Kremlin təzyiqləri nə ilə bağlıdır?

Ekspertlər hesab edir ki, Rusiya Azərbaycanın bölgədə baş verən proseslərdə tutacağı mövqedən ehtiyatlanır

Rusiyanın “Rosbalt” mətbuat mərkəzində “Azərbaycanda ictimai-siyasi həyatın durumu” mövzusunda dəyirmi masa Kremlin Azərbaycan hakimiyyətinə təzyiqi kimi başa düşülməlidir. Ekspertlər bir neçə gün əvvəl Azərbaycan əleyhinə keçirilən tədbiri belə qiymətləndirir.
Qeyd edək ki, həmin tədbirdə rəsmi Kremlə bağlı bir sıra təşkilatlar Azərbaycana yönəlik bəyanatlar səsləndiriblər.
Ekspertlərin qənaətincə, bölgədə geosiyası proseslərin məcrasını dəyişməsi, xüsusilə Suriya və Iranla bağlı beynəlxalq güclərin addımlarını sərtləşdirməsi və Türkiyənin bu proseslərdə rolunun artması Rusiyanın Azərbaycanı təzyiq altında saxlamaq siyasəti yürütməsinə rəvac verib: “Azərbaycanın bu proseslərdə birmənalı mövqe tutmaması ona qarşı hər tərəfdən təzyiqlərə səbəb olub. Xüsusilə Rusiya və Iranrəsmi Bakının bu proseslərdə tutacağı mövqedən ehtiyat edir. Ona görə də Azərbaycana qarşı təzyiq kampaniyasına start verilib. Rəsmi Bakı hələ ki, balanslı siyasət yürütməklə özünü qorumağa çalışır. Amma bu şəkildə davam edə bilməz. Azərbaycan bu məsələlərdə prinsipsiz hərəkət etməməlidir. Bakı baş verənlərdə beynəlxalq güclərlə birgə olmalıdır. Azərbaycan bununla həm də öz təhlükəsizliyini zəmanət altına ala bilər”.