz hələ adamlara yararlı olmasa, nəinki 245, cəmi 4-5 adam da tapa bilməzdiniz imzaya…
Bu 245 nəfər həmin bəyanatla 9 milyonun yeyilən, tapdanan haqqına qarşı çıxıb. Gələcəkdə Universitetlərdə 245 nəfərlik bəyanatın altındakı siyahıda yer alan adlar xəcalət siyahısı kimi tədris olunacaq. Bəzi müəllimlər özlərinə belə haqq qazandıracaqlar: onlar bizə zorla imza atdırırdılar.
Görün özlərini necə təkzib edirlər: həm deyirlər ki, ziyalı siyasətə qarışmamalıdır, həm də YAP-çı Abel Məhərrəmovla birlikdə bəyanata imza atırlar.
Görün yalan bizim hakimiyyəti və onun təbliğatçılarını hara gətirib, artıq özləri özlərini təkzib edir. Ziyalılar Forumuna qoşulan bəzi adamlara, o cümlədən Gültəkin Hacıbəyliyə “vurulmuşlar” damğası yapışdırırlar. Görün bu nə deməkdir. Əvvəla, belə çıxır ki, bu hakimiyyəti yalnız vəzifə alanlar, ondan xeyir görənlər sevir. Ikincisi, deputat necə vurula bilər? Normalda onu xalq seçməlidir. Əgər onu “vurublarsa” və nəticədə deputat olmayıbsa, seçkinin təyinatlı olduğunu özünüz də etiraf edirsiniz…
Bunlar rəzalətdir. Görürsünüz ki, bir çox adamlar vaxtilə bu hakimiyyəti müdafiə etməsindən utanmır, çəkinmir və onun üstünə gedir. Qorxu hər mənada dağılır. Hakimiyyətin ən yararlı adamlar hesab etdiyi ziyalılar indi təhlükəli təbəqəyə çevrilir…
Necə bəyəm, Tunis inqilabının səbəbi olan göysatana lağ edirdiniz, “gedin siz də bir nəfər göysatan yandırın” deyə gülürdünüz, “bizdə inqilab olmaz” deyə acıq verirdiniz, amma unutmuşdunuz ki, göysatan yerinə qoyduğunuz alimlər də var bu ölkədə. Onların arasında dünya şöhrətlisi də var. Indi görürsünüz ki, onlar sizə inqilab da yaşada bilər. Siz bu xalqı nə saymısınız? Onu heçmi bilirsiniz?
Abellər dövrü bitir
•