İran müharibəsi Azərbaycana nə vəd edir?

İran Azərbaycanı yox, Ermənistanı dəstəkləyir…

İran mövzusu «Azadlıq»da dartışıldı

Iran ətrafında yaranmış situasiya hər ötən gün daha da gərginləşir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son hesabatından sonra Qərbin Irana qarşı ciddi addımlar atmaq ehtimalı da artıb. Hazırda regionda cərəyan edən proseslər “Azadlıq”da təşkil olunan dəyirmi masanın müzakirə mövzusu oldu. Mövzu ətrafında fikirlərini bölüşənlər politoloq Zərdüşt Əlizadə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu və “Respublikaçı Alternativ” (REAL) Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü Azər Qasımov, dəyirmi masanın aparıcısı isə siyasi ekspert Rahim Hacıyevdir.

Əvvəli ötən sayımızda

– Uzun illərdir ki, Iran Islam dünyasında liderliyə can atır. 30 minə qədər Azərbaycan müsəlmanını məhv etmiş Ermənistana açıq dəstək verməklə Iran, əslində, siyasətində səmimi olmadığını ortaya qoydu. Türkiyə bizi dəstəklədiyi halda, Iran Ermənistanı dəstəklədi. Bütün bunları nəzərə alaraq, Azərbaycan vətəndaşlarının Iranla həmrəylik nümayiş etdirməsini necə başa düşmək olar?

Z.Əlizadə:


– Azərbaycan, Ermənistan və Iran üçbucağını gözümüz önünə gətirəndə gərək bir şeyi unutmayaq. Azərbaycan hökuməti Qarabağı azad etmək üçün mövcud olan imkanların təxminən 10 faizindən istifadə edir, qalan 90 faizi isə istifadə olunmamış qalır. Hökumət bunu bilərək edir. Çünki Qarabağ münaqişəsinin mövcudluğu Azərbaycan hökumətinin hakimiyyət resursudur. Iranın Ermənistanla sıx əlaqələri sayəsində Yerevanın blokadadan qurtulmasının Qarabağ münaqişəsi üçün acı nəticələrindən bizdə çox yazırlar. Amma nədənsə, həmin o istifadə olunmayan 90 faiz imkandan – hakimiyyət resursundan yazılmır. Bundan başqa, Ermənistana əsas dəstək ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən gəlir. Onlarla müqayisədə Iranın dəstəyi olduqca cüzidir.

– Azərbaycanın hazırkı hakimiyyətinin vaxtilə Iranla yaxşı münasibətləri var idi…

Z.Əlizadə:
– Heydər Əliyev hakimiyyətə gələndə Irana çox şey vəd etmişdi. Amma vədlərinin 10 faizini yerinə yetirdi. Bundan sonra Irana qarşı aparılan təbliğat sovet dövrünü xatırladır.

– Iran “Səhər” kanalı vasitəsilə Azərbaycana qarşı daha kəskin təbliğat aparır…

Z.Əlizadə:
– Belə bir misal var: söymə mənim nökər dədəmi, söyməyim sənin bəy dədəni…

Iran Azərbaycanın güclənməsini istəmir

E.Şahinoğlu:

– Son günlərdə baş verənlər – Iranda məscidlərdə səslənən bəyanatlar, məlum konfransda Azərbaycanın ünvanına deyilən ittihamlar, “Hizbullah”ın Təbrizdəki konsulluğumuzu tutacağı ismarıcı diqqəti cəlb edir. Iran elə dövlət deyil ki, bu bəyanatlar hakimiyyətin razılığı olmadan səslənsin. Azərbaycan bəyan edir ki, Qərbin Irana qarşı əməliyyatı başlasa, Bakı orada iştirak etməyəcək. Həqiqətən də Irana qarşı əməliyyatlar Azərbaycanın xeyrinə deyil. Ən azı, biz humanitar fəlakətlə üz-üzə qala bilərik. Amma Iran bilir ki, Azərbaycan inkişaf yoluna qədəm qoysa, bir qədər də irəliləsə, bu Cənubda yaşayan soydaşlarımız üçün bir maqnit rolunu oyanayacaq.

Z.Əlizadə:
– Iranlılar bilməlidirlər ki, bu hökumətlə biz heç zaman inkişaf etməyəcəyik.

E.Şahinoğlu:
– Bəli, iranlılar bilirlər ki, Əliyev rejimindən sonra normal hökumət gəlsə, demokratik seçkilər keçirilsə, dərin islahatlar reallaşdırılsa, bu, Iranda yaşayan azərbaycanlılar üçün cazibə qüvvəsi halına gələ bilər. Ona görə də Azərbaycana qarşı bu cür təzyiqlər etməyə çalışırlar. Iranın hərbi doktrinasını hərbi ekspertlərlə birgə araşdırdıq. Araşdırmadan belə bir nəticə çıxdı ki, Iran kimisə hədələyir, sərt bəyanatlar verir, amma son ana gələndə çəkingən mövqe sərgiləyir. Məsələn, 2000-ci ildə Iranın təyyarələri Azərbaycanın hava sərhədlərini tez-tez pozurdu. Bunun qarşısı “Türk şahinləri”nin Azadlıq meydanındakı çıxışından sonra alındı.

Z.Əlizadə:
– Heratda 27 iranlı diplomatı və alimi “Taliban” öldürmüşdü. Tehran bu olaya yalnız sərt bəyanatlarla cavab verdi. Amerikalılar fars körfəzində sərnişin təyyarəsini vurdular və 200-dən yuxarı insan həlak oldu. Iran bu olayda da heç nə etmədi.

E.Şahinoğlu:
– Hazırda artan təzyiqlərin səbəblərinə aydınlıq gətirmək istəyirəm. Bu vaxta qədər rəsmi Bakı balanslaşdırılmış siyasət yürütdüyünü elan etmişdi. Daha sonra gördülər ki, bu siyasət uğur gətirmir. Baxmayaraq ki, viza və digər problemlər hələ də qalmaqdadır, Izmirdə Türkiyə ilə Azərbaycan arasında imzalanan qaz anlaşması münasibətlərimizi bir qədər üst səviyyəyə qaldırdı. Eyni zamanda, Azərbaycan “NABUCCO” ilə bağlı müəyyən mərhələyə gəlib çıxıb. Sentyabrda Avropa Birliyi Avropa Komissiyasına xüsusi status verdi ki, Türkmənistan və Azərbaycanla qaz satışıyla bağlı danışıqları sürətləndirsin. Niyə məhz indi? Çünki artıq Rusiya “Şimal axını” qaz kəmərini həyata keçirməyə başlayıb. Yəni, həm “NABUCCO” layihəsi, həm “Transxəzər” layihəsi, həm də ABŞ-la hərbi əməkdaşlıq Iranı bir qədər qıcıqlandırır.

“Azərbaycan hakimiyyəti çox qorxaq siyasət yürüdür”

A.Qasımlı:

– 90-cı illərin əvvəllərində Azərbaycanın Iranla bağlı xarici siyasəti yanlış idi. Iran kimi güclü, böyük və xüsusilə, qonşu ölkəni hədələmək doğru deyildi. Qarabağ problemi mövcud olduğu bir vaxtda belə bir addımın atılması yanlış idi. Növbəti hakimiyyət balanslaşdırılmış siyasət yürütdüyünü elan etsə də, düşünürəm ki, Iranla münasibətlər yenə düzgün qurulmadı. Azərbaycanın yürütdüyü siyasətə “balanslaşdırılmış” demək olmaz. Balans yalnız o halda mümkün olur ki, bir güc mərkəzi var və həmin güc mərkəzinə alternativ olaraq başqa güc mərkəzini meydana gətirirsən. Türkiyə ilə strateji müttəfiq olsaq da, bu dövlətlə aramızda vizalı gediş-gəlişdir. Amma Rusiya ilə vizasız gediş-gəliş mövcuddur. Biz əsas strategiyamızı ortaya qoymalıyıq. Düşünürəm ki, həqiqətən də balansı yaradacaq qüvvələr ABŞ, Avropa Birliyidir. Siyasətdə bir qədər qətiyyət olmalıdır. Məsələn, əgər Əbülfəz Elçibəyin siyasəti həddindən artıq qətiyyətlidirsə, indiki iqtidarın siyasəti çox qorxaq siyasətdir. Azərbaycanın kursu bu iki siyasətin arasında balansın yaradılmasından ibarət olmalıdır. Nə həddindən artıq güclü ritorikaya imkan vermək olar, nə də qorxaq siyasət yürütməyə.

Irana müdaxilə məsələsində Azərbaycan Qərbi dəstəkləməməlidir

– Qərb Iranla bağlı qətiyyətli addımlar atmağa hazırlaşır. ABŞ və Israil hökumətləri Irana qarşı sərt bəyanatlar səsləndirir. Sizcə, Iranla bağlı vəziyyət kritik həddə çatanda Azərbaycan hansı mövqedə olmalıdır?

Z.Əlizadə:
– Qarışmamalıdır. O yerdə ki, biz heç nə qazanmırıq, əksinə, itiririk, hətta vurula bilərik, biz bu prosesə qoşulmamalıyıq. Digər tərəfdən, ABŞ və Israil rəhbərləri Iranı hədələyir. Amma Iran tərəfi hədələyəndə deyirsiniz ki, bu, düzgün deyil. Iranı beynəlxalq əmək bölgüsündən kənarda qoyurlar, bu ölkəyə qarşı fəaliyyət göstərən terrorçu təşkilatlara dəstək verirlər, amma Iran bu addımları atanda ona “terrorçu” damğası vurulur. Regionda yaranmış vəziyyətlə əlaqədar Azərbaycan bir dövlət kimi, beynəlxalq hüquqdan kənar zor işlədilməsini pisləməlidir. Beynəlxalq hüququn təftiş edilməsi, zor nəticəsində əldə edilmiş nəticələrin qanuniləşdirilməsi bizə xeyirli deyil. Çünki Qarabağ problemimiz var. Biz çalışmalıyıq ki, Azərbaycandan Irana heç bir təhlükə getməsin. Iran görməlidir ki, qonşu dövlətdən ona heç bir təhlükə yoxdur.

E.Şahinoğlu:
– Indiki məqamda Qərb-Iran qarşıdurmasının Azərbaycana yaxşı heç nə vəd etmədiyi fikrilə razıyam. Amma bir məqam var: əgər Iran bizi hədələyirsə, bu istiqamətdə boşluq buraxmaq olmaz. Burada balanslaşdırılmış siyasətə söykənmək olmaz. Əgər Təbrizdəki konsulluğa təhlükə varsa, diplomatik dillə izah olunmalıdır ki, Iranın da bir konsulluğu Naxçıvanda var, onun da təhlükəsizliyinə Azərbaycan cavabdehdir. Və ya Azərbaycan Bakıda bir beynəlxalq konfrans çağırıb, Iranla bağlı həqiqətləri dilə gətirə bilər. Necə ki, 2000-ci ildə “Türk şahinləri”nin Bakıya gəlişilə Türkiyə Irana mesaj vermiş oldu. Iran bilməlidir ki, Azərbaycana qarşı təzyiqlər artsa, Tehran öz qarşısında Ankaranı görə bilər.
Irandakı hazırkı proseslərə gəlincə, geniş hərbi əməliyyatların reallaşacağı inandırıcı deyil. Irana qarşı mümkün hücum daha çox havadan nöqtəli zərbələr formasında reallaşa bilər. Bir də ki, Qərb iki cəbhədə Iranı ram etməyə çalışır. Birinci istiqamət sanksiyalar yoludursa, ikinci istiqamət Iranda daxili iqtisadi durumun gərginləşdirilməsidir. Hazırkı durumda Azərbaycan Irana qarşı istənilən hərbi əməliyyatda Qərbin yanında yer almamalıdır. Amma Irandakı durumu biz diqqət mərkəzində saxlamalıyıq. Iranın siyasəti araşdırılmalıdır, müəyyən ssenarilər ortaya qoyulmalıdır. Bunların heç birini Azərbaycan hakimiyyəti etmir.

Iranın demokratikləşməsi Azərbaycanın xeyrinə olar

A.Qasımlı:
– Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatından tam aydın olmur ki, Iran nüvə silahı istəyir, yoxsa yox. Hazırkı hesabat Irana qarşı sanksiyaların tətbiqinə imkan versə də, baş verənlər bir qədər Iraq əməliyyatları zamanı yaşananları xatırladır. Düşünürəm ki, ona görə Qərbin Irana ciddi müdaxiləsi böyük səhv olardı. Sözün açığı, böyük müdaxilənin olacağını da gözləmirəm. Çünki Qərbin özündə iqtisadi vəziyyət bir o qədər yaxşı deyil. Əgər Irana müdaxilə olacaqsa, bu, yalnız BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamədən sonra reallaşacaq. Özü də bu hücum yalnız müəyyən obyektlərin vurulması ilə bitəcək.
Azərbaycanın dövləti maraqlarına gəlincə, Irana qarşı ciddi hərbi əməliyyatlar maraqlarımıza uyğun deyil. Azərbaycan bu məsələdə Qərbi dəstəkləməməlidir. Çünki Azərbaycana ən azı, 500 min qaçqın axın etsə, bizim vəziyyətimiz yaxşı olmayacaq. Iranla dövləti münasibətlər də daha da gərginləşəcək. Ümumiyyətlə, Iranın hazırkı hakimiyyətinin dəyişməsi və Tehranda Qərbyönümlü rejimin yaranması Azərbaycanın maraqlarına nə qədər uyğundur? Bu zaman “NABUCCO”, Azərbaycan qazı heç kimə lazım olmayacaq. Çünki Iranın təbii ehtiyatları daha çoxdur.

Z.Əlizadə:
– Azərbaycan Təhlükəsizlik Şurasında öz dövləti maraqlarına uyğun çıxış etməlidir. Qərbin xoşuna gələr, çox gözəl. Xoşuna gəlməz, bəyan olunmalıdır ki, bu bizim siyasətimizdir.

E.Şahinoğlu:
– Bir məqam da var. Iranın demokratikləşməsi Azərbaycanın xeyrinə olar. Əgər Iran demokratik olsa, orada soydaşlarımızın sözü keçəcək. Bu məqamda Iran-Azərbaycan münasibətləri köklü şəkildə dəyişə bilər. Yəni, bir seçici olaraq, azərbaycanlıların Iranın daxili və xarici siyasətinə təsiri güclənəcək. Bu isə o deməkdir ki, Iran-Ermənistan əlaqələrinin qopmasında soydaşlarımızın rolu ola bilər.
Digər diqqət çəkən bir məqam budur ki, Iranla bağlı məsələ BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıla bilər. Biz çox sevindik ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv qəbul olundu. Amma buna sevinməklə yanaşı, həm də düşünmək lazımdır ki, Azərbaycan sabah ciddi məsələlərin müzakirəsi zamanı hansı addımları atacaq.

Xəyal Şahinoğlu