«Azərbaycan» qəzeti siyasi sifariş yerinə yetirir»

Mahal İsmayıloğlu: «Onların təsəvvüründə ziyalılıq hakimiyyətə yarınmaqdır»

“Azərbaycan” qəzetinin son sayında Ziyalılar Forumunun əleyhinə yönələn “Ziyalılıq meyarı” adlı geniş məqalə dərc olunub. Yazıda “Ziyalılar Forumu”na daxil olan ölkənin tanınmış şəxsləri haqqında təhqiramiz fikirlər yer alıb, həmin şəxslərin hakimiyyətdən incik düşdüklərinə, istədiklərini ala bilmədiklərinə görə bu cür mövqe sərgilədikləri qeyd olunub. Aydın məsələdir ki, bu tip yazılar adətən yüksək səviyyədə sifariş olunur. Bəs, budəfəki yazı necə, qəzetin öz təşəbbüsüdür, yoxsa,  göstəriş əsasında yazılıb?
“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlu əvvəlcə “Azərbaycan” qəzetinin ziyalılarla bağlı yanaşmasına qiymət verdi: “Ziyalı da xalqın bir nümayəndəsidir. Əgər xalq bu hakimiyyətdən narazıdırsa, ziyalı niyə narazı olmasın? Bu məqalə ilə yol göstəriblər ki, ziyalı necə olmalıdır. Bu yoldan kənarda olan adamı onlar təbii olaraq ziyalı saymırlar. Onların təsəvvüründə hakimiyyətə yarınmaq elə ziyalılıqdır. Ziyalı odur ki, bu rejimi tərifləsin, onun günahlarına göz yumsun, analoqu olmayan inkişafdan, 1 milyonluq yalançı iş yerindən danışsın. Əgər bunların təsəvvürü belə olmasaydı, böyük bir elm xadimini vəzifəsindən azad etməzdilər. Bu iqtidarın ziyalıya öz baxış ənənəsi var. Çalışırlar ki, insanları bu təfəkkürlə idarə etsinlər”.
M.Ismayıloğlu deyir ki, adətən bu cür yazılar qəzetin öz təşəbbüsü olmur və “yuxarıdan” sifariş olunur: “Bundan əvvəl eyni motiv Rəbiyyət Aslanovanın müsahibəsində də səsləndi. Konturlar əvvəldən verilmişdi. ”Azərbaycan” qəzetinin mövqeyi də Rəbiyyət Aslanovanın ziyalı haqqındakı məlum məövqeyindən fərqlənmir. Bu da təbiidir. Ondan sonra keçmiş deputat Aynur Quliyevanın da oxşar yazısı getdi. Bütün bu oxşarlıqlar göstərir ki, bunlar eyni mənbədən qidalanırlar, eyni əmri yerinə yetirirlər. Rafiq Əliyevi işdən azad etdirən adam, indi də bu cür ucuz metodlarla özünü haqlı çıxarmaq istəyir”.