Dönə-dönə yazmışıq, dönə-dönə yazmalı oluruq: 1993-dən Azərbaycanda YAP hakimiyyəti adı altında yalnızca antidemokratik rejim qurulmayıb. Belə olsaydı, nə vardı! Belə olsaydı, biz bir Ölkə, Millət, Dövlət olaraq bunca çoxsaylı, çıxılmaz problemlərlə üzləşməz, bir belə problem içində itib-batmazdıq. 1993-dən Azərbaycanda əliyevçi ANTIMILLI rejim qurulub – bizim bugünkü başlıca problemimiz, problemlər problemi budur. Buna görə 93-dən Azərbaycanda sonu görünməyən milli qırğın gedir; buna görə bircə 2011-ci ilin 9 ayı içində Azərbaycanda 311 adam özünü öldürüb (onların çoxu gənclərdir); buna görə Azərbaycan ordusunda – I.Əliyevin tez-tez öyünərək dediyi kimi, büdcəsi “Ermənistanın” dövlət büdcəsindən qat-qat böyük olan ordumuzda – nələr baş verdiyi hamıya bəllidir.
“Büdcəsi ”Ermənistanın” dövlət büdcəsindən qat-qat böyük olan” Azərbaycan ordusunda ucuzdan-ucuz, pisdən-pis yeməklər üzündən, baxımsızlıq üzündən, qanunsuzluq üzündən, zabitlərin zorakı davranışları üzündən neqativ faktlar baş alıb gedir. Hamı susur. General-akademiklər, general-alimlər, general-müəllimlər, general-həkimlər, general-yazarlar, general-din adamları, ən başlıcası, general-GENERALLAR susur! Xalqın haqqı-hüquqları tapdanır, susurlar. Əsgərin haqqı-hüquqları tapdanır, susurlar. Məhəmməd peyğəmbər deyirdi: “Haqsızlıq önündə susan dilsiz şeytandır”. Haqsızlıq önündə illərlə susan çeşidli-çeşidli, ayrı-ayrı kateqoriyalardan olan generallar, peyğəmbərinizin dediyinə baxıb özünüzü necə dəyərləndirə bilərsiz?
Bir general bu günlərdə danışdı. General-mayor Lənkəran Əliyev. Onun danışmağı, sözsüz, önəmlidir, ancaq… o, orduda baş verənlərə özünün general statusundan, general baxışlarından çıxış edərək danışmadı. Yaxın illərədək korpus komandiri olmuş L.Əliyev orduda baş verən çoxsaylı neqativ görsənişlərlə bağlı illərlə susandan sonra danışdı. O da başında durduğu, generallarından biri olduğu orduda baş verən neqativ görsənişlərə görə yox, qardaşı oğlu orduda şəhid olduğuna görə. Bu, istənilən general üçün acınacaqlı, eləcə də bağışlanmaz görsənişdir: yüzlərlə Azərbaycan oğlu ARXA cəbhədə öldürülür, ÖN cəbhədə şəhid edilir, general partizancasına susur. Ancaq, qardaşı oğlu şəhid ediləndə… od püskürür!
Generalın dediyinə görə, “atası, babası, əmisi kimi olmaq istəyən, 8 il hərbi təhsil alan” Emin Əliyev üç ay qabaq cəbhə xəttində yerləşən hissəyə təyinat… alıbmış. Evin tək oğlu olaraq onu qanunsuz olaraq ön cəbhəyə, özü də gərəkən prosedurları keçmədən göndəriblər. Gənc zabit erməni snayperin gülləsindən şəhid olub. Bu itki bizim hamımızın itkimizdi: oğlumuz, qardaşımız oğlu kimi! Biz belə düşünürük. Bizdən qabaq bizim ordunun generalları belə düşünməli, ordudakı hər bir əsgərə, zabitə özlərinin oğulları, qardaş oğulları kimi baxmalıdırlar. Onlar çağında belə düşünmədiklərinə görə, belə baxmadıqlarına görə özləri də sonucda xalqın üzləşdikləri ilə üzləşməli olurlar. Bir neçə il qabaq tək oğlu cəbhə bölgəsində öldürülmüş bir ata demişdi: “Elə bil bilərəkdən tək oğulları aparıb orduda öldürüb nəslimizi kəsirlər”. O atanın beş-altı il qabaq dediyini indi general L.Əliyev deyir: “Ortadakı qanunla bağlı müdafiə naziri S.Əbiyevə yazdım. Baxılmadı. Emin tək oğul idi, bizim nəslimizin davamçısı idi. Ancaq bununla, demək olar, bizim nəslimizin davamçısı qalmayıb”. Ortaya nazirin qanuna sayğısızlığı faktı çıxır…
General L.Əliyev qardaşı oğlu ilə bağlı baş verənləri çəkingənliklə “məsuliyyətsizlik” adlandırır. Ancaq bu gün ordu sistemində (nazirlikdən hərbi prokurorluğa, hərbi hospitaladək) baş verənləri – çoxsaylı qanun pozuntularını eləcə “məsuliyyətsizlik” adlandırmaq gerçəklikdən çox-çox uzaq dəyərləndirmə deməkdir. Təkcə elə Eldar Novruzov faktını yada salaq…