Türkiyəli alimlər Rafiq Əliyevin müdafiəsinə qalxdı

“O, tək Azərbaycanın deyil, bütün türk dünyasının elmini dünyaya yaymaqdadır”

Türkiyədə fəaliyyət göstərən akademiklər Azərbaycanda azad fikir səsləndirdiyinə görə təzyiqlərə məruz qalan professor Rafiq Əliyevi müdafiə edən bəyanat qəbul edərək, ölkə başçısı İlham Əliyevə ünvanlayıblar. Bəyanatda bildirilir:

“Hörmətli İlham Əliyev!
Aəzrbaycanın və dünyanın tanınmış elm adamı, professor Rafiq Əliyevin Neft Akademiyasında qurucusu olduğu “Avtomatlaşdırılmış idarəetmə
sistemləri” kafedrasının müdiri vəzifəsindən çıxarılmasını  kədərlə öyrənmişik.
Vəziyyətdən xəbərdar olan  Alimlər Birliyi üzvləri bu addımı təəccüblə qarşılamışlar. Çünki professor Rafiq Əliyev dünyada olduğu kimi Türkiyədə də dədə hesab olunan və izlənilən qiymətli bir elm adamıdır. Rafiq Əliyevin 60 kitabından 48-i xaricdə dərc olunub”.
Bəyanatda Rafiq Əliyevin Corciya Dövlət Universitetinin (ABŞ), Təbriz Universitetinin (İran) və Zigen Universitetinin (Almaniya) professoru olması qeyd olunur: “O, tək Azərbaycanın deyil, bütün türk dünyasının elmini dünyaya yaymaqdadır. Rafiq Əliyev dünyada tanınmış nadir elm adamlarımızdandır.
Biz Alimlər Birliyi olaraq professor Rafiq Əliyevin bu yanlış rəftara layiq olmadığını düşünür və  Azərbaycan Respublikasının prezidenti hörmətli İlham Əliyevdən vəziyyətə müdaxilə edərək, onun vəzifəsinə qaytarılmasının təmin edilməsini hörmətlərimizlə ifadə edirik”.

Bəyanatı Türkiyə Alimlər Birliyinin rəhbəri Şükrü Koç imzalayıb (musavat.com).