Oğurlanaraq zorlanan 17 yaşlı qız intihar edib

Ucarda qadın alveri və başqa cinayətlərlə məşğul olan mütəşəkkil dəstə faəliyyət göstərir

Bu il noyabrın 5-də 17 yaşlı Ucar rayon sakini Rüstəmova Zülfiyyə ona olan zorakılıqlara tab gətirməyərək intahara cəhd edib. Bu barədə “Gündəm xəbər” qəzetində dərc edilən yazıda qeyd olunur ki, həmin gün Z.Rüstəmova Ağdaş rayonunda xalasının evində mətbəxə keçərək qarın nahiyəsinə 3, ürəyindən isə 1 bıçaq zərbəsi vurub. Qohumları onu dərhal Ağdaş Mərkəzi Rayon xəstəxanasına yerləşdiriblər. Komadan ayılmayan xəstəni Bakıya aparsalar da, gənc qız noyabrın 8-də dünyasını dəyişib.

“O, Türkiyə və Dubaya çoxlu qız yola salıb”

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun verdiyi məlumata görə, Zülfiyyə Türkiyəyə satılmış qızların arasında olduğu müddətdə xilas olması üçün onlardan kömək istəyib: “Həmin vaxt Zülfiyyə demişdi ki, bizi əlində saxlayan şəxs Mürsəlova Səadət Həkim qızı və bir neçə polis əməkdaşıdır. O bu günə qədər Türkiyə və Dubaya çoxlu qız yola salıb. Dedi ki, hazırda biz 7 nəfərik – Ağdaşdan Səkinə, Cəmilə, Günel, Ismayıllıdan Gülşən, Şirvandan Nazpəri, Ucardan Nuranə, Nazilə, Mingəçevirdən Günay. 3 nəfər bu işə məcbur olunub. Zülfiyyə mənimlə telefon əlaqəsi saxlayaraq onu öldürəcəklərini qeyd etmişdi. Ona polis şöbəsinə gedib şikayət verməsi üçün təkliflər etsəm də, Zülfiyyə tərəddüd edirdi. Deyirdi ki, polislərə güvənmirəm. Nə vaxt bizi ora-bura aparırlarsa, yanımızda polislər olur. Həmçinin qeyd edirdi ki, əlimdə onlardan videoçəkilişləri var və çox sirlərini bilirəm deyə məni sağ buraxmayacaqlar. Zənglərində onu da deyirdi ki, siz bizim izimizə düşən kimi ev sahibələrinə zənglər gəlir və yerimizi dəyişirlər. Və ya Ağdaş polisi kimi yalançı axtarış edirlər. Biz saxlanılan otağa qəsdən baxmadan sizi də başlarından edirlər. O, Göyçayda Adil Mahmudov adlı şəxsin ona hər gün narkotik vurduğunu da dəfələrlə bildirmişdi”.

“Qızımı Türkiyəyə satmaq üçün 1500 manat təklif etdilər”

Zülfiyyənin anası Ülviyyə Rüstəmova isə bildirib ki, sentyabrın əvvələrində Ağdaşın Dəhnə kənd sakini Səkinə və Göyçay rayon sakini Mürsəlova Səadət qızını Türkiyəyə satmaq üçün ona 1500 manat təklif ediblər və o bunu rədd eddib: “Bundan sonra dəfələrlə təzyiqlər göstərdilər, məni və qızımı ölümlə hədələdilər. Ucar rayonunda qeyd olunan cinayət hadisələrini ifşa etdiyim üçün qızım Zülfiyyəni bu il sentyabrın 9-da qaçırmaqla oğurladılar. Zülfiyyə Ədilə adlı Ucar sakinin evində olub. Ədilə onu Ismayıllı rayonuna aparıb. Rayonda onları Səlim adlı Ismayıllı polis şöbəsinin əməkdaşı qarşılayıb. Yanlarında bir neçə nəfər də olub. Rayon bazarının yanında yerləşən Qafqaz restoranında yeyib-içdikdən sonra qızıma əxlaqsız təkliflər edib və zorlayıblar. Hətta damarına narkotik maddə də vurublar. Qızım razılaşmadığı üçün onu döyüb və bədənin müxtəlif nahiyyələrinə, o cümlədən boğaz hissəsinə bıçaqla xəsarətlər yetiriblər. Sonra qızım birtəhər qaçaraq canını qurtardı.
Həmin vaxt mən Bakıda olduğumdan hadisədən gec xəbər tutmuşdum. Qızın üstündə iz qoyduqları üçün narahat olan banda üzvləri sentyabrın 27-i məni Bakıda axtarıb taparaq döyüblər və deyiblər ki, söhbəti açsan, qızı üzə çıxarsan səni öldürəcəyik. Ucarda həmin mütəşəkkil cinayətkar dəstənin üzvü olan uşaq və qadın alverçisi Gülarəxanım Quliyevanın  qızı Kəmalə və 10-cu polis bölməsinin əməkdaşı Elxan adlı şəxs tərəfindən döyülərək təzyiqlərə və təhqirlərə məruz qalmışam. Kəmalə də insan alveri ilə məşğuldur”.

“Zülfiyyəni xəstəxanadan oğurladılar”

Oktyabrın 2-də Z.Rüstəmova aldığı xəsarətlərdən ağırlaşaraq Respublika Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Oktyabrın 5-də həmin xəstəxanadan yaxın qohumları ilə birlikdə Ağdaş rayonuna gətirilən Zülfiyyə qadın alveri ilə məşğul olan dəstə tərəfindən qaçırılıb. Daxili Işlər Nazirliyinə və Ağdaş Rayon Polis Şöbəsinə məlumat verilsə də, polislər nə Zülfiyyəni nə də ki, digər qızları tapmaq üçün maraq göstəriblər.
Hadisə ilə bağlı Ucar, Göyçay Ağdaş rayon polis şöbələrinə və prokurorluğuna məlumat verilsə də, nəticəsi olmayıb: “Ismayıllıda isə polis əməkdaşları Arzu Mahmudov və Səlim qadın alveri ilə məşğul olan dəstəyə yaxından köməklik göstəriblər. Dubayda qızları qəbul edən şəxs Ucar rayon Qarabörk kənd sakini Ibad adlı şəxsdir. 3 aydır Respublika Prokurorluğuna və Insan Alverinə Qarşı Mübarizə Idarəsinə məlumat verilsə də, nəticəsi olmayıb”.