ABŞ məhkəməsi ARDNŞ-i almaq üçün hakimiyyətə rüşvət verən çex fırıldaqçının işini canlandırır
Nyu-Yorkun Manhetten Federal Məhkəməsi ötən əsrin 90-cı illərinin sonlarında çex əsilli biznesmen Viktor Kojeninin ARDNŞ-i ələ keçirmək üçün Azərbaycanda hakimiyyət təmsilçilərinə rüşvət verməsinə dair işi yenidən canlandırır. “Bloomberg” agentliyinin yaydığı xəbərdə deyilir ki, Kojeninin keçmiş ortağı, amerikalı biznesmen, “Dooney & Bourke” adlı qadın əl çantaları istehsal edən firmanın sahibi Fredrik Boerk məhkəmədən tələb edib ki, işə yenidən baxılsın (“Yeni Müsavat”).
Buna əsas kimi amerikalı iş adamı Kojeninin rüşvət sxemində aparıcı simalardan olan isveçrəli vəkil Hans Bodmerin məhkəməyə yalan ifadə verdiyi haqda məlumatları göstərib. Qeyd edək ki, Boerk özü də Kojeninin Azərbaycanda qurduğu fırıldaqda 8 milyon itirib, onun çex biznesmeninin ARDNŞ-i almaq üçün qurduğu investisiya fonduna yatırdığı vəsait batıb. İki il əvvəl Nyu-York məhkəməsi Boerki ABŞ-ın Xarici Korrupsiya Aktı əsasında təqsirli bilib, ona 1 il həbs cəzası və iri məbləğdə cərimə kəsib. Boerkin əleyhinə qərar çıxarmaq üçün məhkəmə istintaqla əməkdaşlığa gedərək cəza almaqdan yaxasını qurtaran Hans Bodmerin ifadələrinə əsaslanıb.
Fredrik Boerk məhkəməyə müraciət edərək bildirib ki, işin ona aid hissəsi ilə vəkillərinin yenidən tanış olmasına imkan yaradılsın və hakim bu işlə bağlı yeni dinləmələr çağırsın. Onun bildirdiyinə görə, prokurorların Hans Bodmerin məhkəməyə yalan ifadə verdiyi haqda məlumatları olub. İş adamının vəkili Maykl Tiqer hakim Şira Şeindlinə bildirib ki, o işi aparan prokurorların birindən Bodmerin yalan ifadə verdiyi haqda məlumatlı olub-olmadığı barədə soruşmaq istəyir. Qeyd edək ki, Kojeni özü məhkəməyə vəkili vasitəsilə verdiyi ifadədə təsdiq edib ki, Azərbaycan hakimiyyətinin vədinə əsaslanaraq ARDNŞ-in özəlləşdirilməsinə amerikalı investorları inandırıb, həmçinin Bakıdakı rəsmilərə rüşvət verildiyindən onun investisiya fonduna pul yatıran investorların xəbərləri olub. Bodmerin Boerk əleyhinə verdiyi ifadəyə görə, isveçrəli vəkil Azərbaycandakı otellərdən birinin qarşısında söhbət zamanı iş adamını rüşvət məsələsi barədə məlumatlandırıb. Lakin Boerk bildirir ki, o göstərilən tarixdə Azərbaycanda olmayıb. Prokurorlar isə sonradan Bodmerin tarix məsələsində yanıldığını qəbul ediblər, ancaq deyiblər ki, Bodmerin Boerki Bakıdakı rəsmilərə rüşvət verildiyi barədə məlumatlandırması doğrudur. İndi isə Boerkin vəkilləri bildirir ki, prokurorlar Bodmerlə onun yalan ifadə verməsində anlaşıblar.
Kojeni işinə baxan hakim Şeindlin Boerkin tələbi əsasında işə yenidən baxılıb-baxılmayacağı haqda danışmayıb. ABŞ baş prokurorunun köməkçisi Harri Çernoff isə deyib ki, Bodmerin Bakıdakı görüşün tarixi barədə yanıldığı doğrulansa da, prokurorlar onun ifadələrinin digər hissəsinin yalan olduğunu bilməyiblər. “Bizim bu barədə qətiyyən xəbərimiz olmayıb” deyə, o “Bloomberg”ə bildirib. Qeyd olunur ki, hazırda vəkil Bodmerlə bağlı İsveçrə məhkəməsi çirkli pulların yuyulmasına dair yeni ittihamları araşdırır. Rusiyalı milyarder Oleq Deripaska da onu fırıldaqda ittiham edir. Deripaska İsveçrə məhkəməsində iddia qaldıraraq Bodmeri və digərlərini ona məxsus olan “Norilsk Nikel” korporasiyasının səhmlərini fırıldaq yolu ilə ələ keçirməkdə günahlandırıb. Kojeni isə hazırda Baham adalarındadır, onun ABŞ-a ekstradisiyasına dair proses davam edir. Bildirilir ki, Baham məhkəməsi ABŞ-ın tələbi əsasında onun ekstradisiyası məsələsinə noyabrın 23-də yenidən baxacaq.
Qeyd edək ki, Kojeninin ekstradisiyasına dair cəhdlərin uğursuz olmasından və onun digər ortaqlarının barəsində hökm çıxarılmasından sonra uzun müddət beynəlxalq mediada Azərbaycan hakimiyyətinin təmsilçilərinin adlarının hallanmasına səbəb olan bu qalmaqal bitmiş sayılırdı. Lakin göründüyü kimi, işə yenidən baxılması məsələsi gündəmə gəlir. Son vaxtlar Qərbdən Azərbaycan hakimiyyətinə qarşı edilən təzyiqləri, ayrı-ayrı vəzifəli məmurların adlarının beynəlxalq korrupsiya qalmaqallarında çəkilməsi, Qərb KİV-lərində yer alan müntəzəm tənqidləri nəzərə alan bəzi təhlilçilərə görə Kojeni işinin yenidən qurdalanması təsadüf kimi görünmür. Mümkündür ki, bu işi yenidən araşdırmaq cəhdləri həm də hakimiyyətə qarşı korrupsiya qalmaqallarını gündəmdə saxlamaq məqsədi güdür.