Xəzər sahillərində inqilab dalğası

Rusiyanın Iran və Azərbaycan üçün «titrəməsinin» pərdəarxası məqamları…

Rusiya MAQATE-nin Iranla bağlı hesabatını siyasi sənəd adlandırdı. Ardınca da bu ölkənin xarici işlər naziri Sergey Lavrov bildirdi ki, sözügedən sənəd kəşfiyyat məlumatları əsasında hazırlanıb, amma həqiqəti əks etdirmir.
Bu qədər ziddiyyətli mövqenin ortaya çıxmasına gərək ki, Kreml daxilindəki tərəddüdlər səbəb olub. Eyni zamanda,  Rusiya özü də təsdiqləmiş oldu ki, Iranın nüvə fəaliyyətilə bağlı birbaşa məlumatlar əldə etmək mümkün deyil, çünki proses şəffaf deyil və dünya ictimaiyyətindən gizlədilir. Putinin təşəbbüsü altında avtoritarizmə və totalitarizmə yenidən dəstəyin cücərtiləri görünsə də, Moskvanı həmişəkindən soyuq bir qışın gözlədiyi və bütün cücərtilərin  şaxtada donacağı şübhəsizdir. Çünki Rusiya öz daxili seçimi ilə Qərb dünyasını qarşısına alıb və bu, milyardlarla iqtisadi geriləmə ilə yanaşı, həm də onsuz da nəzarətdə olmayan təhlükəsizlik problemlərinin artacağını göstərir. Bizim üçün daha çox maraqlı olan isə bu proseslərin inkişafından regionumuzun necə təsirlənəcəyi və hansı qlobal tendensiya ilə irəliləyəcəyidir.

“Qiyamət günü”nə müqavimət

Əslində, Iranın, eyni zamanda Rusiyanın hazırkı durumu onların öz daxili və xarici siyasətlərinin nəticəsidir. Hər iki dövlət öz xalqlarına azadlıq vermədikləri kimi, regiondakı dövlətlərin müstəqilliyini təhdid edən addımlar atmaqdan da çəkinmirlər. Bunun nəticəsində də həm daxili narazılıq, həm də xarici aləmlə nataraz münasibətlər bu ölkələrin sistemlərini sarsıtmağa başladı. Onlar bütün fəaliyyətlərilə öz sonlarını yaxınlaşdırmağa çalışdılar. Nəhayət, öz sonlarının necə olacağı üfüqdə görünəndən sonra ona qarşı müqavimət göstərməyə başlayırlar. Bu isə heç bir halda geri dönmək imkanı olmayan proseslərin qarşısında əzilməkdən başqa heç nə vəd etmir.
Kremlin sərt və birmənalı görüntüsü onun “aqoniya”da olmasından xəbər verir. Çünki gələcək münasibətlərə ümid edən bir dövlət və ya hakimiyyət bir çox istiqamətlərdə işləməyə məcbur olduğu qüvvə ilə heç bir halda bu cür danışmazdı. Rusiyanın Iran üçün NATO-ya qarşı bu tərzi həm də o deməkdir ki, Rusiya siyasi inqilabın Xəzər sularına yoluxmasından dəhşətli qorxu keçirir və bu, Kreml ulduzlarını titrətməyə başlayıb. Yəni, hazırkı vəziyyət Rusiya üçün həyati dönəmdir. Amma Moskvanın “qış hazırlığı”nın nə qədər davam gətirəcəyi sual altındadır. Hər halda, uzun bir müqavimət şübhə doğurur.

Separatizm – köhnəlmiş yeni silah

Moskva təkcə Iranla bağlı narahat deyil. Eyni zamanda, Azərbaycanla bağlı da gərginlik keçirir. Ölkəmizin daxilində yenidən separatizm cəhdləri etməyə başlayır. Bugünlərdə  Rusiyada yaradılmış “Talış icması”nın nümayəndələrini  televiziyaya çıxarıb Azərbaycan əleyhinə danışdırmaqla Kreml demək istəyir ki, yenidən köhnə silahından istifadə edə bilər. Bütün həssas məqamlarda özünün bədxah və imperialist siyasətindən qurtula bilməyən Rusiya rəhbərliyi anlaya bilmir ki, Rusiyanın bu qədər zəngin potensialı olmasına baxmayaraq, bu ölkəni geridə qoyan onların beyinlərinin arxaik olmasıdır. Üstəlik, Azərbaycanda separatizmə qol qoyacaq vətəndaş da yoxdur.
Bütün hallarda, bu cəhd Rusiyanın Azərbaycanda zorakılıq müstəvisi yaratmaq planlarından xəbər verir. Bu məsələdə etnik kimliyindən asılı olmayaq, bütün vətəndaşlarımızın həssaslığı başlıca rol oynamalıdır. Başqa qüvvələrin provokasiyasına getmədən, öz haqq və hüquqlarımızı qanunlarımız çərçivəsində əldə etməyə çalışmalıyıq. Hakimiyyət isə nəhayət, vəziyyətin gərginliyini və siyasi məsuliyyətini dərk etməli, öz siyasətində xalqa yönəlik addımlar atmaqla vətəndaşların gözünü kənardan çəkməyə çalışmalıdır. Bunun üçün isə başlıca meyar rifah və azadlığın təmin olunmasıdır.

Qafqaz Araşdırmalar Dərnəyi