İşıq verilməsə, Nardaranda üsyan olacaq

Qəsəbəyə işıq fasilələrlə verilir; insanlar evlərində palto ilə yatıb- durur; ötən ay 32 min manat ödənilsə də, sayğac pulu da tələb edilir

Bir neçə gündür ki, Nardaran qəsəbəsinə işıq verilmir. Qəsəbədə vəziyyət gərginləşib. Ötən gündən etibarən isə elektrik enerjisi fasilələrlə verilir. Gərginlik o həddə çatıb ki, narazı sakinlər gecəni kəndin baş meydanı sayılan Imam Hüseyn meydanında keçiriblər.
Hamıya məlumdur ki, sözügedən qəsəbə problemlərə çox həssas yanaşır. Buranın sakinləri problemlərini dilə gətirməkdən çəkinmir, hətta ayağa qalxmağı belə, bacarır. Əvvəl meydana toplaşır, sonra isə yolu bağlayıb etiraz edirlər…

Qəsəbədə işıqların söndürülməsində kimlər maraqlıdır?

Nardaran Kənd Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bizimlə söhbətində bildirdi ki, ötən ay aparılan danışıqlara və edilən şikayətlərə baxmayaraq, “Bakıelektrikşəbəkə” qəsəbəyə verilən elektrik enerjisini yenidən kəsib: “Noyabrın 10-dan kəndə fasilələrlə enerji verilir. Ötən gecə edilən çoxsaylı müraciətlərdən sonra işıqlar bu gün (dünən – red.) müvəqqəti olaraq yandırılıb. Iki gündür ətraf aləmlə əlaqəmiz kəsilib. Əhali soyuq evlərdə isti paltarda oturur. Neçə gündü isti yeməyə həsrətik”.
Məşədi Natiq ötən ay dövlətə 32 880 manat işıq pulu ödədiklərini də söyləyir: “Uzun söhbətdən sonra problemi yoluna qoya bildik. Razılığa əsasən qəsəbəyə verilən işıqlar söndürülməməli və sakinlər isə hər ay işıq idarəsinə müəyyən məbləğdə pul ödəməli idi. Indi qəsəbədə xoşagəlməz vəziyyət yaranıb. Camaatı zorla sakitləşdiririk. Hətta işə qadınlar da qoşulub. Bu günlərdə 40-a yaxın qadın pirə gedib Quran açmaq niyyətindədir. Kənd sakinləri işıq idarəsinə 15 dəqiqə vaxt verdilər. Tələb bu idi ki, işıqlar yandırılmasa, yolları kəsib aksiyalara başlayaq. Hələlik işıqlar yanır. Əgər söndürsələr, Nardaranda indiyədək görünməmiş hadisələr baş verəcək. Insanların hissi ilə oynamaq olmaz”. 
Məşədi Natiq deyir ki, işıq idarəsi dövlətin quraşdırdığı sayğacların pulunu istəyir: “Hər ailədən 115 manat pul tələb edirlər. Bu azmış kimi, köhnə borcları da tələb edirlər. Halbuki köhnə borclar silinib. Insanları bilərəkdən üsyana sövq edirlər. Nardaranda işıqların söndürülməsində maraqlı qüvvələr var. Bizi hökumətlə üz-üzə qoymaq istəyirlər”.
Məşədi Natiqin sözlərinə görə, sayğaclar mənzillərə iki il öncə quraşdırılıb: “Ancaq hökumət sayğac pullarını indi tələb etməyə başlayıb. Kənddə işsizlik problemi həll edilməmiş qalır. Son beş ildə qəsəbədə bir dənə də olsun iş yeri açılmayıb. Əhali əkin-biçinlə məşğuldur. Işıq olmadığından bu sahədə də ciddi problemlər yaranıb. Qonşu qəsəbələrin də işıq idarələrinə borcları var, ancaq onlara heç bir maneə yaradılmır”.

“Normal işıq verilsin, insanlar da etiraz etməsinlər”

Kənd sakinlərinin dediyinə görə, ödənilən pulun hamısı işıq idarəsinə gedib çatmır: “Ancaq poçta ödədiyimiz pulun qəbzini alırıq. Nardaranda hər bir ailə ən azı ayda 20-30 manat pul ödəyir. Elə ailə var ki, onun ünvanına 5 min manat borc yazılıb. Anlamaq olmur, camaat evində zavod işlədir, bu qədər pul yazıb? Işıq idarəsindən heç cürə baş açmaq olmur”.
Insan hüquq və azadlıqlarını müdafiəsi təşkilatının sədri Rasim Əlizadə deyir ki, Nardaranda yaşanan sosial problemlər 1993-cü ildən üzü bəri həll edilmir: “Bakı kəndləri ilə müqayisədə nardaranlılar problemlərə göz yummurlar. Buna görə də hər zaman bu kənd diqqət mərkəzindədir. Nardaranlıların ən yaralı yeri işsizlikdir. Quraşdırılmış sayğaclar düz işləmir, camaatı aldadıb şişirdilmiş borclar yazırlar. Nardaranın ”Bağlar” deyilən hissəsində, demək olar, qaz, işıq problemi yoxdur. Çünki orada nardaranlı olmayan varlıların villaları yerləşir. Həmin imarətlərin yerləşdiyi əraziyə yeni asfalt yol və bütün kommunal xətlər çəkilib”.
Rasim Əlizadə qəsəbədə fəaliyyət göstərən və sakinlərin problemlərini həll etməyə çalışan Ağsaqqallar Şurasından da narazılığını dilə gətirdi: “Problem yaranan kimi Ağsaqqallar Şurası önə keçir. Bu yaxşı haldır. Ancaq problem həll olunsun da. Axı Ağsaqqallar Şurası heç bir iş görə bilmir. Bundan əvvəl kənd camaatının işıq problemi yarananda şuranın üzvləri polis bölməsinə gedirdi. Bölmədə bir az söhbət edib geri çəkilirlər. Sonra da şayiə yayırlar ki, camaat ayağa qalxır. Normal işıq verilsin, insanlar da etiraz etməsinlər. Ağsaqqallar Şurası bir növ post-patrul rolunu oynayır”.
R.Əlizadə deyir ki, bir nəfər işıq pulunu ödəyə bilmədiyinə görə bütünlüklə qəsəbənin zülmətə qərq olması düzgün deyil: “Dünyanın heç yerində belə sistem yoxdur. Hansısa kənd sakini pulu verə bilmirsə, kəndin bütün işıqlarını kəsmək lazım deyil. Azərbaycanda heç bir qəsəbə Nardaran qədər işıq pulu ödəmir. Ancaq zülmətə də qərq olan bizik”.

Kiçik sözardı

Nardaranlılar qəsəbənin işıq problemi həll edilməyəcəyi təqdirdə meydana toplaşıb yolu bağlayacaqlarını deyirlər. Onlar işlətdikləri kommunal xərcləri ödəməyə hazır olduqlarını, ancaq şişirdilmiş məbləği verməyəcəklərini bəyan edirlər.

Ramin DEKO