Klinton İrana vaxt qoydu

ABŞ yetkilisi Tehranın ittihamlara ən qısa zamanda cavab verməli olduğunu bəyan etdi

ABŞ-ın dövlət katibi Hillari Klinton Iranın nüvə proqramıyla bağlı ittihamlara bir neçə gün ərzində cavab verməli olduğunu söyləyib. Asiya-Sakit okean Iqtisadi Əməkdaşlıq qrupunun zirvə toplantısında çıxış edən dövlət katibi ABŞ-ın Iran üzərində təzyiqləri artırmaq üçün atılacaq yeni addımları digər müttəfiqlərilə müzakirə edəcəyini bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çin Irana qarşı əlavə sanksiyaların tətbiqinə dəstək verməyəcəklərini açıqlayıblar. Bu azmış kimi, Irana qarşı hərbi və diplomatik həmlələrə dəstək verməyən Rusiya Qərb ölkələrini hiddətləndirəcək yeni addım atıb. Rusiya Atom Agentliyinin (Rosatom) rəhbəri Sergey Kiriyenko Iranda yeni nüvə reaktorunun inşası üçün təklifləri nəzərdən keçirdiklərini açıqlayıb.
Irana hərbi müdaxilə realdırmı?
Fransanın “Les Echos” qəzetində dərc olunmuş “Iranla müharibə olmasa necə olacaq?” başlıqlı məqalə yayımlayıb. “Anspress” saytının tərcümə etdiyi məqaləni qısa ixtisarla təqdim edirik.
Məqalədə bildirilir ki, Brukinq Institutunun Yaxın Şərqin öyrənilməsi üzrə mərkəzi 14 dekabr 2009-cu ildə virtual sınaq həyata keçirib. Brukinq Institutunun nəzərdən keçirdiyi ssenari (bütün nüvə obyektlərinin tamamilə məhv edilməsi, Iranın nüvə proqramının həyata keçirilməsi üçün lazım olan yeraltı obyektlər, bundan başqa, tankerlərin keçməsi üçün əsas qapı hesab edilən Hörmüz körfəzinin azad edilməsi üçün ABŞ-ın müdaxiləsi) heç bir təminat vermir. Əlbəttə ki, Israil hökuməti yaxşı təşkil edilmiş informasiya sızıntıları sayəsində hələ MAQATE-nin hesabatı açıqlanmamışdan əvvəl Irana qarşı havadan zərbələrin endirilməsi üçün mübahisələr yaradırdı. Lakin burada məsələ təkcə Iranla bitmir, elə Israilin də daxilində mübahisələr gedir, yəhudi əhalisi get-gedə məyusluğa düçar olur. Amma burada bir şey var ki, yəhudilər ölkənin milli təhlükəsizliyinə qarşı duran istənilən xarici hədələr qarşısında bir olmağı bacarırlar.
Məsələn, 1981-ci ildə Israilin Iranın nüvə obyektlərinə havadan endirdiyi zərbələr hazırda real görünmür. Həmin vaxt Israil Fransanın Bağdad yaxınlığında tikdiyi Osirak reaktoruna zərbə endirmişdi və Iranın nüvə proqramının inkişafının qarşısını ala bilmişdi. Amma indi həmin əməliyyatın uğurlu olmayacağı Iranın nüvə obyektlərinin təkcə bir-birindən uzaq və gizli məsafədə yerləşməsilə bağlı deyil, həm də 2011-ci ildəki geosiyasi kontekst də əvvəllki kimi deyil.
“Hizbullah” Israili vuracaq
Strateji Araşdırmalar Fondunun xüsusi müşaviri Fransua Eysbur bildirib ki, 4 il əvvəl Iranın obyektlərinə qarşı əməliyyat mümkün idi. Bu gün vəziyyət tamamilə başqa cürdür. Məsələn, ABŞ-ın 2007-ci ildə Iraqda 170 min əsgəri olub, hazırda isə onların sayı azalaraq 39 min nəfərdir. Lakin Fransua Eysbur qeyd edir ki, indi “Ərəb baharı” da ötüb keçib və Israilin Iranı vurması daha ciddi siyasi nəticələrə gətirib çıxaracaq, nəinki 3-4 il bundan əvvəl. Ərəb xalqları diktatorları hakimiyyətdən salıb, yeni çıxış yolu axtardıqlarında Islamın radikallaşması şansı daha da böyümüş olacaq. Bu isə bütün Islam dünyasını ənənəvi sionist düşmənə qarşı birləşdirəcək. Xüsusən də müharibə başlayacağı təqdirdə Iranın silahlandırdığı “Hizbullah” Israilə raket hücumlarına başlayacaq.
Qüvvəllər balansını bərpa etmək üçün bütün bu ölkələr öz növbəsində analoji kütləvi qırğın silahları əldə edə bilərlər. Bu isə nüvə silahının yayılmamasına dair imzalanmış müqavilənin tamamilə pozulmasına gətirib çıxaracaq. Hazırda 18 ölkə bu müqaviləyə imza atıb. Belə götürəndə, ancaq BMT-nin daimi üzvü olan ölkələr qanuni əsaslarla nüvə silahı əldə edə bilər. Israil də, Pakistan və Hindistan kimi nüvə silahının yayılmamasına dair müqaviləni imzalamayıb və deməli, Israil də nüvə nəhənglərinin sırasına daxildir.