Mirvari Qəhrəmanlı: «Azərneftyağ» və «Azərneftyanacaq» zavodlarının istehsal gücü 22 milyon ton olsa da, ancaq 5 milyon tona yaxın neft alırlar»
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Qaradağ rayonu ərazisində tikiləcək yeni neft-qaz kimya kompleksinin qiymətini açıqlayıb. 13-15 mlrd. dollara başa gələcək kompleksin inşası ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması artıq başa çatıb. ARDNŞ prezidentinin sözlərinə görə, tikintisi 5-7 il davam edəcək kompleksin real xərcləri 30 faizdən çox və ya az ola bilər. Lakin bu kompleksin hansı güclə işləyəcəyi, ora hansı zavodların köçürüləcəyi bəlli deyil. Eyni zamanda kompleks tikiləcək ərazinin yaşayış massivlərindən nə qədər aralıda olacağı barədə məlumat verilmir. Qeyd edək ki, hazırda ölkədə iki neftayırma zavodu var.
Məsələ ilə bağlı fikirlərini bildirən Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, yeni kompleksə bu iki zavodun köçürülməsi gözlənilir. Sadəcə, bu kompleksin istehsal gücünün nə qədər olacağı bəlli deyil: “Bilmirəm bu kompleks hansı neftlə işləyəcək. Dövlət Neft Şirkəti bununla bağlı heç bir məlumat vermir. Bu kompleks 3-4 milyon ton neftlə işləməməlidir. ”Azərneftyağ” və “Azərneftyanacaq” zavodlarının istehsal gücü 22 mln. tondur. Amma iki zavod bir yerdə 5 milyon tona yaxın neft alır. Bu səbəbdən ictimaiyyət tikiləcək komplekslə bağlı bütün məlumatların şəffaf olmasını tələb etməlidir. Bilinməlidir ki, 15 milyard vəsait nəyə sərf edilir”.
M.Qəhrəmanlı kompleks tikiləcək yerin böyük əhəmiyyət kəsb etdiyini deyir. Çünki hazırda fəaliyyət göstərən zavodların yaşayış massivlərinin yanında olması əhaliyə ciddi problemlər yaradır. Bu zavodların işləməsi nəticəsində həmin ərazinin ətrafında uşaq xəstəliklərinin, xərçəng xəstələrinin sayı artıb.
Ekspert kompleksi tikəcək podratçı şirkətlərin, eyni zamanda tenderin şərtlərinin açıqlanmadığını da normal hal hesab etmir: “Üç ildir bəyan edirlər ki, neft-kimya kompleksinin tikintisinə başlanılır. Nə vaxt, kim tərəfindən, nə qədər vəsaitlə tikiləcək, istehsal gücü nə qədərdi, tender şərtləri necədi? Bunların heç biri açıqlanmır”.
Fizzə


