«Ixrac olunan neftin təxminən 80-85 faizi Italiya, Israil, ABŞ, Fransanın payına düşür»
Nemət Əliyev: «Günahkar Azərbaycan hökumətidir, çünki neft siyasətini etibarlı əsaslar üzərində qura bilməyib»
Avropada böhran təhlükəsi davam edir. Yunanıstanın ardınca Italiya iqtisadiyyatı da köklü problemlər yaşamaqdadır. Artıq beynəlxalq bazarlarda bu ölkənin borc faizi 7 faiz təşkil edib. Son 10 il ərzində Italiya üçün bu, rekord göstərici sayılır. Bu ölkədə baş verən böhran Azərbaycana da təsirsiz ötüşməyəcək. Çünki Azərbaycanın xarici ticarət dövriyyəsində Italiya birinci yerdə dayanır. Azərbaycanın xarici ticarətində, xüsusən də ixrac mallarında təxminən 95-98% aralarında çəki neft və neft məhsullarına aiddir. Ixrac olunan neftin də təxminən 80-85 faizi Italiya, Israil, ABŞ, Fransanın payına düşür.
Dövlət Statistika Komitəsinin bu il üçün olan məlumatına nəzər salanda da bunu görmək olar. Bu ilin on bir ayı ərzində xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (82,2 faizi) Italiya və digər Avropa ölkələrinin payına düşüb. Belə olan halda, Italiyada böhranın dərinləşməsi ölkəmizə nə vəd edir?
Iqtisadçı-ekspert Nemət Əliyev Azərbaycan iqtisadiyyatının neftdən asılı vəziyyətə gətirildiyini, əsasən neftin ixracı üzərində qurulduğunu deyir. Ixrac da əsasən 4-5 ölkədən asılı vəziyyətdədir. Bu ölkələrin hər hansında böhran yaşanacaqsa, yaxud hər hansı səbəblərdən həmin ölkələr neftin alışına məhdudiyyət qoyacaqsa, bu, birbaşa Azərbaycan iqtisadiyyatına, dövlət büdcəsinə təsir edəcək. Eyni zamanda ölkədə həyata keçirilən investisiya layihələrini şübhə altına alacaq, əhalinin əmək haqlarının verilməsinə də təsirsiz ötüşməyəcək.
Ekspertin sözlərinə görə, belə bir vəziyyətin yaranmasında əsas günahkar Azərbaycan hökumətidir. Çünki neft siyasətini etibarlı əsaslar üzərində qura bilməyib.
Ekspertin fikrincə, Azərbaycan hökuməti ixrac məsələsində də diversifikasiyaya üstünlük verməlidir: “Neftin alıcıları çoxdur. Amma nədənsə, Azərbaycan neftinin 80-85%-i Italiya daxil olmaqla 4-5 ölkəyə satılır. Ona görə də həmin ölkələrdə baş verən təhlükəli məqamlar mütləq Azərbaycan iqtisadiyyatını vuracaq. Bu, eyni zamanda dövlət büdcəsində də əlavə problemlər yarada bilər”.
Fizzə


