Bu teatrın yolunu da Üzeyir bəy açıb…
Azərbaycanda milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi, bu janrın da yaradıcısı böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Üzeyir Hacıbəyovun 1909-cu ildə yazdığı üç pərdədən ibarət “Ər və arvad” musiqili komediyası ilə Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. “Ər və arvad”ın ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış etmişlər.
Sonrakı illərdə teatrda Üzeyir Hacıbəyovun ikinci musiqili komediyası “O olmasın, bu olsun” oynanıldı. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində olmuşdur. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq Qafqaz ölkələrində, eləcə də Türkiyədə, Bolqarıstanda, Yəməndə və digər məmləkətlərdə tamaşaya qoyulmuşdur.
Dahi bəstəkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan” operettası teatrda 1913-cü ildə oynanıldı. Sankt-Peterburq Konservatoriyasında təhsil aldığı ildə (1913) Üzeyir Hacıbəyovun yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır. “Arşın mal alan” beş dəfə ekranlaşdırılmış, dəfələrlə qrammofon valına yazılmışdır. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilmişdi. Bu, səssiz film olub.
Inqilaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun “Əlli yaşında cavan”, “Evliykən subay”, M.Kazımovskinin “Molla Cəbi”, “Vurhavur” musiqili komediyaları da tamaşaya qoyuldu. Bu tamaşaların yaradılmasında H.Ərəblinski, M.Ə.Əliyev, Ə.Ağdamski, Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı, Ə.Anaplı və başqalarının mühüm rolu olmuşdur. 1938-ci ilə qədər musiqili komediyalar Azərbaycan Opera və Balet Teatrında oynanılırdı. 1938-ci ildə müstəqil musiqili komediya teatrı (Azərbaycan və rus bölmələri ilə) təşkil edildi və teatr 1938-ci ilin sentyabr ayından rəsmi olaraq Azərbaycan Dövlət Musiqili Komediya teatrı statusu aldı. 1939-cu ildə ilk Azərbaycan Sovet musiqili komediyası “Beş manatlıq gəlin” (S.Rüstəmov), “Ər və arvad”, “Evliykən subay”, sonralar isə “Toy kimindir?” (A.Məşədibəyov), “Qızıl gül” (S.Hacıbəyov), teatrın rus bölməsində isə “Mavi mazurka” (F.Leqar), “Arşın mal alan” (Ü.Hacıbəyovun), “Sirk kraliçası” (I.Kalman), “Malinovkada toy” (B.Aleksandrov) və s. tamaşaya qoyulmuşdur.
Unudulmaz sənətkarlar, unudulmaz tamaşalar
Azərbaycanda musiqili-komediya teatrının yaranması və onun müasir inkişaf mərhələsi yenə də XX əsrin 40-cı illərinə təsadüf edir. 1943-cü ildə yeni yaranan mədəniyyət ocağının direktor və bədii rəhbər vəzifəsi Şəmsi Bədəlbəyliyə həvalə olunmuşdur.
O, əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş Musiqili Komediya Teatrının yenidən yaradılmasında, inkişaf etdirilməsində böyük əmək sərf edib. Onun quruluş verdiyi tamaşalarda əsas rollarda Lütfəli Abdullayev, Əlihüseyn Qafqazlı, Münəvvər Kələntərli, Nəsibə Zeynalova, Şəfiqə Qasımova, Bəşir Səfəroğlu, Məmmədsadıq Nuriyev, Məleykə Şahmərdanova, Daqmara Seyidzadə kimi aparıcı aktyorlar iştirak edirdi. Onların saldığı izlərlə istedadlı gənclər gəlirdi.
Bu aktyorlar həm də teatr sənətimizdə öz yollarını, öz məktəblərini yaratmış müqtədir sənətkarlar idi.
1940-cı illərdə teatrın repertuarı F.Əmirovun “Ürəkçalanlar” (1944) və “Gözün aydın” (1946), Ü.Hacıbəyovun “Arşın mal alan” (1945), “Məşədi Ibad” (1946), S.Rüstəmovun “Durna” (1947), S.Ələsgərovun “Ulduz” (1948) operettaları ilə zənginləşdi.
Bir müddət fasilədən sonra, 1956-cı ildə teatr yenidən fəaliyyətə başladı. 1956-1970-ci illərdə teatrda “Qızılaxtaranlar” (T.Quliyev), “Ev bizim, sirr bizim” (Ş.Axundova), “Qaynana” (Z.Bağırov), “Hacı Qara” (V.Adıgözəlov, R.Mustafayev), “Hacı Kərimin Aya səyahəti” (A.Rzayev) və s. tamaşaya qoyulmuşdur. Bundan sonra teatr daha geniş fəaliyyət göstərmək imkanı qazanır və bir-birinin dalınca yeni-yeni tamaşalar hazırlayır. Teatr bu illərdə Ü.Hacıbəyov, S.Hacıbəyov, R.Hacıyev, Z.Hacıbəyov, F.Əmirov, S.Ələsgərov, A.Məlikov, E.Sabitoğlu, S.Rüstəmov, T.Quliyev, V.Adıgözəlov, K.Mirişli, C.Cahangirov, Ə.Abbasov, R.Mustafayev və s. kimi görkəmli bəstəkarlar M.Əlizadə, M.Mərdanov, H.Muxtarov, S.Rəhman, Ş.Qurbanov, M.Şamxalov, Ə.Kürçaylı, S.Rüstəm, R.Zəka, A.Isgəndərov, R.Əhmədzadə kimi görkəmli libretto müəllifləri ilə sıx əməkdaşlıq etmişdir.
Bu illərdə teatrda fəaliyyət göstərmiş görkəmli aktyor truppası ilə yanaşı, böyük sənətkarlar – H.Ismayılov, N.Şərifov, Ş.Bədəlbəyli kimi rejissorlar, S.Ələsgərov, S.Hacıbəyov, K.Abbasov, T.Qəniyev kimi dirijorlar və digər yaradıcı şəxslər Musiqili Komediya Teatrının, eləcə də bütövlükdə Azərbaycan milli teatrının və milli mədəniyyətin inkişafı istiqamətində misilsiz xidmətlər göstərərək teatrı yaşatmış və inkişaf etdirmişlər.
Teatrın yeni inkişaf mərhələsi
1988-1998-ci illərdə teatrın binasının olmaması və Respublikada baş verən ictimai-siyasi hadisələr, həmçinin Qarabağ hadisələri teatr kollektivinin yaradıcılığına bir qədər təsir etsə də, zamanla teatr özünü dirçəldərək yeni inkişaf mərhələsinə qədəm qoydu. Yaradıcı kollektiv bərpa olundu, maraqlı və zəngin repertuar formalaşdı, teatrın müasir tələblərə cavab verən yeni binası özünə qaytarıldı. Bu, teatrın inkişafına böyük təkan verdi. Kollektiv bir-birinin ardınca yeni-yeni tamaşalar hazırlayaraq, repertuarını zənginləşdirməyə başladı: “O olmasın bu olsun”, “Nəğməli Könül”, “Səhnədə Məhəbbət”, “Hələlik”, “Hərənin öz ulduzu”, “On min dollarlıq keyf”, “Məhəbbət oyunu”, “Əlin cibində olsun”, “Məsmə xala dayımdır”, “Talelər qovuşanda”, “Volqalı canan”, rus bölməsində “Maritsa”, “Silva”, “Şən dul qadın” və s.
Hazırda teatr 35-dən çox kollektivin təmsil edildiyi Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub.
“Təməlini Üzeyir Hacıbəylinin qoyduğu teatrın repertuarında üç il bundan öncəyə qədər dahi bəstəkarın bir əsəri belə yox idi. Bu gün məhz bəstəkarın operetta janrında yazdığı hər üç komediya – ”O, olmasın, bu olsun”, “Arşın mal alan” və “Ər və arvad” komediyaları teatrın simasıdır. Biz ilk dəfə olaraq bir il bundan öncə dünyanın 50 ölkəsinin qatıldığı Beynəlxalq Teatr Bayramında – Iranda keçirilən Fəcr festivalında Azərbaycanı “O olmasın, bu olsun” tamaşası ilə təmsil etdik. Festival, ətrafına daha çox tamaşaçı yığsın deyə, bu əsərlə öz fəaliyyətinə start verdi. Bütün tamaşalar bir dəfə göstərildiyi halda, “Məşədi Ibad” iki dəfə göstərildi və festivalın ən yüksək ödülünü biz qazandıq. Müstəqilliyimiz dövründə heç bir xarici dövlətə gedə bilməyən teatr təkcə son üç ildə müxtəlif proqramlarla Moskvada, Novosibirskdə, Yekaterinburqda, Tiflisdə və Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında, Türkiyədə müxtəlif səfərlərdə olub. Teatrın aparıcı solistləri dünyanın ən müxtəlif meridianlarında keçirilən Azərbaycan Mədəniyyəti Günlərində teatrımızı təmsil ediblər…” (Ə.Lalayev, teatrın direktoru).
Bu gün teatrda əsaslı təmir və bərpa işləri aparılır. Kollektiv Dənizçilərin Mədəniyyət Evində yerləşir, tamaşalar göstərilir, yeni əsərlər hazırlanır. Ə.Lalayev deyir ki, bu çətin günlərdə öz tamaşaçılarını itirməmək üçün kollektivin bütün üzvləri əllərindən gələni edirlər: “Çox çətindir, amma biz gözləyirik ki, daha gözəl, daha cəlbedici teatrımız olacaq. Hər axşam aktyorlarımız yeni teatrda yenə də işıq selinin altında tamaşaçıları öz sehrinə sala biləcək rollarla səhnəyə çıxaraq, onları güldürəcək, düşündürəcəklər. Ömürlərini səhnəyə verən – cavanından, qocasından asılı olmayaraq, bu sənətçilərdən razı qalmamaq, Tanrı yanında günah işlətmək kimi bir şeydir. Mən bu insanların hamısını sevirəm. Onları sevmədən teatrda işləmək mümkün deyil”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir