Sitrus meyvələri qış aylarının ən sevilən meyvələrindəndir. Lakin müasir dünyada vitaminlərlə zəngin olan meyvə-tərəvəzin başına elə bir oyun açılır ki, onların insan orqanizminə faydasından çox ziyanı dəyir.
Mütəxəssislər bildirir ki, xüsusilə naringi və portağalın parlaq görünməsi və saxlama müddətinin uzadılması, bir sözlə, “al məni” reklamının nümayişi məqsədilə onlara qaz vurularaq saraldırlar. Bunu üzə çıxaran isə Türkiyənin Səyyar Sahibkarlar Federasiyasının (TÜSPAF) əməkdaşlarıdır. Federasiyanın rəhbəri Mehmet Çakmanın sözlərinə görə, ağacdan yaşıl rəngdə toplanan sitrus meyvələri satışa çıxarılana qədər bəzi kimyəvi əməliyyatlardan keçirilir.
“Sitrus meyvələri, xüsusilə naringi və portağal toplandıqdan sonra bağlı şəraitdə etilen qazı ilə saraldılır. Bu proses məhsulun dayanıqlı olması və parlaq görünməsi üçündür. Adətən, əhali sarı rəngli meyvələrə üstünlük verir, amma yaxşı olar ki, alıcılar aldanmasın, yaşıl rəngli naringi və portağalları seçsinlər. Yaşıl rəngli sitrus meyvələri daha təbii və faydalıdır”, – deyə Çakman öz məsləhətlərini verib.
Mütəxəssis onu da bildirib ki, hazırkı naringi və portağalların üzərində lazım olandan daha çox dərman qalığına rast gəlinir. Çakman üzümün tərkibində də dərman qalıqlarının tapıldığını, xüsusilə də tumsuz üzüm üçün hormonal dərmanlardan istifadə edildiyini qeyd edib.