Vitse-spiker məcburi səsverməyə qarşı çıxdı

Hökumət seçki günü boş bülletenləri itirməkdən qorxur

“Azərbaycanda seçkidə səs verməməyə, iştirak etməməyə görə cərimə tətbiq olunması məqbul deyil”. Bunu, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov “Lent-az”a açıqlamasında deyib. Z.Əsgərov bildirib ki, dünyanın çox az ölkələrində seçkilərdə iştirak etməməyə görə cərimə nəzərdə tutulub: “Bu, Türkiyə və Israildə tətbiq olunub. Ancaq mən düşünürəm ki, seçki könüllüdür. Bir zaman bunu Azərbaycanda Seçki Məcəlləsinə də salmaq istəyirdilər, mən də buna qarşı çıxdım. Həm də biz o qədər yaşlı dövlət də deyilik ki, seçkiyə gəlməməyə görə cərimə salaq”.
Ekspertlər isə hesab edir ki, Z.Əsgərovun məcburi səsverməyə qarşı çıxması təsadüfi deyil. Məsələ ondadır ki, hökumət seçki günü boş bülletenlərin sayının azalmasını istəmir: “Əgər Azərbaycanda da bir sıra başqa ölkələrdə olduğu kimi səsvermədə iştirak məcburi olarsa, seçkidə iştirak etməməyə görə cərimə tətbiq edilərsə, insanlar avtomatik olaraq səs verməyə gedəcəklər. Bu isə hakimiyyət üçün qətiyyən sərfəli deyil. Əvvəla ona görə ki, seçkiyə gələn insanların çoxu onlara səs verməyəcək. Ikincisi və ən vacibi isə budur ki, bu zaman boş bülletenlərin sayı kifayət qədər azalacaq. Bu isə hakimiyyət üçün böyük zərbə deməkdir. Çünki onlar bu boş bülletenlərin hesabına seçkini rahatlıqla saxtalaşdırırlar”.
Ekspertlər onu da deyir ki, vitse-spikerin bu açıqlaması Venesiya Komissiyasına mesaj da ola bilər: “Venesiya Komissiyası fürsət düşdükcə Azərbaycanın seçki qanunvericiliyini müzakirəyə çıxarır. Bəlkə də, onlar məcburi səsverməni qanuna salmağı düşünürlər. Ziyafət Əsgərovun açıqlaması da məhz onlara ünvanlanan mesajdır”.