Ziyalılar Forumundan gedən sabiq deputatı vəzifədə olan yaxınları ilə hədələyiblər
YAP-ın Idarə Heyətinin üzvü, sabiq deputat Şahlar Əsgərov Ziyalılar Forumunun növbəti tədbirlərinə qatılmayacaq. Bu barədə Şahlar Əsgərov “Azadlıq”a açıqlamasında deyib. Sabiq deputat bu addımını Ziyalılar Forumunun siyasiləşmiş qurum olması ilə izah edib.
“Mən hesab edirəm ki, siyasi məsələlər partiyalarda müzakirə olunmalıdır. Mən də bir partiya üzvüyəm, siyasi mənsubiyyətim var. Bu baxımdan fikrimcə, mənim Ziyalılar Forumunun tədbirlərində iştirakım doğru olmaz. Çünki bu qurum da siyasiləşmiş qurumdur. Mən məhz bu baxımdan forumun tədbirlərində iştirakıma son vermişəm”, – deyə Şahlar Əsgərov vurğulayıb.
Lakin bəzi məlumatlara görə, sabiq deputatın Ziyalılar Forumundan getməsi ona qarşı başlanan təzyiqlərlə bağlıdır. “Azadlıq” hələ forumun tədbirindən sonra məlumat yaymışdı ki, Şahlar Əsgərova xəbərdarlıq edilib. Sabiq deputatın tədbirdəkı çıxışı “yuxarılar”ın xoşuna gəlməyib. YAP-ın qərargahına çağırılan Şahlar Əsgərova “ağır oturub batman gəlmək” tapşırılıb. Görünür, sabiq deputat xəbərdarlıq nəticə çıxarıb.
Bundan əlavə, Şahlar Əsgərovun yaxınları hakimiyyətdə müəyyən mənsəb sahibləridir. Məsələn, onun bacısı oğlu Sübhan Kazımov Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Qardaşı Akif Əsgərov Regional Yaşıllaşdırma Idarəsinin rəhbəridir. O, həmçinin YAP-ın Kəlbəcər şöbəsinin sədridir. Sabiq deputatın oğlu isə Prezident Administrasiyasında referentdir. Ola bilər ki, sabiq deputat həm də yaxınlarının vəzifələrini itirə biləcəyi ilə təhdid edilib.
Informasiya şöbəsi