Bir neçə Lütfi Zadə

Zadə nədən dostu Rafiq Əliyevə zəng eləmir?

Qəzzafinin mühafizə xidmətinin keçmiş zabiti Mansur Dayın dediyinə görə, son günlərində Müəmmər Qəzzafi tərk edilmiş evlərdə ərzaq qalıqları axtarır, əlinə keçənlərlə qarnını doyururmuş. Bu dəhşətli faktdan dünya şöhrətli Lütfi Zadənin xəbəri olduğundan əmin deyiləm. Lakin onun böyük alim Rafiq Əliyevin işdən çıxarılmasından xəbərdar olduğunu hər kəs bilir. Azadlıq radiosuna verdiyi müsahibədən anlaşılır. Ki, Lütfi Zadə məsələdən halıymış, deyilənlərin “həqiqət, ya sadəcə, hansısa söz-söhbət” olduğunu aydınlaşdırmaq üçün tanışlarına e-məktublar da göndəribmiş.

Zadəyə heç kim yazmır

E-məktub söhbətindən dərhal aydın olur ki: 1) Informasiyalar alimə anında çata bilir; 2) Lütfi bəy bu xəbərdən son dərəcə rahatsız olub; 3) Görəsən böyük alimin bu e-məktublarına cavab gəlibmi, gəlibsə ona nə deyiblər? bu həqiqətdi, ya söz-söhbət? Gəlməyibsə, niyə? 4) Lütfi Zadə nədən bu dəqiqləşdirməni dost saydığı və son dərəcə dəyər verdiyi Rafiq bəyin özü ilə aparmaq istəməyib? Məncə, əsas sual da elə sonuncudu.
Müsahibənin davamından üzə çıxır ki, yox, biz haqlıyıq, Lütfi Zadə dostuyla danışmayıb. Çünki jurnalistdən soruşur: “Nə baş verib? Mənə izah edə bilərsinizmi niyə belə olub?” Deməli, nəinki dostuyla danışmayıb, hətta onun e-məktublarına cavab verən də olmayıb. Onun bildiyi sadəcə, Rafiq Əliyevin işdən çıxarılmasıdı, vəssalam. Görəsən niyə ona cavab verməyiblər? Axı nə çətin məsələdi heç olmasa bir qəzet linkini Zadəyə yollamaq? Yenə də qorxu, vahimə, xof? Daim və hər kəsin e-poçtunun izlənilməsi sindromu? Rejimin daha bir şəkli! Yaxşı, yenə sual doğur: Zadə nədən dostuna zəng vurub özündən soruşmur olub-keçəni?

Dahinin rejimə mesajı

Daha sonra o deyir: “Mənim üçün Rafiq Əliyev çox görkəmli bir alimdir. Ola bilsin ki, o, ”Nobel” mükafatı alacaq. Düşündüm, yəqin şayiə olar onun işdən çıxarılması. Deməli, gerçək imiş…” Zadə bu sözüylə ilk mesajını ötürür hakimiyyətə və yenidən bizi sual vermək zorunda qoyur. MESAJ (onu işdən çıxaranlara yönəlib): “Siz neynirsiz? O, çox görkəmli alımdir. ”Nobel” alacaq. Mənim şayiə saydığım bir xəbəri siz necə gerçəkdə eləmisiz? Ağlınız üstünüzdədirmi?”
SUAL: – Nədən Zadə dostuna zəng vurmur? Məktub yazmır?
Müxbir Rafiq müəllimin “vəzifələrini kobud şəkildə pozması səbəbindən vəzifədən azad edildiyini” Zadənin diqqətinə çatdırır və soruşur: “Sizcə, onu məsuliyyətsiz adam hesab etmək olarmı?”
Qeyri-səlis məntiqin atası bunu başa düşmədiyini deyir: “O, həmişə çox məsuliyyətli adam olub”. Yenə mesaj verir üzü qaranlığa.
Müxbir onun işdən vətəndaş mövqeyinə görə kənarlaşdırıldığının qeyd olunduğunu çatdırır. Zadə isə “bilmədiyini” deyir: “Buradan mənə çətindir bütün bunların səbəbini anlamaq”. XXI əsrdə nə qədər matah şey olubmuş məkan uzaqlığı, həm də o uzaqlığın aradan qaldırılmasında bir başa qatqısı olan adam üçün. Və yenə adamın əsəbləri dözmədən sızıldayır: “Axı niyə əlini telefona uzatmırsan?”

Uzaq, uzaq, uzaq Zadə…

Bəli, o, eşidib ki, dostu hakimiyyəti tənqid edir. Amma telefon söhbətlərində hakimiyyəti tənqid etdiyinin heç vaxt şahidi olmayıb. Aha, deməli, onlar telefonla danışırmışlar. Elə isə, niyə bir də indi, məhz yeri gəlmişkən danışmaq istəmir? O, ancaq bunu təkrarlayır: “Deyə biləcəyim odur ki, Rafiq Əliyev Azərbaycanda yox, bütün dünyada ən görkəmli alimlərdən biridir. Və o, ”Nobel” mükafatı ala bilər”. O, “belə bir alimin vəzifəsindən kənarlaşdırılmasının nə dərəcədə ədalətli olub-olmadığını isə bilmir: ”Mən belə suallara cavab verə bilmərəm. Çünki mən bütün bunlardan çox uzağam”. Və bir də mesaj: “Mən artıq sizə demiş olduğumu bir də təkrar edirəm. Rafiq Əliyev dünyanın ən görkəmli alimlərindən biridir”. Zadə dünyada nələr olduğunu bilmir, ədalət haqda təsəvvürü yoxdu, o çox uzaqda yerləşir, amma… Rafiq Əliyevi özünün yaxın dostu hesab edir. Onun işdən çıxarılması xəbəri onun üçün gözlənilməz olub. Sadəcə, inana bilməyib. Ancaq bu inanılmaz faktı adamın ürəyinə bıçaq kimi saplayanlar haqda deyir: “Mənim prezident Ilham Əliyevə, (…) və digərlərinə böyük hörmətim var”. Onun hörmət elədikləri “belə bir alimi hansısa tənqidlərinə, yaxud insan hüquqları, demokratiya barədə düşüncələrinə görə vəzifədən kənarlaşdırmağa qadirdirlərmi?” O, bu suala da cavab verə bilmir: “Bu, artıq mənim işim deyil…” Təbii ki, Ilham Əliyev və onun komandası Zadənin dəfələrlə təkrarladığı mesajları anlamaq iqtidarında deyil, məni isə yenə bu məsələ düşündürür: “O, niyə Rafiq Əliyevə – öz yaxın dostuna zəng vurmur???”

Sözsüz…

“Sözlə işləyən kompüter nəzəriyyəsi”nin yaradıcısı sanki sözlərsiz nəsə deməyə çalışır. O, eşitdiyi sözlərə isə, sayəsində yaranmış sözlə çalışan kompüterlər qədər reaksiya verə bilmir. Sözlə cansız texnikanı danışdıran, işlədən, cavab alan Zadə heç nəyə cavab verə bilmir…ÿ
Lütfi Zadəninÿqeyri-səlis məntiqiniÿobrazlı şəkildə belə izah etmək olar (az.wikipediya.org): “”Aristotelÿməntiqi” ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, “Zadə məntiqi” isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir”. Lakin dünyanı bütün çalarlarıyla qavrama imkanını bəşəriyyətə hədiyyə eləyən dahi alim özü çalarların arasında itib-batır. Bir həddi göstərə bilsə də, o birində susur. Çoxçalarlılığa əsasən, Rafiq Əliyevin işdən çıxarılma səbəbi ilə bağlı açıqlama verən ADNA yetgilisinin sözlərini də həqiqət kimi qəbul eləyib deyə bilərik ki, akademikin işdən çıxarılmasına səbəb gerçəkdən onun hər hansı üzdən kafedranın işini axsatmasıdı. Elə isə bəs bu akt niyə çoxdan yox, məhz Rafiq bəyin daha ucadan danışmağa başladığı vaxt icra edilir? Demək, qərar heç də tam ədalətli deyil. Ancaq Zadə burada da göz deşən bu çaları görə bilmir və ya görmək istəmir.

Öz kəşfindən xəbərsiz

On yazıçının hər biri istedadlı ola bilər. Müqayisə ilə onların hansının daha istedadlı olduğunu aşkarlamaq olar. Lütfi Zadənin xidməti isə həmin aşkarlığı sübut etməyin yolunu göstərməsidi. Onun nəzəriyyəsi bizə müqayisələr hesabına hədlərin kənar sərhədlərini daha şəffaf və daha aşkar görə, onların aldığı qiyməti daha dəqiqliklə ifadə edə bilmək imkanı verir. Baxaq – Zadə eyni anda hər iki Əliyevə hörmət edir (alim və prezident). Bu Əliyevlərdən birinin ya şəxsi tapşırığı, ya da yaşatdığı rejimin mahiyyəti o birini işdən kənarlaşdırır. Məncə, bu məqamda Lütfi Zadə qədər heç kəs ədalətin daha çox hansı tərəfdə olduğunu tapmaq və söyləmək imkanına malik deyil. Lakin yenə də: “Mən deyə biləmərəm…” – cavabı.

Zadənin əli çatmayan məntiq

Lütfi ZadəÿNyuton,ÿEynşteynÿsəviyyəli bir dahi hesab olunur (vikipediya).ÿDahilər isə bəzən ən xırda məsələlərdə uşaqdan da dərrakəsiz olurlar. Məsələn, Nyutonun pişikləri üçün açdığı deşiklər faktı. Ama… axı Azərbaycan pişik deyil. Onun dərdlərini, bəlalarını pişiklərin problemi qədər kiçik hesab eləmək olarmı ki, bu dahi həmyerlimizə haqq qazandırasan? Sadəcə, qarşıya bu laqeydliyi əsaslandırmaq üçün iki variant çıxır: insanlıq defisiti və Zadənin müsahibəsində bir sözündən (“Təkrar edirəm ki, mən sizin ölkə barədə öz fikrimi söyləyə bilmək üçün çox uzaqdayam”) çıxan məntiq – deyəsən axı o özünü “buralı” saymır, bu ölkəyə tam yabançı olduğunu göstərir. Bu, Aristotel məntiqi ilə belədi. Lütfi bəy isə öz məntiqinin dahisidi. Lakin bu tolerant, çoxrəngli məntiqdə nədən də rejimin rəngi ürəkaçan görünür, ancaq o rejimin atdığı qaba addımın rəngi sükutla ifadə olunur? Onun yaxşı rəngi aydın görünür, pis rənginə çatanda məkan uzaqlığı… Barı öz məntiqilə bu qara rəngin özünü də yox, çalarını görə bilməmək nə dərəcə məntiqidi? Bu axı nə səlis, nə qeyri-səlis məntiqə sığır.

Son zəng

Əslində isə, bütün məntiqlərdən yuxarıda dayanan bir məntiq var: Tanrını içində gəzdirən Insanlıq məntiqi. Lütfi Zadənin hələ də vara və kəşf eləyə bilmədiyi məntiq budur. Bundan sonra da ümid eləməyə dəyməz. Zənnimcə, onun işdən çıxarılan dostuna nədən zəng eləmədiyini soruşmağa da daha gərək yoxdu…