Hökumət “Eurovision”a 1 milyard dollar “siləcək”

“Mir” teleradioşirkəti Azərbaycanın “Eurovision 2012” mahnı müsabiqəsinə necə hazırlaşması ilə bağlı reportaj hazırlayıb. Reportajda iştirakçıları və qonaqları qəbul etmək üçün paytaxtın 500-dən artıq otelinin hazırlıq gördüyündən bəhs edilir (ans press).

Reportajda mətbəxə xüsusi diqqət ayrılıb. “Eurovision”a 9 ay qalmasına baxmayaraq, otellər qonaqları qarşılamağa artıq hazırdır. “Azərbaycan mətbəxinin ləziz təamları müxtəlif növ servislə təqdim olunacaq. Menyunun rəngarəngliyi məqsədilə yerli aşpazlara Asiya mətbəxini öyrətmək üçün bütün otellər və restoranlar Bakıya Asiyadan kulinarlar dəvət edib. Bundan savayı qonaqlara İtaliya və digər ölkələrin yeməkləri təklif olunacaq”, deyə reportajda bildirilir.
Reportajda “Eurovision” üçün xüsusi olaraq hər biri 40.000 dollarlıq 300 yeni taksinin alındığı və müsabiqəyə qədər onların sayının 3 dəfə artırılacağı deyilir.
Bildirilir ki, əsas güc sayı 50 minlik tamaşaçı tutumu olan konsert zalının tikintisinə sərf olunur. Xəzərin sahilində inşa edilən konsert zalında akvariumu xatırladan şəffaf səhnə qurulacaq.
Reportajda qeyd olunub ki, Azərbaycanın Maliyyə Nazirliyinin hesablamalarına görə, “Eurovision”a hazırlığa dövlət büdcəsindən milyard dollar xərclənəcək. Müsabiqə üçün bu məbləğin xərclənməsini vətəndaşlar birmənalı qarşılamayıb.